BMT-nin, AŞPA-nın və ATƏT-in Dağlıq Qarabağın işğaldan azad edilməsinə dair çıxardığı qətnamələrin bu günə qədər icra olunmaması həmin qurumların nüfuzuna xələl gətirməklə yanaşı, Ermənistanın dünya birliyinə qarşı çıxdığını söyləməyə əsas verirmi? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Musa Qasımlı,
tarix elmləri doktoru, professor, millət vəkili:
- Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həllinə dair indiyədək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT və AŞPA sənədlərinin, İslam Konfransı Təşkilatının qətnamələrinin yerinə yetirilməməsi, Ermənistanın beynəlxalq hüquq normalarını saya salmadığını, dünya birliyinin iradəsini qəbul etməməsini, beynəlxalq və regional təşkilatları saya salmadığını göstərir. Ermənistanın bu hərəkətləri həmin təşkilatların sənədlərinin altında imzası olan ölkələrə meydan oxumaqdır. Ona görə də, hesab edirəm ki, özünə hörmət edən həmin o ölkələr işğalçı Ermənistana təzyiqlər etməlidirlər. Yəni, konkret olaraq fəaliyyət göstərməlidirlər və ümumi bəyanatlarla kifayətlənməməlidirlər.
Elşad Mirbəşiroğlu,
politoloq:
- BMT-nin və digər beynəlxalq qurumların özlərinin öz qərarlarına hörmətsizliklə yanaşması səbəbi kimi göstərilə bilər. Çünki birincisi BMT-nin Təhlükəsizlik Şurası hər hansı bir qərar çıxarılırsa, burada beynəlxalq sülhün və təhlükəsizliyin təmin etmək naminə çıxardığı qərarın tərəflərin əməl etməsi prosesinə də nəzarət etməlidir. Bunun üçün BMT-nin təsir rıçaqları da var. Bu boşluqdan istifadə edən işğalçı Ermənistan, beynəlxalq qurumların qərarlarını "qulaqardına" vurur. Burada həmin beynəlxalq qurumlar tərəfindən də Ermənistana heç bir təsir vasitələrindən istifadə edilmir. Bu da, onu göstərir ki, həmin beynəlxalq təşkilatlar görüntü xarakterli fəaliyyət göstərirlər. Bir sözlə, bu gün onların beynəlxalq sülhü, təhlükəsizliyi təmin etmək istiqamətində imkanları və istəkləri məhduddur. Burada ATƏT-i misal olaraq göstərmək olar. ATƏT özü-özlüyündə Avropada təhlükəsizliyi və əməkdaşlığı təmin edəcək bir təşkilat olaraq, heç bir potensiala malik deyildir. Bu Astana sammitində də özünü göstərdi ki, ATƏT-in artıq daxilində ciddi kontrast olmalıdır. Yəni, bir təşkilat olaraq qurum daxilində ciddi dəyişikliklər aparılmalıdır. Əgər təhlükəsizliyi təmin edən bir təşkilatın heç bir təsir imkanları və vasitələri yoxdursa, onda onun təhlükəsizliyi səmərəli şəkildə təmin etməsi böyük sual doğurur. Bu baxımdan, əlbəttə ki, dünya ictimaiyyətinin bu təşkilatlara inamı getdikcə azalır. Bu da göz qabağındadır. Təbii ki, artıq beynəlxalq münasibətlər sistemində, dünya siyasi səhnəsində bu təşkilatlar öz nüfuzlarını ciddi şəkildə itirməkdədirlər. Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi bir çox münaqişələr dünyada mövcuddur. Həmin sözügedən münaqişələr də bugünə kimi, öz həllini səmərəli şəkildə tapa bilməyib. Təbii ki, bu da həmin beynəlxalq təşkilatların nüfuzuna ciddi xələl gətirir. Bundan başqa isə istər BMT-nin, istərsə də ATƏT-in davranışlarında bir növ erməni təəssübkeşliyi də hiss olunmaqdadır. Yəni, sözügedən bu təşkilatlar heç də ədalətli mövqe tutmurlar. Bildiyiniz kimi, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə var ki, həmin qətnamələrin heç birində Ermənistan işğalçı dövlət kimi göstərilmir. Düzdür, orada qeyd olunur ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılsın. Amma həmin ərazilərin kim tərəfindən boşaldılması və əraziləri işğal edənin kim olması həmin qətnamələrdə göstərilmir. Nəhayət, Azərbaycan diplomatik korpusunun və cənab Prezidentin gərgin səyləri nəticəsində 2008-ci ilin mart ayının 14-də BMT-nin qətnaməsi olmuşdur, həmin o qətnamədə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir və Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaltmalı olduğu nəzərə çatdırılmışdır. Amma bu da kağız üzərində qaldı və Ermənistanın buna getməsi üçün heç bir təsir göstərilmədi. Təbii ki, Ermənistan da bu cür cəzasızlıq şəraitində özünü daha sərbəst aparır və bu münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində heç bir addım atmaq istəmir. Çünki bu günə kimi işğalçı "Ermənistana gözünün üstündə qaşın var"-deyən olmayıb.