PDF Oxu

Sosial

  • 17

Sosial proqramlar əhalinin həyat səviyyəsini yüksəldir

Sosial proqramlar əhalinin həyat səviyyəsini yüksəldir

Ölkənin bütün regionlarında gedən sosial-iqtisadi inkişafı Şəmkir rayonunun da timsalında görmək mümkündür. Belə ki, 2010-cu il Şəmkir rayonu üçün uğurlu olub, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilibdir.
Şəmkir : dinamik inkişafın uğurları

Ərazisi 1600 kvadratkilometr, əhalisi 193200 nəfər olan Şəmkir rayonunun tərkibində 1 şəhər, 4 qəsəbə, 61 kənd var. Şəmkir rayonu ilə Bakı şəhəri arasında olan məsafə 399 km-dir. Şəmkir rayonu əsasən üzümçülük rayonudur. Kənd təsərrüfatı sahələrindən heyvandarlıq, quşçuluq, taxılçılıq, kartofçuluq, meyvəçilik, tərəvəzçilik də inkişaf etmişdir. Burada kənd təsərrüfatı maşınqayırması, üzüm emalı müəssisələri, SES, qum-çınqıl istehsalı ilə məşğul olan və başqa müəssisələr vardır. Şəmkir SES Zaqafqaziyada ən böyük SES-dir. Gücü 380 min kvt-dır. İkinci Yenikənd SES-dir. Gücü 150 min kvt-dır.

Şəmkirdə turizmin inkişafı
2011-ci ilin "Turizm ili" elan olunması Şəmkir rayonunda bu sahənin inkişafına müsbət təsiri olub. Belə ki, rayonda Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçən otelin, tarixi abidələrə gedən yolların və marşurutların yaxşı vəziyyətdə olması turist axınına müsbət təsir edir. Rayon icra hakimiyyətindən verilən məlumatına görə, turizm ili ilə əlaqədar bölgəyə gələcək turistlərin istirahətini təmin etmək üçün 5 marşurut təyin edilib. Rayon ərazisində 52 tarixi mədəniyyət abidəsi, aparılan arxeoloji qazıntılar və turist marşurutları haqqında məlumat bukletləri də hazırlanıb. Şəmkir rayon Mədəniyyət və Turizm Şöbəsinin 2011-ci il üçün hazırladığı turist marşrutları sahəsində də böyük işlər görülüb. Belə ki, maraqlı tapıntılarla zəngin arxeoloji qazıntılar aparılan Qaracəmirli kəndi istiqamətində marşrutdur. Marşrutun ikincisi qədim Şəmkir şəhərinin ərazisində Şəmkir qalası və qalaətrafı xarabalığın ziyarət olunması, üçüncü marşrut Zəyəm mikropolu ilə tanışlıq, dördüncü marşrut Alban piri və Çənlibel istiqamətində olan səfərlərdir. Beşinci turist marşrutu isə Seyfəli ərazisində Qız qalası və digər tarixi abidələrin ziyarət olunmasına imkan verir.

Təhsil və səhiyyədə
görülən işlər
Son illər Şəmkir rayonunda təhsil sisteminin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində uğurlu nəticələr əldə olunubdur. 2009-2010-cu tədris ilində rayonda fəaliyyət göstərən 81 ümumtəhsil məktəbində 31945 nəfər şagird təhsil alıbdır. Ötən il orta məktəbi bitirən 2531 nəfər məzundan 2417 nəfəri (şagirdlərin 87 faizi) orta təhsil haqqında attestat alıb, ali məktəblərə sənəd verən 1046 nəfərdən 401 nəfəri tələbə adını qazanıbdır. Əvvəlki illərdən fərqli olaraq 12 nəfər abituriyentin 600-dən çox, 40 nəfərin isə 500-dən çox bal toplaması təqdirəlayiq hal hesab edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2010-cu il tarixli Sərəncamı ilə M.Füzuli adına Şəmkir şəhər orta məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi kimi 10 min manat pul mükafatına layiq görülüb. Eyni zamanda, qısa bir zamanda rayonda 50-dən çox yeni məktəb binası tikilib və əsaslı təmir olunubdur. Həmin məktəblərdən 7-si Heydər Əliyev Fondu tərəfindən tikilibdir. Ötən ildə S.Vurğun adına Təzəkənd orta məktəbi üçün 960 yerlik, Dəllər qəsəbəsində 880 yerlik, Zəyəm-Cırdaxan kəndində 1200 yerlik yeni məktəb binaları tikilib. Hazırda rayonun Qapanlı kəndində 460 şagird yerlik yeni orta məktəb binasının tikintisi ilə bağlı hazırlıq işləri aparılır.

İnfrastrukturda müasir inkişaf tendensiyaları
Rayonda sosial mənşəli infrastrukturun müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər, mütəmadi olaraq, uğurla həyata keçirilməkdədir. Bu baxımdan, qaz təsərrüfatının bərpası və inkişaf etdirilməsi Şəmkir rayonunda da uğurla həyata keçirilir. Bu günədək şəhərin, habelə, 4 qəsəbə və 34 kəndin təbii qaz təchizatı bərpa edilibdir. Hazırda Şəmkir qaz istismar sahəsi 29329 abonentə, 33 büdcə, 56 qeyri-dövlət və 8 sənaye müəssisələrinə xidmət göstərir. 2010-2011-ci illərin payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar "Tədbirlər planı"nda nəzərdə tutulmuş texniki işlərin böyük əksəriyyəti yerinə yetirilibdir. Belə ki, qaz xətlərinin üzərində quraşdırılıb və hazırda istismara yararsız olan 150 millimetrlik 7 ədəd, 100 millimetrlik 2 ədəd, 80 millimetrlik 1 ədəd, 50 millimetrlik 14 ədəd siyirtmə yenisi ilə əvəz edilib, əlavə olaraq, daxili imkanlar hesabına 5 ədəd QTŞ dəyişdirilib, 19 ədədi isə təmir edilibdir. 273 millimetrlik "Şəmkir-II" daşıyıcı qaz kəmərinin sel sularından zədələnmiş 87 metr hissəsi təmir olunaraq yenidən bərpa edilibdir. Ötən il ərzində Qapanlı kəndi üzrə 8729 metr, Çaparlı kəndində 43535 metr, Qaranüy kəndində 22579 metr və Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən hərbi şəhərcik üzrə 1506 metr qaz xətləri quraşdırılıbdır.
Şəmkirdə, həmçinin, geniş abadlıq-quruculuq işləri görülüb. Şəhərin bir çox küçələri asfaltlanıb, yeni işıqlandırma sistemi yaradılıb. Şəmkir Olimpiya-İdman Kompleksi gənclərin gündəlik həyatında mühüm rol oynayır. Rayonda "Rabitəbankın" Şəmkir filialının, hərbi prokurorluğun yeni inzibati binası istifadəyə verilib, Şəmkir çayı üzərində respublika əhəmiyyətli su anbarının tikintisi davam edir.
Göstərilən uğurlar, onu deməyə əsas verir ki, qarşıdakı müddət ərzində də Şəmkir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, abadlıq-quruculuq işlərinin genişləndirilməsi, 2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün bütün qüvvələr səfərbər ediləcəkdir.

Digər xəbərlər