PDF Oxu

Sosial

  • 7

Soçi görüşündən gözləntilər...

Soçi görüşündən gözləntilər...
Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə martın 5-də Soçidə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında növbəti görüşün keçirilməsi gözlənilir. Bu görüşdə ən mühüm məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə mövzusu olacaq. Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər iki ölkənin dövlət başçıları dəfələrlə görüşlər keçirib. Məlum məsələdir ki, hər keçirilən görüşdə Sarkisyanın qeyri-konstruktiv mövqe sərgiləməsi, münaqişənin həllinə öz xeyirli töhfəsini verməmişdir. Amma prezidentlərin qarşıdan gələn növbəti Soçi görüşündə müəyyən razılaşmanın əldə olunacağına ümidlər var. Bu nikbin fikirləri bizimlə söhbətlərində millət vəkilləri də qeyd etdilər. Millət vəkili Asəf Hacıyev: - Bu məsələdə Azərbaycan tərəfinin konstruktiv mövqeyi hər kəsə açıq-aşkar bəllidir. Azərbaycan dövlətinin ərazi bütövlüyü, ümumiyyətlə, heç bir halda müzakirə obyekti ola bilməz. Soçi görüşündə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hansısa müəyyən qərarlar qəbul oluna bilər. Bununla belə Ermənistan tərəfinin bu dəfə də hansısa müsbət addım atacağını gözləmirəm. Çünki hər dəfə Sarkisyanın danışıqları uzatma taktikası, qeyri-konstruktiv mövqe nümayiş etdirməsi, onu deməyə əsas verir ki, ola bilsin ki, bu dəfə də danışıqlardan yayınsın. Sarkisyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ məsələsində heç bir konstruktiv addım atılmayıb və bu gün də o addımın atılmasını gözləmirəm. İqtisadiyyatı çox ağır bir durumda olan Ermənistan, ola bilsin ki, nə vaxtsa konstruktiv addım atsın, amma düşünürəm ki, o Sarkisyan hakimiyyəti dönəmində olmayacaq. Yəqin ki, bu dəfə də Ermənistan razılaşdırılmış faktlara, prinsiplərə bir də təkrar qayıtsın, danışıqların vaxtını uzatsın. Və yaxud da, ola bilsin ki, hansısa müsbət addım atsın, amma atılan bu addımlar elə addımlar olacaq ki, orada vəziyyət dəyişməyəcək. Bu gün Azərbaycan dövləti, birmənalı olaraq, zəbt olunmuş torpaqlarının geri qaytarılmasını tələb edir, Ermənistan isə bunu istəmir və hətta "böyük Ermənistan" dövləti yaratmaq iddiasındadır. Bu gün Ermənistana ən böyük təsiredici qüvvə Rusiyadır. Əgər nüvə dövləti olan Rusiya Ermənistana lazımi təsir göstərsə, o zaman işğalçı dövlət zəbt olunmuş torpaqlardan qeyri-şərtsiz çəkilə bilər. Bu yaxınlarda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri gözlənilir. Bu görüşdə də, yəqin ki, Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq. Millət vəkili Zahid Oruc: - Dövlət rəhbərləri səviyyəsində belə görüşlərin keçirilməsi müəyyən mərhələləri özündə ehtiva edir. Bunaqədərki zamanda dövlət başçıları arasında müzakirələr konkret sənədlər üzərində olub. 2010-cu il 9 noyabrda qəbul olunmuş Moskva bəyannaməsində və s. tezislər özünün əksini tapıb. Müəyyən bir zaman ərəfəsində ara vermiş danışıqların təkrar reallaşması o deməkdir ki, 2011-ci ildə proseslərin danışıqlar müstvisində olması üçün Rusiya öz tərəfindən addımlar atıb. Çünki son zamanlar bir çoxlarında belə qənaət formalaşmaqda idi ki, proses təkrar ölü nöqtəyə qayıtdı və bundan sonra insanlar yox, silahlar danışacaq. Bu dövr ərzində, demək olar ki, hər gün atəşkəsin ermənilər tərəfindən pozulduğu faktını eşitməkdəyik. Bunu belə düşünmək olar ki, atəşkəs xeyli formal xarakter daşımağa başlayıb. Ortada ayırıcı bir qüvvə, konkret olaraq, bufer zonası ya da hansısa sülhməramlı qüvvələr olmadığından, atəşkəsin xeyli simvolik məna daşığı əvvəldən bəlli idi. Amma son dövrlər bu prosesin gündəlik və intensiv xarakter daşıması, onu deməyə əsas verir ki, həqiqətən də, Rusiya tərəfi bunu nəzərə alır. Rəsmi Moskva ən azı baza prinsipləri üzərində işi bir az da dərinləşdirmək istəyir. 4 gün öncə Rusiya prezidentinin bir daha Sarkisyanı öz ölkəsinə dəvət etməsi və orada danışıqlar üçün də əsas təlimat detallarını təlqin etməsi, onu göstərir ki, söhbət, konkret olaraq, Rusiyanın qoyduğu şərtlərdən gedir. Artıq belə demək olar ki, Azərbaycan Dağlıq Qarabağ danışıqlarını Rusiya ilə aparır. Bu isə, neytral müşahidəçilərdə də təəccüb doğurmur. De-fakto Dağlıq Qarabağ danışıqlarının bütün məqamlarını, əsas prinsip və tezislərini Rusiyanın və ya Kremlin beyin mərkəzləri institutları irəli sürür. Və Sarkisyan özbaşına hansısa görüşlərə qatılmır. Azərbaycanın tələblərinin ciddi xarakter daşıdığını gördükdə Sarkisyanın yalnız təkbaşına verəcəyi qərar söhbəti tərk etməkdir. Düşünürəm ki, 2011-ci il üçün ən azı rəsmi Moskva "Çərçivə" sənədini imzalamağa çalışacaq. Martın 5-də keçiriləcək görüşə ümidlə yanaşmaq lazımdır. İlk baxış üçün guya uğur kimi görünən hər hansı aralıq mərhələ həlli sonrakı dönəmdə dövlətimizin əleyhinə işləyəcəksə, biz buna getməyəcəyik. Məsələnin 2 və ya 5 rayonun qaytarılması fonunda Azərbaycan bütün kommunikasiya xətlərini açması, Dağlıq Qarabağ üçün gələcəkdə status verəcəyini vəd etməsi, Ermənistanla quru yollarının tam açılıb işləməsi, Azərbaycanın bir sıra təhlükəsizlik təminatlarını tam üzərinə götürməsi və s. öhdəliklərlə yüklənməsinə heç bir müstəqil dövlət getməz. Ən pisi isə, Rusiya silahlı qüvvələrinin bizim bölgəyə qayıtması və onların sülh məramlı statusda Azərbaycan ərazisində yerləşməsidir. Martın 5-də keçirilən danışıqlara cənab Prezident İlham Əliyev çox fəal şəkildə qatılacaq və hər zamankı kimi konstruktiv mövqe nümayiş etdirəcək.

Digər xəbərlər