PDF Oxu

Sosial

  • 11

"Jurnalistlərin Peşə-Davranış Qaydaları" formal xarakter daşımamalıdır

"Jurnalistlərin Peşə-Davranış Qaydaları" formal xarakter daşımamalıdır

Bu gün Azərbaycan mətbuatı özünün inkişaf mərhələsini yaşayır. Qəzet redaksiyalarının maddi-texniki avadanlıqlarla təchiz olunması, jurnalistlərin dövlətin ali mükafatları ilə mükafatlanmaları bu sahə də çalışanlarda böyük ruh yüksəkliyi yaradıb. Amma, təəssüflə, etiraf olunmalıdır ki, bəzi jurnalistlər yaradılan yüksək şəraitdən və imkanlardan istifadə edirlər. Bunu həmin jurnalistlərin daha çox şər, böhtan xarakterli yazılara üstünlük vermələrində və radikal müxalifətin keçirməyə cəhd göstədiyi icazəsiz mitinqlərdə aksiya iştirakçıları kimi iştirak etmələrində görmək olar. Elə bəzi qəzet baş redaktorları ilə söhbətimiz də bu və digər məsələlərlə bağlı oldu.

Natiq Məmmədli,
"Kaspi" qəzetinin baş redaktoru:
- Dövlət tərəfindən mətbuatın inkişafına real addımlar atılır, maddi köməklik göstərilir. Bundan əlavə olaraq, dövlət ölkə mətbuatında azad söz və fikrin sərbəst ifadə edilməsi üçün tam şərait yaradıb. Təbii ki, bu əlverişli şəraitdən bütün qəzetlər kimi, biz də istifadə edirik. Bu qayğıdan da tam şəkildə razıyıq. Jurnalistlərin birinci qurultayında peşə-davranış qaydaları qəbul edilmişdir. Sonra Mətbuat Şurasının sonuncu qurultayında peşə- davranış qaydaları bir daha təkmilləşdirildi. Keçirilən qurultayda həm qəzet redaksiyaları, həm də seçilmiş jurnalistlər iştirak edərək, bununla razılaşdılar. Ancaq çox təəssüflər olsun ki, bu məsələ ilə bağlı, rəsmi şəkildə razılıq verilsə də, burada bir çox redaksiyalar və jurnalistlər buna ciddi yanaşmırlar. Elə qəzetlər var ki, onların gündəlik iş fəaliyyətində hər saylarında peşə-davranış qaydaları pozulur və jurnalist özü bitərəf kimi çıxış edir. Biz bunu, müxalifətin keçirdiyi bir sıra qeyri-qanuni aksiyalarda bəzi jurnalistlərin özünü aksiya iştirakçısı kimi aparması və sonradan həmin aksiya ilə bağlı yalnız öz subyektiv fikirlərinə əsaslanan yazılar yazmalarını, təhqirlərə yol vermələrini bir daha əyani şəkildə gördük. Burada jurnalistlərin peşə-davranış qaydaları, formal xarakter daşımamalıdır. Hər bir jurnalist gündəlik iş fəaliyyəti zamanı bu peşə-davranış qaydalarına riayət etməlidir. Ümumiyyətlə, özünə hörmət edən qəzet və nəşr bu qaydalara əməl etməlidir.

Cəmaləddin Quliyev,
"Paritet" qəzetinin baş redaktoru:
- Dövlət hər zaman Azərbaycan mətbuatına öz diqqət və qayğısını göstərib. Bu qayğının təzahürləri bütün sahələrdə özünü müsbət mənada göstərib. Birmənalı şəkildə demək olar ki, ölkə mətbuatının daha yüksək səviyyədə inkişaf etməsi üçün dövlətmiz tərəfindən hər cür addım atılıb və atılmaqda davam edir. Xüsusilə də, son vaxtlarda mətbuat sahəsində dövlətin çox ciddi dəstəyi var.
Ölkədə fəaliyyət göstərən hər bir jurnalist peşə-davranış qaydalarına riayət etməlidir. Çünki birinci növbədə, bu, onların jurnalist borcudur. Jurnalistin hansısa siyasi proseslərdə iştirak edərək, orada jurnalistikaya aid olmayan şüarlar səsləndirməsi düzgün hal deyil. Bildiyiniz kimi, dünyanın bütün ölkələrində qanunsuz və yaxud icazəli aksiyalar keçirən zaman, jurnalistlər üçün müəyyən olunmuş yerlərdə həmin aksiyaları müşahidə edirlər. Azərbaycanda isə radikal müxalifətin təsiri altında olan qəzet əməkdaşları mitinqlərdə iştirak edir və yazdıqları məqalələrdə hökumət əleyhinə şər və böhtan xarakterli ifadələrə üstünlük verirlər. Təbii ki, həmin jurnalistlərin bu cür hərəkətləri onların jurnalist fəaliyyətinə xələl gətirir və kölgə salır. Ümid edirəm ki, özünə hörmət edən jurnalistlər peşə-davranış qaydalarına əməl edəcəkdir.

Digər xəbərlər