PDF Oxu

Sosial

  • 11

Müasir və intellekt təfəkkürlü Azərbaycan gəncliyi cəngəllik psixologiyalı müxalifətə yox deyir!

Müasir və intellekt təfəkkürlü Azərbaycan gəncliyi cəngəllik psixologiyalı müxalifətə yox deyir!

"Səs" qəzeti gənclər arasında bu mövzu ilə bağlı sorğu keçirib

Ölkəmizdəki mövcud ictimai sabitlik, inkişaf tendensiyaları, regionda və beynəlxalq müstəvidə maraqlarının və mövqelərinin güclənməsi müəyyən daxili və xarici qüvvələrin, dairələrin narahatlığına səbəb olub. Ona görə də, onlar ölkəmizdəki möhkəm əsaslara söykənən ictimai-siyasi sabitliyi pozmaq üçün yollar axtarışına düşüblər. Son günlər mitinqlər təşkil edərək və ölkənin gəncləri adından yalan və uydurma bəyanatlar verərək, diqqət mərkəzində olmağa çalışan müxalifətin məhz bu amillərə əsaslandığı açıq-aydın görünür. Bu günə qədər Azərbaycan ictimaiyyəti, cəmiyyətin ayrı-ayrı təbəqələri adından yalan və uydurma bəyanatlar verən radikal müxalifət indi də gənclər adından müəyyən illüziyalara yol verirlər. "Birmənalı olaraq, müxalifət ünsürlərinin onların adından çıxış etmələrinə və bəyanatlar səsləndirmələrinə" yox deyən müasir düşüncəli Azərbaycan gəncliyi cəngəllik təfəkkürlü qüvvələrin ancaq məhvə məhkum olduğu qənaətindədir. Paytaxtda yaşayan gənclərlə apardığımız sorğunun nəticəsindən də, bunu açıq şəkildə görmək mümkündür. Bizimlə həmsöhbət olan paytaxt gəncləri son günlər radikal müxalifətin pozuculuq aktlarına müxalifət liderlərinin məsuliyyət daşıdıqlarını bildirdilər.
Bakı şəhər sakini, Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin tələbəsi Ehran Cabbarlı müxalifət təmsilçilərinin bir sıra sosial şəbəkələrdə, interet məkanlarında onlara da, məktublar göndərdiklərini bildirdi. Qeyd etdi ki, müxalifət bir sıra gəncləri də öz çirkin oyununa atmağa çalışır. "Amma onlar heç vaxt istəklərinə nail ola bilməyəcəklər" deyən E.Cabbarlı müasir düşüncəli Azərbaycan gəncliyinin pis niyyətli müxalifətə dəstək olmasının mümkünsüzlüyünü söylədi. "Aprelin 2-də biz ailəmizlə şəhərə istirahət gəzintisinə çıxmışdıq. Ancaq dağıdıcı qüvvələrin bəd niyyətləri nəticəsində bu istəyimiz baş tutmadı. Ona görə də, müxalifətin istənilən formada gənclərə ünvanlanan niyyəti bizlər tərəfindən pislənilir" deyə E.Cabbarlı əlavə edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, paytaxt sakini Hüseyn Fərzəliyev də, müxalifətin onlara ünvanlanan məkrli niyyətinin baş tutumayacağını söylədi. Bildirdi ki, bugünün gəncləri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu işlərin bəhrəsini öz həyatlarında açıq şəkildə görür. "Amma valideynlərimin və kənarda məndən böyüklərin dediyi, bir sıra video və televiziya görüntülərindən əldə etdiyim nəticələrin qənaəti, onu deməyə əsas verir ki, bu gün özlərini müxalifət adlandıranlar bir zamanlar xəyanətə, satqınçılığa yol veriblər" deyən H.Fərzəliyev Azərbaycan gəncliyinin belə qüvvələrə birmənalı şəkildə yox dediyini söylədi.
Bakı şəhər sakini Cavid Əhmədov da, internet və sosial şəbəkələrdə müəyyən öyrədilmiş və təlimatlandırılmış gənclərin təxribat xarakterli materiallar yaydıqlarını vurğuladı. Qeyd etdi ki, bir gənc kimi onu bu cür məsələlər çox narahat edir. "Ona görə də, gənc olaraq bu cür təxribatlara birlikdə yox demək üçün Azərbaycan gəncliyini birliyə dəvət edirəm" deyən C.Əhmədov gələcəyimizin etibarlı formada təminatı üçün dövlət tərəfindən bütün zəruri addımların atıldığını söylədi.
Paytaxt sakini, ADPU tələbəsi Şahin Rəhimli də bizimlə söhbətində bir çox məqamlarda müxalifətin gənclərin adından istifadə edərək, görüntü yaratmaq üçün atmış olduğu addımların riyakar məqsədlərə xidmət etdiyini vurğuladı. Bildirdi ki, ölkəmizdə olan hərtərəfli inkişaf bir gənc, ölkə vətəndaşı kimi onun da ürəyincədir. Amma bəzən yararsız qüvvələrin özlərini cəmiyyətə sırımaq üçün atmış olduqları addımların isə nifrətlə qarşılandığını söyləyən Ş.Rəhimli intellekt təfəkkürlü gənclərin bu cür əməlləri qəbul etmədiyini vurğuladı.
Radikal yönümlü qüvvələrin Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə hiddətlə qarşılandığını deyən Bakı şəhər sakini, ADPU tələbəsi Cəsur Həsənov son günlər baş verənlərə baiskar olanların cəzalandırılmasının, onların dağıdıcı əməllərinə hüquqi qiymətin verilməsinin tərəfdarı olduğunu söylədi.
"Müasir düşüncəyə, elmi biliklərə, intellekt təfəkkürə malik olan Azərbaycan gəncliyi Əli Kərimovun çirkin niyyətinə həmişə etiraz edib və bu gün də, öz etiraz səsini ucaltmaqdadır" deyən paytaxt sakini Aqil Şahmuradov bu cür dağıdıcı niyyətlərlə nəyəsə nail olmağın mümkünsüzlüyünü də bildirdi.
Bakı şəhər sakini, Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin tələbəsi Elçin Abdullayev də bizimlə söhbətində müxalifət mətbuatında yazalan şər və böhtan dolu informasiyalara öz etirazını bildirdi. Qeyd etdi ki, cəmiyyəti gərginlikdə saxlamaq, bunu öz niyyətləri üçün istifadə etmək müxalifətin məhvinə səbəb olan amillərdəndir: "Elə bu səbəbdən də, cəmiyyətimiz Yeni Azərbaycan Partiyasının ətrafında birləşərək, radikal dağıdıcı müxalifətə yox deyir".
Paytaxt sakini, tələbə Rəvan Əliyev gəncliyin yüksək elmi biliklərə malik olması üçün ölkəmizdə münbit şəraitin olduğunu söylədi. Bildirdi ki, bu cür imkanlar özlərini müxalifət adlandıranların hakimiyyəti illərində olmayıb. Azərbaycan ictimaiyyəti də belə məsələlərdə çox həssasdır. "Ona görə də, bu gün müxalifətçilik edənlərin riyakar əməllərinə etiraz edərək, onları boykot edir" deyən R.Əliyev ictimai sabitliyi pozmağa cəhd edənlərin əməllərinin gənclər tərəfindən də birmənalı şəkildə pislənildiyini söylədi.
"Cəmiyyəti uçuruma aparmaq, onları öz maraqlarının qurbanına çevirmək müxalifətin köhnə adətidir" deyən Bakı sakini Cabbar Cabbarov son zamanlar müxalifətçilərin mitinq adı altında müəyyən oyunlara əl atmalarınını da pislənildiyini bildirdi.
Bakı Dövlət Universitetinin tələbəsi Səlcuq Elçin də bizimlə söhbətinə mövcud sabitlikdən hər kəsin zövq alması prinsipi ilə başladı. Qeyd etdi ki, heç bir halda intellekt səviyyəyə malik olan insan gərginlikdə yaşaya bilməz. Ona görə də, mövcud ictimai-siyasi sabitliyin onlara daha həvəslə fəaliyyət göstərmələri üçün imkan verdiyini söyləyən S.Elçin gənclərin daha aktiv olmaları, sağlam mühitdən yararlanmaları üçün şəraitin olduğunu qeyd etdi.

Digər xəbərlər