PDF Oxu

Sosial

  • 20

Azərbaycanda intellektual gənclər çoxdur Ales Muxin: "Azərbaycan Prezidenti

Azərbaycanda intellektual gənclər çoxdur Ales Muxin: "Azərbaycan Prezidenti
Dünən Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) tərəfindən təşkil olunan "Nə? Harada? Nə zaman?" intellektual yarışması öncəsi mətbuat konfransı keçirilib. "Səs"in məlumatına görə, konfransda GTMŞ-nin baş katibi Orxan Ərəbov, şuranın sədr müavini Elmiri Məmişov, yarışmanın aparıcısı olacaq Ales Muxin və oyunun koordinatoru Ayan Bəşirzadə iştirak ediblər.
Konfransda iştirak edən A.Muxin bildirib ki, bu yarışmanı keçirməkdə əsas məqsəd intellektual səviyyəsi yüksək olan gəncləri aşkara çıxarıb digər ölkələrdə tanıtmaqdır: "Düşünürəm ki, gənc istedadların sayı Bakıda daha çoxdur. Bakı komandaları bilik yarışmalarında dəfələrlə qalib olub və önəmli nəticələr əldə ediblər".
Ales Muxin Azərbaycanda ölkə Prezidenti tərəfindən yürüdülən gənclər siyasətinin çox böyük nəticə verdiyini və azərbaycanlı gənclərin intellektuallığının artırılması üçün dövlətin böyük dəstək verdiyini ifadə edərək, qeyd etdi ki, keçmiş SSRİ respublikaları arasında intellektual yarışmalarda Azərbaycan gəncləri həmişə fərqlənir.
"Mən bilmirəm bu ölkənin iqlimindəndir, yeməklərindəndir, yoxsa təbiətindəndir, burada həmişə intellektaul insanlar çox olur. "Breyn-ring" yarışında Bakı komandalarının uğurlu iştirakına əminəm"-deyə o, qeyd etdi.
Belaruslu qonaq, "Səs" müxbirinin sualına cavab olaraq, yarışmanın final mərhələsində respublikalar üzrə komandalara yer ayrılması məsələsinə aydınlıq gətirdi. Qeyd etdi ki, Rusiya, Belarus, Ukrayna və Qafqaz respublikalarının hərəsindən 3 komanda, Pribaltika respublikalarından ümumilikdə 3 komanda iştirak edəcək.
Orta Asiya respublikalarına yer ayrılmamasının səbəbini isə onlarda bu cür səviyyəli komandaların olmaması səbəbindən dəvət edilmədiklərini qeyd etdi. Muxin İsraildə "breyn-ring" yarışmaları üçün ənənələrin və güclü komandaların olmasını nəzərə alaraq həmin ölkədən də komanda dəvət ediləcəyini dedi.
Daha sonra yarışmanın koordinatoru A.Bəşirzadə qeyd edib ki, baxmayaraq ki, yarışmada iştirak etmək üçün 50-dən çox müraciət olundu, ancaq yer məhdudiyyəti səbəbindən yalnız 30 ən yaxşı komandanı seçib qəbul edə bildik.
Qeyd edildi ki, AGTMŞ və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı aprelin 16-da "Bakının birincisi" adlı II İntellektual Gənclər Festivalı çərçivəsində "Nə? Harada? Nə zaman?" yarışması keçiriləcək.
Turnir Beynəlxalq Klublar Assosiasiyasının lisenziyası əsasında keçirilir. 30 komandada birləşən 180 nəfərin iştirakı ilə baş tutacaq yarışda tələbələr, bilicilər klublarının nümayəndələri iştirak edəcəklər.
Sözügedən layihə "Firstline" Assistance və "Park İnn"in sponsorluğu ilə reallaşacaq. Sual paketi isə Beynəlxalq Bilicilər Hərəkatının ən yaxşı redaktoru seçilən Konstantin Naumenko tərəfindən hazırlanacaq.
Turniri Minsk şəhərindən dəvət olunan məşhur teleaparıcı, 2001-2005-ci illərdə klubun ən yaxşı kapitanı fəxri adına layiq görülən Ales Muxin aparacaq. Turnirin münsiflər heyəti Bakı elitar klubunun üzvləri olacaq.
Qeyd edək ki, AGTMŞ son 2 il ərzində olunan "Nə? Harada? Nə zaman?" oyunu üzrə artıq 3-cü layihəsini həyata keçirir.

Digər xəbərlər