PDF Oxu

Sosial

  • 12

"Həyat sığortası": kimə nə niyə lazımdır?

"Həyat sığortası": kimə nə niyə lazımdır?

Belə bir deyim var: "Heç kim bədbəxt hadisədən sığortalanmayıb". Buna görə də belə hadisələrdən minimum zərərlə çıxmaq üçün zamanında gərəkli tədbirlər görülməlidir. Bunun üçün də ən yaxşı yol sığorta sistemidir. Lakin Azərbaycanda sığorta, özəlliklə həyat sığortası, hələ ki, inkişaf etməyib. Bəs bunun səbəbləri nədədir?

"Həyat sığortası"nın önəmi nədir?

Həyat sığortası- sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığorta növüdür. Müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.
Bu sığortanı etdirənlərin məqsədi qəfil ölüm, qəza nəticəsində ölüm, xəstəlik nəticəsində ölüm kimi durumlarda "geridə buraxdıqlarının" çətin durumda qalmamasını təmin etməkdir. Bu sığorta növü ilə 18 yaşına çatmış, əqli cəhətdən sağlam olan və qəyyumluqda olmayan hər bir şəxs öz həyatını sığorta etdirə bilər.
Maraqlıdır ki, dünya ölkələrində sığorta şirkətlərinin əksəriyyəti (65%-i) yalnız həyat sığortası ilə məşğul olur. Ölkəmizdə isə, əhali "həyat sığortası"nı ciddi qiymətləndirmir.
Azərbaycanda həyat sığortası sığorta bazarında təqribən 2 faizlik paya malikdir. Bu göstəricinin azlığı əsasən milli stereoriplər və belə bir ənənənin olmaması ilə bağlıdır.

Nədən həyat sığortası etməliyik?

Sığorta şirkətləri ilə əlaqə saxladıq və həyat sığortasının şərtləri barədə məlumat aldıq. Əldə etdiyimiz məlumatlara əsaslanıb deyə bilərik ki, ölkəmizdə həyat sığortası 2 formada gerçəkləşdirlir- müddətli sığorta və qarışıq sığorta. Hər birində fərqli qaydalar tətbiq edilir.
Əgər sığortalı həyatını qarışıq sığorta vasitəsi ilə sığortalatdıqa, sığorta müddəti ərzində dünyasını dəyişərsə, ödəniş onun müqavilədə göstərdiyi varisinə ödənilir. Əks halda, müddətin sonunda məbləğ onun özünə ödənilir.
Əgər siz həyatın müddətli sığortası proqramını seçsəniz, bu zaman sığorta məbləği sığorta olunan şəxsin sığorta müddəti ərzində həyatını dəyişməsi və ya əlillik qrupunun alınması halında faydalanan şəxsə ödənilir. Sığorta şirkəti tərəfindən ödənilən məbləğ öncədən ödənilmiş sığorta haqqından qat-qat yüksək olur.
Bir çoxları düşünə bilər ki, sığorta etdirmək yerinə həmin məbləği banka qoyub faizlərini almaq daha sərfəlidir. Bu, doğru çözüm deyil. Niyəmi? Tutaq ki, şəxs müqavilə qüvvəyə mindiyi tarixdən yalnız iki ay ərzində sığorta haqqını ödəyib və bundan sonra bədbəxt hadisə baş verib. Bu halda yenə də sığorta şirkəti tərəfindən sığorta məbləği həcmində ödəniş həyata keçirilir. Əgər şəxs bu pulları banka qoymuş olsaydı, onun varisləri yalnız qoyulan məbləği ala biləcəkdi.

Orta əməkhaqqı ilə 7 manat 20 qəpik ödəniş

Ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətlərindən yalnız 2-sinin həyat sığortası etmək üçün lisenziyası var- "Atəşgah" və "Qala Həyat". "Atəşgah Sığorta" şirkətindən aldığımız məlumata görə, həyat sığortası etdirmək istəyən iş və statusu ilə bağlı kateqoriya ilə sığortalanır. Orta əməkhaqqı (300 manat) alan sadə vətəndaş çox az bir məbləğə öz həyatını sığorta etdirə bilər.
Həyat sığortası olunanlar yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə 2 kateqoriyaya bölünür: fəhlə və qulluqçu heyəti. Misal üçün, qulluqçu kateqoriyasında aylıq 300 manat əmək haqqı alan bir müəllim və ya bir həkim ildə 7 manat 20 qəpik ödəməklə öz həyatını sığorta etdirə bilər. Müqavilə əsasında həyata keçirilən sığorta prosesi 1 illik nəzərdə tutulub. Müqavilə hər il yenilənir.
Əgər sığortalının başına sığorta müddəti ərzində bədbəxt hadisə gələrsə, onda onun əmək haqqının və ya illik maaşının 10 və ya 12 misli miqdarında sığorta haqqı onun ailəsinə ödənilir.

İş yerlərində sığorta problemi

Azərbaycan Respublikasının Əmək Məcəlləsində sığorta barədə kifayət qədər maddə yer alıb. Məcəllənin 225-ci maddəsində bildirilir ki, işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sosial sığortası və şəxsi sığortası işəgötürən tərəfindən gerçəkləşdirilməlidir.
Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari şəxsi sığorta edilməlidirlər. Belə işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv müqavilələrdə, əmək müqavilələrində sığorta təşkilatları ilə bağlanmış müqavilələr əsasında müəyyən edilir.
Qeyd edək ki, sığorta haqqı işçinin məvacibindən tutulmur, bu haqqı işəgötürən ödəməlidir. Bu sahəyə vəsait sərf etmək istəməyən işəgötürənlər işçilərin sığortalanmasından yayınmağa çalışırlar.

"Həyat sığortası"nın inkişaf etməməsinin səbəbi nədir?

"Sağlam Toplum" İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı hesab edir ki, insanlar həyatlarını ən çox inamsızlıqdan sığortalatmırlar: "İkinci halda işsizliklə bağlı olur. Həyat sığortasının gerçəkləşdirilməməsinin başqa səbəbləri də bu sığorta növündə kadr çatışmazlığı, təşviqat-təbliğat səviyyəsinin aşağı olması, sığortanın bu növünün idarə edilməsi peşəkarlığının zəif olmasıdır".
Sosioloqun fikrincə, Azərbaycanda bu xidmət növünün lazımı səviyyəyə çatdırılması üçün əsasən ətraflı məlumatlandırma, sığorta universitetlərinin inkişaf etməsi, marketinq sisteminin inkişafı, bu növ üzrə kadr potensialının artımı, əhalinin marağı və s. vacibdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsində bildirilir ki, işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sosial sığortası və şəxsi sığortası işəgötürən tərəfindən gerçəkləşdirilməlidir.
Sığorta haqqı işçinin məvacibindən tutulmur, bu haqqı işəgötürən ödəməlidir. Bu sahəyə vəsait sərf etmək istəməyən bəzi işəgötürənlər işçilərin sığortalanmasından yayınmağa çalışırlar və qanunun tələbini kobud şəkildə pozurlar. Ekspertlər hesab edir ki, yaxın vaxtda ölkəmizdə də can sığortası sığorta sahəsinin ən inkişaf etmiş növü olacaq.

Qeyd: Yazı Dövlət Sosial Müdafiə Fondu "Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.

Digər xəbərlər