PDF Oxu

Sosial

  • 15

"Dağlıq Qarabağ münaqişəsi: Hüquqi təhlil" kitabının təqdimatı keçirilib

"Dağlıq Qarabağ münaqişəsi: Hüquqi təhlil" kitabının təqdimatı keçirilib
ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər Məktəbində Azərbaycan Araşdırmaları üzrə Vaşinqton mərkəzinin təşkilatçılığı ilə alman alimi Heyko Krügerin "Dağlıq Qarabağ münaqişəsi: Hüquqi təhlil" kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Heyko Krüger 164 səhifəlik elmi işində toxunduğu əsas məsələlər barədə məlumat verib. Alman aliminin sözlərinə görə, separatçı münaqişələrin hüquqi aspektlərinin qeyri-müəyyənliyə doğru getdiyi bir vaxtda bu sahədə beynəlxalq hüquq bazasını araşdırmaq zərurəti yaranıb. 2008-ci ildə Kosovonun müstəqilliyinin tanınması ilə bağlı ziddiyyətlər, daha sonra isə, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən "tanınması" ilə bağlı müəmmalar münaqişələrin həllində hüquqi tərəfin dərindən öyrənilməsini bir daha gündəmə gətirir və münaqişələrin həlli prosesində hüquqi aspektin nəzərə alınmasını vacib edir. Krügerin fikrincə, ATƏT-in vasitəçi Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın hüquqi statusunun danışıqlar nəticəsində müəyyənləşəcəyini bildirsələr də, beynəlxalq hüquq kitabları bu statusun Azərbaycanın tərkib hissəsində müəyyənləşdiyini sübut edir. Heyko Krüger məruzəsində Dağlıq Qarabağin tarixi hüquqi statusuna da toxunub. O, qeyd edib ki, Qafqazın bir hissəsi kimi Dağlıq Qarabağ əsrlər boyu çoxsaylı etnik mənşəli millətlərin məskəni olmuş və bundan irəli gələrək müxtəlif nüfuzların çəkişmə nöqtəsində çevrilmişdir. Alim vurğulayıb ki, ötən minilliyin ortalarınadək ərazi azərbaycanlılar tərəfindən idarə olunmuşdur. Lakin 19-cu əsrdən başlayaraq, Rusiya, İran və Osmanlı İmperiyası arasında gərginlik Dağlıq Qarabağa digər etnik azlıqların kütləvi köçürülməsinə yol açmışdır. Bu yolla ermənilər bura axışaraq Dağlıq Qarabağda çoxluq təşkil etmişlər. Lakin hüquqi baxımdan Dağlıq Qarabağ həmişə Azərbaycanın nəzarəti altında olmuşdur. 1921-ci ildə Dağlıq Qarabağı Azərbaycan Sovet Sosialist Respublikası tərkibində saxlamaq haqda qərar qəbul edilmiş və ərazi Sovet İttifaqının bir hissəsinə çevrilmişdir.
Alman aliminin məruzəsi tədbirdə iştirak edən Ermənistan Respublikasının və dırnaqarası Dağlıq Qarabağın nümayəndələri tərəfindən əsassız etirazla qarşılanıb. Emosiyalarını cilovlaya bilməyən tədbirin erməni iştirakçıları alimi fakt saxtakarlığında ittiham etmişlər. ABŞ-ın Corc Meyson Universitetinin tədqiqatçısı, professor Rövşən İbrahimov bildirib ki, Heyko Krügerin elmi işi Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini və bölgənin hüquqi baxımdan mümkün ayrılma yollarını təhlil edən ilk Qərb alimi tərəfindən yazılan kitabdır. Araşdırmanın nəticələri bir daha sübut edir ki, nə keçmiş sovet, nə də beynəlxalq hüquq prinsipləri çərçivəsində Dağlıq Qarabağın müstəqilliyi tanına bilməz. Burada iştirak edən erməni həmkarlarımızın bu cür hüquqi faktlara cavabı yalnız tarixi yozumlardan ibarət idi. Bu isə, təbii ki, hüquq aləmində dəlil hesab oluna bilməz.

Digər xəbərlər