PDF Oxu

Sosial

  • 954

Bir ömrün qəhrəmanlıq nəğməsi - FOTO

image

Şəhid Əli Cəfərovun 33 yaşı tamam oldu
İkinci Qarabağ müharibəsində döyüş meydanında 30 il Azərbaycan torpaqlarını əsarətdə saxlayan yağı düşmənə qan qusdurub xalqımıza zəfər sevincini yaşadan Əli Bəyulla oğlu Cəfərov Astara rayonu, Maşxon kəndində dünyaya göz açmışdı. O, 27 yaşında haqq savaşımızda öz canından keçməklə Vətənə, onun torpağına sevgi rəmzi olaraq köçdü qəlbimizə. İndi elə bir astaralı yoxdur ki, təkcə ailəsinə deyil, həm də millətinə baş ucalığı gətirən Əlinin adı çəkiləndə qürur hissi keçirməsin. Dövlət də öz növbəsində Əlinin Vətən qarşısında xidmətini ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq gördü.
Əli uşaqlıqdan Vətəninə, xalqına layiqli övlad kimi böyüyür. Orta məktəbdə oxuduğu vaxtlar idmanın sərbəst güləş yarışlarına qatılır, qazandığı uğurlarla el-obanı sevindirir. Saf, ülvi məqsədlərlə müstəqil həyata qədəm qoyur, yaşatmaq, yaratmaq onun amalı olur. Qısa müddətdə el-obada Əlinin yurdsevərliyinə, etibarlığına, qeyrətinə hamı heyran qalır. Qəlbi məhəbbətli olsa da, Azərbaycan torpaqlarını işğal etmiş erməni dığalarına sonsuz nifrət bəsləyir, onları əzmək üçün məqam gözləyir. Məhz 2011-ci il Ordu sıralarına yola düşəndə içdiyi andda belə olur.
Hər an qəlbi Vətən eşqi ilə çırpınan Əli qaynar bölgədə Azərbaycanın şərəfini ləyaqətlə qoruyur. Həm də mənfur erməni faşizminə layiqli cavab verməyə, müqəddəs Qarabağımızı azad etməyə hazır olmaqdan ötrü hərbi bilik və vərdişlərə dərindən yiyələnir. Əsgərlik həyatında nümunəvi xidməti, gözəl əxlaqı Əliyə dərin hörmət qazandırır.
Əli Vətənə oğuluq borcunu verəndən sonra dinc əməklə məşğul olur. Bakıda “MMC Abşeron Taxil” şirkətində işə düzəlir. Saflıq, düzlük, sədaqət, sevgi bütün əməllərinin başında durur. Gördükləri ilə adı yaxşı dillərə düşür. Qaldı ki, Əlinin xəyalı oymaq-oymaq Qarabağda dolaşır, ermənilərin hərəkətlərini heç cür qeyrətinə sığışdıra bilmir. Vətənin müqəddəs guşəsi olan Qarabağın azadlığı naminə əlinə silah alıb düşməni əzmək istəyir. Nəhayət, Əlinin arzuladığı gün gəlir. 2020-ci ilin 27 sentyabrda Ali Baş Komandanın rəhbərliyi altında Vətəni qanı bahasına yaşadan qeyrətli oğullar cərgəsində müharibə meydanına girir. İlk gündən sorağı ağır döyüşlərdən gəlir. Göstərdiyi şücaət nəticəsində düşmən silah-sursatını atıb qaçır. Suqovuşanın, Murov yüksəkliyinin alınmasında isə böyük qəhrəmanlıq göstərməklə tarix yazır. Noyabrın 4-də döyüş meydanında şəhid olur. Onun şərəfli ölümü vətənə qürur gətirir. Elə bu şərəfə görə Azərbaycan var olduqca, Astara elinin qəhrəman oğlu Əli də ürəklərdə yaşayacaq.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər