PDF Oxu

Sosial

  • 18

Beynəlxalq birlik Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni əməllərini qınayır

Beynəlxalq birlik Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni əməllərini qınayır
Minsk Qrupu həmsədrlərinin regiona sonuncu səfəri danışıqların tənzimlənməsi üçün bir sıra mühüm əhəmiyyətli məsələlərin müzakirəsi ilə yanaşı, Xankəndi aeroportunun açılışının da gündəmə gətirilməsi ilə yadda qaldı. Həmsədrlər də öz mövqelərində Dağlıq Qarabağda aeroportun açılmasının gərginliyi daha da artıra biləcəyindən narahat olduqlarını vurğulayıblar. Qeyd edək ki, bir müddət bundan öncə, Ermənistan və qondarma Dağlıq Qarabağ respublikasının rəsmiləri tərəfindən verilən bəyanatlarda Xankəndi aeroportunu açmaq planları dilə gətirilmiş, bunun may ayının 8-də - Şuşanın işğal günündə açılması nəzərdə tutulmuşdu. Aeroportda aparılan təmir işləri də onun açılışa hazırlanmasından xəbər verir. Təbii ki, Azərbaycan tərəfi bu məsələyə tezliklə öz reaksiyasını göstərmiş və bunun yolverilməz olduğu bildirilmişdir. Azərbaycanın dünya birliyi tərəfindən tanınmış sərhədləri çərçivəsində Azərbaycan dövlətinin razılığı olmadan hər hansı bir əməliyyatın aparılması qadağandır. Bunun təmin olunması üçün Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətə müraciət etmiş və məsələnin beynəlxalq normalar çərçivəsində öz həllini tapmasına çalışmışdır. Azərbaycan Dövlət Mülki Aviasiya Adminstrasiyasının müraciətindən sonra Beynəlxalq Mülki Aviasiya Təşkilatı da bu regionda Azərbaycanın icazəsi olmadan uçuşların həyata keçirilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Bu məsələyə digər bir beynəlxalq dəstək isə ABŞ-ın Azərbaycandakı səfirindən gəldi. M.Brayza bununla bağlı münasibətini bildirərkən məsələnin Beynəlxalq Mülki Aviasiya təşkilatı çərçivəsində həll olunması cəhdini alqışladığını bildirib. Bunlardan sonra isə Ermənistan tərəfinin bu məsələdə geri çəkilməsinin şahidi olduq. Onlar aparılan təmir işlərini bəhanə gətirərək, aeroportun açılmasının təxirə saldıqlarını bildirdilər. Əlbəttə, ermənilər bunun daha sonra baş tutacağı ilə bağlı da məlumat vermiş və bundan əl çəkməyəcəklərini bildirmişlər. Həmsədrlərin regona səfəri zamanı isə bu məsələnin gündəmə gətirilməsi bunun ciddi bir məsələ olmasına işarədir. Onlar xəbərdarlıq ediblər ki, hava limanından uçuşlardan Qarabağın mövcud statusunu beynəlxalq hüquq əsasında dəyişməyə yönəlmiş cəhdlər üçün istifadə oluna bilməz. Həmsədrlər tərəfləri beynəlxalq konvensiya və razılaşmalara riayət etmək məqsədilə qarşılıqlı anlaşma əldə etməyə, həmçinin, Azərbaycan ilə Ermənistan üzərindən mövcud uçuşlar praktikasını saxlamağa çağırıblar. Bundan başqa, AŞPA-nın sonuncu sessiyasında da məsələ Azərbaycan nümayəndə heyəti tərəfindən müzakirəyə çıxarılmış və bunun yolverilməz hal olması qeyd olunmuşdur. Göründüyü kimi, işğalçı qüvvələrin gerçəkləşdirmək istədiyi aeroportun açılışı heç bir halda yolverilməzdir və beynəlxalq normalara da sığmır. Bu gün Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət tərəfindən tanındığı bir halda Ermənistanın onu pozaraq Azərbaycan ərazilərindən uçuşlar həyata keçirmək istəyi onun nəinki Azərbaycana, eləcə də, dünya birliyinin qoyduğu qayda-qanuna qarşı çıxmasının göstəricisidir. Bu isə bilavasitə onun qeyri-konstruktivliyini və münaqişənin tənzimlənməsini əngəlləmək istəyini nümayiş etdirmiş olur. Hər halda, münaqişənin həlli ilə birbaşa məşğul olan Minsk Qrupu həmsədrlərinin və digər beynəlxalq ictimaiyyət nümayəndələrinin məsələyə göstərdiyi sərt reaksiya bunu deməyə əsas verir. Odur ki, Ermənistan tərəfi bu cür addımlar atmaqdan əl çəkməli və münaqişənin həllinə çalışmalıdır. Onlar bu tipli addımlar atmaqla vəziyyəti öz xeyirlərinə dəyişmək istəsələr də, əslində, münaqişənin uzanması yalnız onlara qarşı yönəlib və Ermənistanın geriləməsini şərtləndirir.

Digər xəbərlər