Ermənistan ordusu dağılır
Təəssüflər olsun ki, hələ də Dağlıq Qarabağ məsələsi yönümündə heç bir irəliləyiş müşahidə olunmur. İşğalçı dövlət qeyri-konstruktiv hərəkətləri ilə Azərbaycanı məcbur edir ki, Dağlıq Qarabağ problemini hərbi yolla həll etsin. 1994-cü ilin atəşkəs rejimi tətbiq ediləndən bu günə qədər hər dəfə danışıqlar prosesində nəyəsə nail olmağa, razılaşmağa yaxın olduqda o zaman Ermənistan siyasi arenasında, eyni zamanda Ermənistan rəhbərliyində hökmən təxribat xarakterli hərəkatlar baş verir.
Ya ölkə daxilində iqtidar-müxalifət arasında bir gərginlik yaşanır, ya da xaricdəki erməni diasporu onlara təzyiq edir və müxtəlif bəhanəyə əl atırlar. Millət vəkili Musa Qasımlı qeyd etdi ki, bütün bunlar ermənilərin provokasiyası, təxribat xarakterli hərəkətləridir: " Məqsəd məlumdur. Onlar danışıqlardan, danışıqların nəticəsindən yayınırlar. Ermənistan bütün beynəlxalq aləmdə utanmadan deyir ki, biz müharibə olmadan sülh, danışıqlar yolu ilə məsələni həll etmək istəyirik. Artıq 16 ildir ki, danışıqlar gedir, amma ortada real nəticə yoxdur. Torpaqlarımız işğal altındadır. Bunu da Ermənistan tək başına etmir. Təbii ki, Ermənistana pərdə arxası havadarlıq, himayədarlıq edən güclü qüvvələr var".
M. Qasımlı vurğuladı ki, əgər Ermənistan hakimiyyəti bilsə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayanda, ona heç kim dəstək, kömək olmayacaq, yəqin ki, Ermənistan hakimiyyətinin cəsarəti çatıb belə bir alçaq, qaniçən hərəkət etməz: "Serj Sarkisyan və onun aid olduğu komanda Robert Köçəryan-Serj Sarkisyan komandası Dağlıq Qarabağ kartı üzərində siyasi arenaya gəliblər və hakimiyyət qazanıblar. Serj Sarkisyan və onun kimilər deyirlər ki, guya Dağlıq Qarabağdakı ermənilərə və ümumən erməni xalqına söz veriblər ki, Dağlıq Qarabağda böyük bir "dövlət" yaradacağıq və yaratdığımız bu dövləti də hər kəs tanıyacaq. Yəni bunlar Serj Sarkisyan kimilərinin boş xülyalarıdır. Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Azərbaycan dövləti də öz ərazisini bir qarışını belə heç kimə güzəştə getməyəcək. Sadəcə olaraq, hər şeyin geci-tezi var. Azərbaycan, hər zaman olduğu kimi, yenə də öz sözünü deyəcək və Dağlıq Qarabağdakı qondarma qurumu, oradakı qeyri-qanuni fəaliyyət göstərməklə mövcud olan cinayətkar silahlı birləşmələri də məhv edəcəkdir".
Millət vəkili əlavə etdi ki, Ermənistan cəmiyyəti və rəhbərliyi bütövlükdə, çox dəqiq bilirlər ki, Ermənistan ordusu bu gün Azərbaycan Ordusunun qarşısında çox aciz, cılız bir formada olan dəstədən ibarətdir: "Bütün insident hallarında Ermənistan Azərbaycanın cəbhə xəttini atəşə tutmağa başlayanda, Ermənistan cavab atəşi nəticəsində susdurulur və onlar itki verərək, geri çəkilməyə məcbur olurlar. Azərbaycan Ordusu istənilən anda torpaqlarını işğaldan azad etməyə qadirdir. Artıq onlar mətbuatda etiraf edirlər ki, sabahı gün təhkimçiliyə görə onları erməni cəmiyyəti qınamasın. Bu, reallıqdır.
Bizim hər birimizdən yüksək dərəcədə vətənpərvər cənab Prezidentimiz möhtərəm İlham Əliyevdir. Ordumuzu möhkəmləndirən, ruhlandıran, torpaqlarımızın hər an işğaldan azad olunması üçün qətiyyətli sözünü deyən, cəsarətli hərəkət edən, daxili-xarici siyasətimizi düzgün istiqamətləndirən də cənab Prezidentimizdir. Ali Baş Komandan İlham Əliyev cənablarının regionlara səfəri çərçivəsində hərbi hissələrdə də olması, hərbçilərin problemləri ilə maraqlanması əsgərlərdəki döyüş ruhunun yüksəlməsinə təkan verir".