Azərbaycan Respublikası beynəlxalq turizm mərkəzlərindən birinə çevriləcək
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 20 avqust 2026-cı iltar ixli Sərəncamı ilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026 – 2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Yeni proqram qarşıdakı beş il ərzində turizmin qeyri-neft iqtisadiyyatındakı rolunun artırılmasını, regionların turizm potensialının gücləndirilməsini, investisiyaların təşviqini, xidmət keyfiyyətinin yüksəldilməsini və sektorun rəqəmsallaşdırılmasını nəzərdə tutur.
Ölkəmizin zəngin təbiəti, qədim tarixə malik abidələri, milli adət-ənənələri və əlverişli coğrafi mövqeyi turizmin inkişafı üçün mühüm imkanlar yaradır. Son illərdə dövlət tərəfindən həyata keçirilən layihələr, müasir hotellərin və turizm komplekslərinin inşası, yol və nəqliyyat infrastrukturunun yenilənməsi bu sahənin inkişafını sürətləndirir. Bununla yanaşı, ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycanın turizm ölkəsi kimi tanınmasına və turist axınının artmasına töhfə verir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, bənzərsiz təbiəti, mədəni-tarixi irsi və özünəməxsus mətbəxi turistlərin diqqətini cəlb edən əsas amillərdəndir. Ucqar ərazilərdə də müasir tələblərə cavab verən nəqliyyat infrastrukturunun yaradılması turizmin inkişafında mühüm rol oynayır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, turistlərin rahatlığını təmin etmək və yol turizminin səmərəliliyini artırmaq məqsədilə regionlarda yollar əsaslı təmir olunur, yol kənarlarında yaşıllıqlar salınır. Xüsusilə dağ kəndlərinə aparan yollarda təhlükəsiz hərəkət şəraitinin yaradılması və asfalt örtüyünün müasir tələblərə uyğunlaşdırılması həmin ərazilərə səfərləri daha rahat və cəlbedici edir.
Dövlətin diqqət və qayğısı sayəsində kənd turizmi yalnız rayon mərkəzlərində deyil, ucqar kəndlərdə də inkişaf edir. Bu proses iqtisadiyyatın güclənməsinə və əhalinin gəlirlərinin artmasına şərait yaratmaqla yanaşı, regionların sosial-iqtisadi inkişafını sürətləndirir və bölgələrdə turizm üçün yeni imkanlar açır. Belə bölgələrdən biri də Göygöl rayonudur. Göygöl turizmin inkişafı baxımından ölkənin yüksək potensiala malik ərazilərindən biridir. Son illərdə rayonun turizm mərkəzlərindən birinə çevrilməsi istiqamətində müvafiq işlər görülür. Tarixi abidələr və görməli yerlər diqqətlə araşdırılır, yol infrastrukturunun yaxşılaşdırılması və kənd turizminin inkişafı istiqamətində tədbirlər həyata keçirilir.
Göygöl rayonunun relyefi dağlıq, dağətəyi və düzənlik ərazilərdən ibarətdir. Rayonun ən yüksək nöqtəsi Kiçik Qafqazın Murovdağ silsiləsində yerləşən, dəniz səviyyəsindən 3724 metr yüksəklikdəki Gamışdağ zirvəsidir. Göygöl şəhəri isə dəniz səviyyəsindən təxminən 600 metr yüksəklikdə yerləşir. Gəncə şəhəri, Kəlbəcər, Daşkəsən, Şəmkir, Samux və Goranboy rayonları ilə həmsərhəd olan Göygölün ərazisində məşhur Kəpəz dağı, Göygöl, Maralgöl, Zəligöl və Aynagöl yerləşir. Quşqara, Gəncə və Kürək çayları da rayon ərazisindən keçir.
Göygöl rayonunda əsrlərin yadigarı olan çoxsaylı tarixi abidələr mövcuddur. Çaykənddə Ağ körpü, Gəncə çayı üzərindəki Üçtağlı körpü, Anahid məbədi, Birtağlı körpü, XII əsrə aid qala və digər tarixi məkanlar rayonun zəngin irsini əks etdirir. Bundan başqa, rayon ərazisində yerli əhəmiyyətli 31 abidə, 8 kurqan, nekropol və açıq düşərgə olduğu qeyd edilir. 1854-cü ildə almanlar tərəfindən inşa edilmiş Lüteran kilsəsi hazırda tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir.
Turistləri Göygölə cəlb edən əsas amillərdən biri rayonun füsunkar təbiətidir. Son illərdə Göygöl kəndlərində istirahət etmək istəyən yerli və xarici turistlərin sayında artım müşahidə olunur. Turistlər ekoloji baxımdan təmiz və təbiəti qorunub saxlanılmış kəndlərə üz tutmağa üstünlük verirlər. Rayonda turizm infrastrukturunun inkişafı üçün imkan və şəraitin genişləndirilməsi istiqamətində də tədbirlər görülür.
Rayonda turizmin inkişafına təkan verən amillərdən biri də qədim tarixə və alman irsinə hörmətlə yanaşılmasıdır. 1819-cu ildə alman kolonistləri tərəfindən Helenendorf adı ilə əsası qoyulan Göygöl şəhəri Avropa mədəniyyətinin izlərini qoruyub saxlayan açıq səma altında muzeyi xatırladır. Vaxtilə alman ailələrinin yaşadığı evlərin tarixi görkəmi qorunmaqla əsaslı təmir edilməsi rayona gələn xarici qonaqların, xüsusilə Almaniyadan olan turistlərin marağını artırır.
Son illərdə rayon sakinlərinin bir qismi kənd turizmindən əldə etdikləri gəlir hesabına dolanışıqlarını təmin edirlər. Ucqar kəndlərə yeni yolların çəkilməsi, su, qaz və enerji təminatının yaxşılaşdırılması bu inkişafı dəstəkləyən amillərdəndir. Yaradılmış infrastruktur kənd sakinlərinə yerli və xarici turistləri qəbul etmək, mənzillərini kirayəyə vermək və öz məhsullarını satışa çıxarmaqla əlavə gəlir əldə etmək imkanı yaradır. Turistlər, əsasən, Göygölə yaxın ərazilərdə yerləşən kəndlərdə istirahət etməyə üstünlük verirlər. Aşıqlı, Yeni Zod, Toğanalı, Topalhəsənli, Üçbulaq, Bənövşəli, Şəhriyar və digər kəndlərdə istirahət edən qonaqlar Göygöl Milli Parkına da rahatlıqla səfər edə bilirlər.
Beləliklə, turizm ölkə iqtisadiyyatında mühüm yer tutur. “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026 – 2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi bu sahənin gələcək inkişafına əlavə imkanlar yaradacaq. Mövcud potensialdan səmərəli istifadə olunması və dövlət dəstəyinin davam etdirilməsi turizm sektorunun daha da inkişafına, Azərbaycanın xarici turistlər üçün cəlbediciliyinin artmasına və beynəlxalq turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradacaq.
Aydın Hüseynzadə,
Azərbaycan Texnologiya Universitetinin (ATU) Turizm fakültəsinin I kurs tələbəsi
Pul uşaqlardan, yetimlərdən, yoxsullardan və səhiyyə sistemlərindən götürülür...