PDF Oxu

Sosial

  • 14

“Freedom House"un hesabatı qərəzli və ədalətsizdir

“Freedom House"un hesabatı qərəzli və ədalətsizdir

Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarının rəhbərləri və QHT-lər "Freedom House"un hesabatını qərəzli və ədalətsiz sayır "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli
    
"Freedom House"un fəaliyyəti, onun hesabatları bu təşkilatın müəyyən siyasi maraqlara xidmət etdiyini və ayrı-ayrı ölkələrlə, o cümlədən Azərbaycanla bağlı konkret olaraq sifariş yerinə yetirdiyini göstərir. ABŞ Beynəlxalq İnkişaf Agentliyi, mənşəyi bilinməyən müxtəlif fondlar tərəfindən maliyyələşdirilən bu təşkilatın bir sıra ölkələrdə, məsələn Latın Amerikası dövlətlərində çıxardığı oyunlar sayəsində qazandığı çirkin reputasiya "Freedom House"un nəyə xidmət etdiyini açıq göstərir. Buna görə də onu beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmaq yanlışdır və insan haqlarına hörmətsizlikdir", - Məmmədli Trend-ə açıqlamasında deyib.
Məmmədli bir məsələni xüsusi qeyd etmək istəyib ki, 2001-ci ildə Əfqanıstandan başlayaraq bu günə kimi İraqda, Şimali Afrikada, ərəb ölkələrində baş verən hadisələrin, insanların və bütöv xalqların faciələri nəzərə alınmadan CNN, BBC, Evronews, əl-Cəzirə kimi telekanalların efirinə ütülənmiş, sərt senzuradan keçmiş materiallar verdiyi halda, "Freedom House"un media azadlığı ilə bağlı Azərbaycanda nə axtardığı anlaşılmazdır. "Təsəvvür edin ki, bu təşkilat ona verilən sifarişləri icra etmək üçün o qədər uzağa gedir ki, hətta konkret faktları, nüfuzlu beynəlxalq təşkilatların məlumatlarını təhrif etməkdən belə çəkinmir. Bu yaxınlarda mətbuatın araşdırması nəticəsində bəlli oldu ki, dünya ölkələrində internet azadlığı ilə bağlı hesabatın Azərbaycana aid hissəsində "Freedom House" Beynəlxalq Telekommunikasiya Təşkilatının statistikasını təhrif edib", - baş  redaktor vurğulayıb.
    
"Yeni Azərbaycan" qəzetinin bağ redaktoru Hikmət Babaoğlu

"Mən "Freedom House" təşkilatının bir neçə hesabatı ilə yaxından tanış olmuşam və deyə bilərəm ki, bu hesabatlar subyektiv mülahizələrdən ibarətdir və Azərbaycandakı siyasi yönümlü QHT-lərin qərəzli və heç bir əsası olmayan məlumatlarına əsaslanır. Hətta belə hallar olub ki, təşkilat müxalifət mətbuatının dedi-qodusunu olduğu kimi hesabatına daxil edib və buradan da müvafiq nəticə çıxarıb.
Maraqlı məsələlərdən biri də Devid Kramerin "Freedom House"un rəhbəri vəzifəsinə təyin edilməsidir. Məlum olduğu kimi, ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Devid Kramer Azərbaycanla bağlı yalnız neqativ fikirlər səsləndirib", - Babaoğlu Trend-ə deyib.
Babaoğlunun fikrincə, təbii ki, bu şəxsin rəhbərlik etdiyi təşkilatın Azərbaycana dair obyektiv mövqe nümayiş etdirəcəyini düşünmək sadəlövhlük olardı. "Azərbaycanda media sahəsində qanunvericilik Avropa standartlarına uyğunlaşdırılıb, ölkədə 4500 KİV uçota götürülüb və ya qeydiyyatdan keçib, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, televiziya, radio, jurnalist təşkilatı fəaliyyət göstərir. KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, hər il jurnalistlər mükafatlandırılır, redaksiyalara maliyyə yardımları ayrılır, KİV əməkdaşları üçün bina tikilir. Mətbuat ən sərt şəkildə tənqid edir, təhqirlərin sayı-hesabı yoxdur. Necə ola bilər ki, belə bir ölkə media azadlığına görə 196 ölkə arasında 171-ci olur, gündə onlarla insanın, o cümlədən də jurnalistlərin öldürüldüyü, insan haqları, media azadlığı haqqında təsəvvürün belə olmadığı İraq 150-ci, Əfqanıstan isə 163-cü sırada qərarlaşırlar?! Hansı əsasla Ermənistan siyahıda 146-cı yeri tutub? "Freedom House"u media azadlığı belə maraqlandırırsa, qoy İraqda ABŞ əsgərlərinin "Röyters" agentliyinin əməkdaşlarını, dinc sakinləri, qadın və uşaqları necə güllələdiyi və bu günə kimi də cəzasız qaldıqları ilə bağlı məsələni araşdırsın", - baş redaktor deyib.
    
"Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov

"Freedom House" kimi qərəzli bir təşkilatın açıqlamalarına əhəmiyyət vermək lazım deyil. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.
Onun sözlərinə görə, "Freedom House" təşkilatı ermənilərin nəzarətində olan qurumlardan biridir və onların maliyyə dəstəyi ilə işləyir. Buna görə də bir qayda olaraq Azərbaycanda mətbuatla bağlı qeyri-obyektiv, qərəzli və birtərəfli məlumatlar verir.
"Azərbaycanda Mətbuat Şurası fəaliyyət göstərir. Bu qurumun dövlətə heç bir aidiyyəti yoxdur, jurnalistlərin özlərinin yaratdıqları bir qurumdur. Burada iqtidar, müxalifət və müstəqil mətbuatı təmsil edən təcrübəli insanlar var. Biz indiyə qədər görməmişik ki, "Freedom House" təşkilatının bir nümayəndəsi hesabat yaymazdan əvvəl Mətbuat Şurasına gəlib öz iradlarını desin, MŞ üzvlərinin mövqeyini dinləsin və mətbuatın vəziyyəti ilə konkret faktlar əsasında tanış olsun. Əgər söhbət obyektivlikdən gedirsə, o zaman tənqid olunan və müstəqil tərəflərin də mövqeləri öyrənilməlidir", - Sadıqov əlavə edib.
Sadıqov onu da bildirib ki, "Freedom House" kimi təşkilatlar hesabatlarını Azərbaycanda adını müstəqil qoyan və əslində Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərən hüquq müdafiəçiləri və QHT-lərin arayışları əsasında hazırlayırlar.
"Həmin hüquq müdafiəçiləri və QHT-lər "Freedom House" kimi qurumlardan qrant almaq üçün reallığı deyil, həmin qurumlara xoş gələn, onların maraqlarını təmin edən arayışlar hazırlayırlar. Əslində bir dəfə bir arayış hazırlanıb və hər dəfə növbəti hesabatın vaxtı çatanda rəfdən həmin arayış götürülür və bunun əsasında hesabat hazırlanır", - o qeyd edib. Sadıqov bildirib ki, "Freedom House" təşkilatı artıq neçə ildir ki, Azərbaycada mətbuatın vəziyyəti ilə bağlı bu cür hesabatlar hazırlayır və keçən müddət ərzində mətbuatın inkişafı sahəsində kifayət qədər uğur əldə olunsa da, hesabatlar olduğu kimi təkrar olunur.
    
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, deputat Çingiz Qənizadə
"Freedom House"la əməkdaşlıq edən təşkilatlardan biri kimi hesab edirəm ki, bəzi xarici təşkilatlar hesabatlarında açıqladığı məqamları, faktları kifayət qədər araşdırmadan, ümumiləşdirmə aparmadan bildirirlər və belə olan halda qeyri-obyektivlik olur. Bunu çərşənbə axşamı Trend-ə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, deputat Çingiz Qənizadə deyib.
"Azərbaycanda mətbuat azadlığı ilə bağlı "Freedom House"un açıqlaması və Azərbaycanın mətbuat azadlığına görə son yerlərdən birində olduğunu deməsi ədalətsizlikdir. Çünki Azərbaycanda kifayət qədər mətbuat azadlığı var. Mətbuat çəkinmədən, müəyyən hədləri aşaraq istənilən şəxslər haqqında həqiqətə uyğun olan və ya olmayan müəyyən məqamları səhifələrində çap etdirsə də, onlara qarşı heç bir tədbir görülmür", - Qənizadə bildirib. Onun sözlərinə görə, buna baxmayaraq, hər hansı məhkəmə çəkişməsi olmur, mətbuat orqanı hər hansı qaydada cəzalandırılmır.
"Başqa xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da elə adamlar var ki, mətbuata qarşı dözümsüzlük nümayiş etdirirlər. Bu, hakimiyyətin mövqeyi kimi yox, ayrı-ayrı şəxslərin mövqeyi kimi qiymətləndirilməlidir. Bu hallar Avropa ölkələrində də olur, jurnalistlərə qarşı müəyyən hərəkətlər, qəsdlər də olur. Buna görə dövlətin jurnalistikaya, mətbuata olan münasibətini dəyərləndirmək düzgün olmazdı. Hesab edirəm ki, Azərbaycan mətbuatı kifayət qədər geniş imkanlara malikdir, istədiyi məsələləri qəzeti üçün, cəmiyyət üçün maraqlı olan, bəzən öz qəzetlərinin reklamı xatirinə hay-küylü məsələri daha da şişirdərək müəyyən başlıqları qoymaqla istədikləri varianda çap etdirirlər. Söhbət 1-2 jurnalistin həbsindən gedirsə, istər jurnalist, istər rəsmi şəxs olsun, heç kim etik normalardan kənara çıxmamalı, kiminsə şəxsi həyatına müdaxilə etməməlidir", - Qənizadə əlavə edib.
    
"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas
    
"Freedom House" təşkilatının mətbuat azadlığı ilə reytinq cədvəlini ədalətli hesab etmirəm. SİA-ya açıqlamasında bu sözləri "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas sözügedən təşkilatın 196 ölkədə mətbuat azadlığını əks etdirən reytinq cədvəlinə münasibət bildirərkən deyib. Qeyd edək ki, həmin siyahıda Azərbaycan 171-ci yerdə qərarlaşıb. Həmin siyahıda Əfqanıstan, İraq kimi ölkələrin Azərbaycandan irəlidə olduğunu xatırladan baş redaktor bildirib ki, "Freedom House" təşkilatı qərəzli davranıb. Azərbaycan mətbuatının Avropa mətbuatının bir hissəsi olduğunu deyən T.Abbas bildirib ki, ölkədə fikir və söz azadlığının təmin olunduğu mətbuat var: "Hesab edirəm ki, bu təşkilat   Azərbaycana qarşı qərəzli mövqedədir. Azərbaycanı siyahının 172-ci yerində yerləşdirmək üçün yalnız qərəzli davranmaq lazımdır". "Paralel" qəzetinin baş redaktoru onu da qeyd edib ki, təşkilat Azərbaycana qarşı ilk dəfə deyil ki, qeyri-obyektivlik nümayiş etdirir: "Sözügedən təşkilatın bu cür adımlarına artıq alışmışıq. Təəssüf edirəm ki, təşkilat ardıcıl olaraq Azərbaycanla bağlı belə mövqe sərgiləyir. Əminəm ki, "Freedom house" yol verdiyi qüsurları gələcəkdə aradan qaldıracaq. Qüsurlar olsa da deyə bilərik ki, Azərbaycan mediası irəliləyir. İyirmi illik müstəqillik tarixi olan ölkələri yüz əlli illik tarixi olan ölkələrlə müqayisə etmək də yanlışdır. Hesab edirəm ki, Azərbaycan mətbuatı demokratik dünyanın tərkib hissəsidir. Təşkilatın mətbuat azadlığı ilə bağlı reytinq siyahısında mətbuat reallığından daha çox siyasi mövqelər, siyasi iradə var".

Digər xəbərlər