PDF Oxu

Sosial

  • 632

“Sürgün sevgi” tamaşası teatra yeni əhval-ruhiyyə, yeni üslub və nəfəs gətirdi - FOTOLAR

“Sürgün sevgi” tamaşası teatra yeni əhval-ruhiyyə, yeni üslub və nəfəs gətirdi - FOTOLAR

(Tamaşa haqqında düşüncələrim)

58 illik maraqlı tarixə malik Sumqayıt Dövlət Dram Teatrı ilə mənim mənəvi bağlarım hələ dörd yaşımdan - 1993-cü ildən başlayır. O illərdə bu sənət ocağı Sumqayıt Dövlət Musiqili-Dram Teatrı adlanırdı. Məhz həmin vaxt Akif Həsənoğlunun müəllifi olduğu və Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun quruluş verdiyi “Yanmış evin nağılı” tamaşasında baş qəhrəmanın Xalq artisti Kazım Abdullayevin qızlarından birini oynadım. Daha sonra digər tamaşalarda da uşaq rolları ilə səhnəyə çıxdım. Valideynlərimin hər ikisinin incəsənət xadimi olması səbəbindən, gözümü açandan evimizdə həmişə teatr, musiqi və sənət haqqında dərin mövzular müzakirə olunub. Uzun illər atamın yolu ilə gedib teatr rejissoru olmaq arzusu ilə yaşasam da, taleyim məni mədəniyyətin digər bir qolu olan musiqi ilə bağladı və mən xor dirijoru oldum. Lakin bu seçim məni teatrdan uzaqlaşdırmadı, teatrla olan sarsılmaz bağlarım heç vaxt qopmadı. Bu gün də atamla birlikdə tamaşaları təhlil etməkdən xüsusi zövq alıram. Fikirlərimizin üst-üstə düşdüyü və ya xırda mübahisələrin yarandığı bu mədəni fikir mübadilələri mənim üçün dünyada ən gözəl və dəyərli müzakirələrdir. Bu kiçik müqəddiməni ona görə qeyd etdim ki, əziz oxucu mənim teatr sənətinə yad bir insan olmadığımı və bu sahədən az-çox anlayışım olduğu bilinsin.

Bu yaxında Xalq şairi Sabir Rüstəmxanlının teatrın səhnəsində canlanan “Sürgün sevgi” milli faciəsi haqqında düşüncələrimi bölüşmək istəyirəm. Xalq şairinin özünün “Akademikin son əsəri” romanının motivləri əsasında qələmə aldığı bu pyes, görkəmli alim Ziya Bünyadovun keşməkeşli və böyük mübarizələrlə dolu həyatına həsr olunub. Əsərin süjet xəttinin mərkəzində ötən əsrin 30-50-ci illərində Azərbaycan xalqının məruz qaldığı amansız repressiya tarixini araşdıran Akademik Ziyad Şıxlının taleyi dayanır. Bununla paralel olaraq, pyesdə 1980-ci illərdən etibarən Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları, alovlanan Milli Azadlıq Hərəkatı və bu hərəkatı qan içində boğmaq məqsədilə 1990-cı ilin yanvarında Sovet ordusunun Bakıya yeridilməsi kimi tarixi hadisələr böyük ustalıqla canlandırılır. Bu qanlı faciə məşhur akademiki Sovet ordusunun zabiti olan doğma oğlu Valodiya ilə qarşı-qarşıya qoyur və alim bu mürəkkəb, çıxılmaz vəziyyətdən xilas yolları axtarır.

Pyesdə həmçinin 1930-cu illərdə Qazaxıstana sürgün edilmiş bir ailənin vətənə bağlılığından bəhs edən maraqlı və təsirli bir tarixçə yer alıb. Əsəri dramaturji baxımdan cəlbedici edən ən mühüm cəhət oradakı kəskin konfliktlərdir. Məlumdur ki, pyes məhz kəskin ziddiyyətlər üzərində qurulanda uğurlu alınır. Digər sevindirici hal isə müəllifin ən kiçik personajı belə dolğun bir obraz səviyyəsində işləməsidir ki, bu da aktyora öz rolunu səhnədə tam dolğunluğu ilə açmağa geniş imkan yaradır.

Tamaşanın məşq prosesini yaxından izləmiş bir şahid kimi, Ağalar İdrisoğlunun necə böyük bir səbirlə işlədiyini, aktyor heyətinin isə necə yüksək yaradıcılıq eşqi ilə məşq etdiyini vurğulamalıyam. Epizodik rollardan tutmuş baş qəhrəmanlara qədər hər kəs öz işinə son dərəcə ciddi yanaşdı və səmimiyyətlə deyə bilərəm ki, bu çətin, məsuliyyətli yaradıcılıq işinin öhdəsindən məharətlə gəldilər. Bir tamaşanın peşəkarlığı rejissorun səhnədə vahid və harmonik bir ansambl yarada bilməsindən asılıdır; bu səhnə əsərində həmin monolit harmoniya özünü tam mənası ilə büruzə verirdi. Məhz buna görə də, bir saat əlli dəqiqə davam edən tamaşanı izləyicilər böyük bir maraq və heyranlıqla izlədilər. Premyerada aktyorları tez-tez alqışlayan və “Bravo!” sədaları yüksələn tamaşaçı sevgisi, bu əsərin rəğbət qazandığının ən bariz sübutu idi.

Tamaşanın uğurlu premyerasından sonra mən quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna müraciət etdim. Ondan düz 29 ildən sonra yenidən bu teatra qayıtmasının tarixçəsini, tamaşanın rejissor üslubunu və bu səhnə əsəri haqqında ümumi təəssüratlarını bölüşməsini xahiş etdim. O, bu barədə fikirlərini mənimlə belə bölüşdü:

-Məni yenidən bu doğma səhnədə tamaşa hazırlamağa teatrın direktoru Samir Şəfiyev dəvət etdi. Düzünü desəm, ilk vaxtlar bu təklifə müəyyən tərəddüdlə yanaşırdım. Çünki tam iyirmi doqquz il əvvəl Mədəniyyət Nazirliyi ilə yaşanan bəzi administrativ konfliktlər səbəbindən öz ərizəmlə bu teatrdan ayrılmışdım. Buradan getdikdən sonra Dağıstana yollanaraq orada Musiqili-Estrada Teatr truppasını təsis etdim və üç il fəaliyyət göstərdim. Daha sonra Azərbaycana qayıdaraq bir müddət Dövlət Gənclər Teatrının quruluşçu rejissoru kimi çalışdım. 2009-cu ildə isə bu sənət ocağı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı ilə birləşdirildikdən sonra fəaliyyətimi orada quruluşçu rejissor vəzifəsində davam etdirməyə başladım.

Lakin bütün bunlara rəğmən, Sumqayıt teatrı mənim üçün hər zaman müqəddəs və doğma bir məkan olaraq qalıb. Çünki mənim bu divarlarla bağlarım çox dərindir: 1976–1985-ci illərdə bu teatrda aktyor, 1989–1997-ci illərdə isə bədii rəhbər və direktor vəzifələrində çalışmışam. Teatr ictimaiyyətinə yaxşı məlumdur ki, mənim rəhbərlik etdiyim dövr bütövlükdə Sovetlər Birliyinin süqutuna, xaos və hərc-mərclik illərinə təsadüf edirdi. Həmin çətin günlərdə Sumqayıt Dövlət Musiqili-Dram Teatrının var gücü ilə yaşaması və fəaliyyət göstərməsi üçün bütün bacarığımı, enerjimi səfərbər etmişdim. Təkcə bir faktı qeyd etmək kifayətdir: 1989-cu ildə mən rəhbərliyə gələndə teatrın artıq iyirmi yaşı tamam olmuşdu və bu iyirmi il ərzində cəmi altmış tamaşa hazırlanmışdı. Mənim rəhbərlik etdiyim təxminən on illik dövrdə isə biz kollektivlə birlikdə daha altmış yeni tamaşaya həyat verdik.

Bununla yanaşı, 1991-ci ildə teatrın statusunun yüksəldilərək Musiqili-Dram Teatrına çevrilməsinə nail olduq. Bu mühüm qərarın reallaşmasında Azərbaycanın o zamankı Baş naziri, hörmətli Həsən Həsənovun əvəzsiz dəstəyi oldu. Teatra əlavə səksən ştat vahidi ayrıldı və bununla da kollektivin sayı yüz səksən nəfərə çatdı. Yenilənmiş teatrın ilk musiqili səhnə əsəri dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası oldu və bu tamaşaya quruluş vermək mənim öhdəmə düşdü. Bəlkə də təvazökarlıqdan uzaq görünə bilər, lakin böyük qətiyyətlə deyə bilərəm ki, mənim rəhbərliyim dövründə teatr özünün əsl intibah dövrünü yaşadı...

Həmin illərdə şərait olduqca ağır idi. 1988-ci idən etibarən Mədəniyyət Nazirliyi tərəfindən teatrın əməkhaqqı fondu cəmi yetmiş beş faiz həcmində maliyyələşirdi; qalan iyirmi beş faizini teatr özü qazanmalı idi. Üstəlik, teatrlar üçün ənənəvi olaraq beş tamaşanın hazırlanmasına ayrılan quruluş xərcləri də tamamilə kəsilmişdi. Bu səbəbdən ölkədəki teatrların demək olar ki, hamısı iflic vəziyyətinə düşmüşdü. Lakin biz ruhdan düşmədik. Sumqayıtın o zamankı rəhbərləri -hamımızın ağsaqqal kimi qəbul etdiyimiz mərhum Zülfü Hacıyev, mənim yaxın dostlarım Eldar İsmayılov və Şakir Abışovun böyük dəstəyi, eləcə də şəhərin nəhəng zavod direktorlarının köməkliyi sayəsində teatrı ayaqda saxlamağı bacardıq. Maddi çətinliklərə rəğmən, hər il nəzərdə tutulan beş tamaşa əvəzinə, böyük fədakarlıq göstərərək altı-yeddi yeni səhnə əsəri ərsəyə gətirirdik. Həmin illərdə yaradıcılıq tempimiz o qədər yüksək idi ki, həftənin ən azı dörd günü axşam tamaşaları ilə izləyicilərin görüşünə gəlir, paralel olaraq beş gün də məktəblilər üçün xüsusi repertuarla çıxış edirdik. Bu işdə bizə Sumqayıt Maarif Şöbəsinin o zamankı müdirləri Əməkdar müəllim Ofelya xanım Babayeva və Vidadi Bağırov böyük dəstək göstərirdilər.

Təəssüf ki, mənim gedişimdən sonra teatr musiqili tamaşaların hazırlanması ənənəsini davam etdirə bilmədi, yaradılmış orkestr və balet truppası zamanla dağıldı. Hamımız bilirik ki, hər hansı bir dəyəri ərsəyə gətirmək, qurmaq nə qədər çətin və zaman tələb edəndirsə, onu məhv etmək, dağıtmaq bir o qədər asandır. Baş verən bu proseslər mənə mənəvi baxımdan çox ağır gəlirdi və məhz bu səbəbdən yenidən bura qayıdıb tamaşa hazırlamağa könlüm yox idi.

Lakin ötən ilin əvvəlində fərqli bir hadisə yaşandı. Tələbəm Rauf Ağakişiyev mənim vaxtilə dilimizə tərcümə etdiyim və hələ 1993-cü ildə səhnələşdirdiyim Geor Xuqayevin “Varlı ev” pyesinə müraciət etmək istədiyini bildirdi. O, əsərin baş qəhrəmanı olan Beçir rolunu canlandırmağı arzulayırdı və mən də aydın görürdüm ki, Rauf bir aktyor kimi artıq bu mürəkkəb obraz üçün tam yetişib. Maraqlıdır ki, əsərin ilk quruluşunda Rauf hələ gənc idi və Beçirin oğlu Uari obrazını böyük uğurla oynamışdı. Həmin ilk tamaşamız o qədər böyük əks-səda doğurmuşdu ki, hətta Azərbaycan Dövlət Televiziyası tərəfindən lentə alınaraq qızıl fonda daxil edilmişdi. O vaxt Beçir rolunu Xalq artisti Məzahir Süleymanov çox ustadlıqla ifa etmişdi. Ümumiyyətlə, həmin tamaşada oynayan truppanın hər bir üzvü öz rolunun öhdəsindən yüksək peşəkarlıqla gəlmişdi.

Sonradan bu pyesə ikinci dəfə Xalq artisti Firudun Məhərrəmov quruluş verdi. Bu quruluşda baş rolu oynayan Rauf Ağakişiyev Beçir obrazını son dərəcə peşəkar və təsirli şəkildə canlandırmağı bacardı. Elə bu mükəmməl ifasına görə də o, Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyii nüfuzlu “Qızıl Dərviş” mükafatına layiq görüldü. Bir ustad kimi tələbəmin bu zirvəyə ucalması mənim üçün ən böyük xoşbəxtlik və qürur mənbəyidir. Üstəlik, teatrın direktoru Samir Şəfiyev bu uğurlu tamaşanın nümayişi ilə sənət ocağında mənim 75 illik yubileyimi də yüksək səviyyədə qeyd etdi. Bu yubiley gecəsi də sənətsevərlər tərəfindən çox böyük rəğbət və istiliklə qarşılandı. Məhz bu mənəvi atmosferdən sonra daxilimdə bir qərar verdim: mən də bu teatra olan mənəvi borcumu qaytarmalı idim. Yəni teatrı düşdüyü bu durğunluqdan, problemlərdən çıxarmaq üçün direktora kömək etməli idim. Beləliklə, direktor Samir Şəfiyevin əvvəlki dəvətini və təklifini qəbul etdim.

Həmin dönəmdə biz Xalq şairi Sabir Rüstəmxanlı ilə eyni vaxtda iki pyes üzərində işləyirdik. Bunlardan biri Qarabağ müharibəsinin ağrılarına həsr olunmuş “Yay tətili”, digəri isə Sabir bəyin “Akademikin son əsəri” romanının motivləri əsasında qələmə aldığı “Sürgün sevgi” pyesi idi. Qeyd edim ki, Sabir Rüstəmxanlı ilə bizim dramaturq-rejissor dialoqumuz, müştərək işimiz hər zaman çox uğurlu alınıb, bədii baxışlarımız tam üst-üstə düşür. Bu səbəbdən biz əvvəllər də onunla iki pyes işləmişdik. “Uzaq əsrlərin həqiqəti” və “Nuhun gəmisi”.

“Uzaq əsrlərin həqiqəti” pyesini mən 1988-ci ilin sonlarında, rəhbərlik etdiyim Ağdam Dövlət Dram Teatrında tamaşaya hazırlayırdım. Lakin 1989-cu ilin əvvəlində rəsmi təyinatla Ağdamdan Sumqayıt Teatrına göndərildim. Mənim gedişimdən sonra tamaşanın quruluş işlərini həmin səhnə əsərində ikinci rejissor olan Cahid Hilaloğlu öz öhdəsinə götürdü.

Cahid Hilaloğlu teatr tariximizin və milli azadlıq hərəkatımızın ən parlaq simalarından biridir. O, hələ 1960-cı illərdə sovet rejiminə qarşı çıxan ilk mücahidlərdən olmuş, üçrəngli milli bayrağımızı Qız qalasının zirvəsindən asmaq cəsarəti nümayiş etdirmişdi. Bu fədakarlığına görə həbs edilmiş və uzun illər həbsxana həyatı yaşamışdı. Azadlığa çıxdıqdan sonra isə o zamankı Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru, böyük ziyalı Rahib Hüseynov ona sahib çıxaraq institutun nəzdindəki Tədris Teatrına rejissor ştatına qəbul etmişdi. Mən institutda təhsil aldığım illərdə Cahid müəllimin orada quruluş verdiyi Cəfər Cabbarlının “Aydın” tamaşasını heyranlıqla izləmişdim; baş rolu Xalq artisti Mikayıl Mirzə peşəkarlıqla canlandırırdı. Sonradan Rahib Hüseynovu vəzifəsindən uzaqlaşdırıb həbs etdikdə, Cahid Hilaloğlunu da təzyiqlərlə işdən çıxartdılar. Mən isə onun necə istedada sahib olduğunu bildiyim üçün Mədəniyyət Nazirliyi ilə danışıqlar aparıb, onu Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor ştatına gətirdim. O, həqiqətən də çox savadlı bir rejissor, dərin dünyagörüşünə malik bir şəxsiyyət idi.

Mən Ağdam teatrından getdikdən sonra kollektiv müəyyən bir yaradıcılıq böhranı yaşadı və Cahid müəllim təkbaşına tamaşanı yekunlaşdıra bilmədi. Yalnız Əməkdar artist Nazir Rüstəmov Ağdam teatrına rəhbər gəldikdən sonra tamaşanın məşqləri yenidən bərpa olundu. Beləliklə, Sabir Rüstəmxanlının “Uzaq əsrlərin həqiqəti” pyesinin premyerası 1990-cı ilin 18 yanvar tarixinə planlaşdırıldı. Biz Sabir bəylə birlikdə premyeraya getməyə hazırlaşırdıq. Lakin həmin günlərdə Bakıda və ölkədə vəziyyət son dərəcə gərgin və ağır olduğu üçün (20 Yanvar hadisələri ərəfəsi), əfsus ki, Ağdama yola düşə bilmədik... Tamaşa həmin gün cəmi bir dəfə oynanıldı. Bu səhnə əsəri Zərdüştlük dövrünə həsr olunsa da, sətiraltı mənalarla Sovet quruluşunun bütün eybəcərliklərini, repressiv mahiyyətini çılpaqlığı ilə ortaya qoyurdu. Məhz bu inqilabi ruhuna görə imperiya məmurları tamaşanın növbəti nümayişlərinə qəti qadağa qoydular. Çox keçmədən Cahid Hilaloğluna qarşı böyük basqılar başladı və bu azadlıq mücahidi müəmmalı bir şəkildə, sifarişli olduğu şübhə doğurmayan avtomobil qəzasında həyatını itirdi, onu vuran sürücü isə tapılmadı. Həmin ağır günlərdə Sabir Rüstəmxanlı mətbuatda ürək ağrısı ilə belə bir cümlə yazmışdı: “Mənim Ağdam Dövlət Dram Teatrında qoyulan “Uzaq əsrlərin həqiqəti” tamaşam da şəhid oldu”. Sonradan, 1996-cı ildə Sabir bəyin 50 illik yubileyi münasibətilə bu pyesdən parçalar, onun “Cavad xan” poeması, digər əsərləri və şeirləri əsasında “Sabir Rüstəmxanlının portret cizgiləri” adlı ədəbi-bədii kompozisiya hazırladım. Böyük rəğbətlə qarşılanan bu tamaşa da Azərbaycan Dövlət Televiziyası tərəfindən lentə alınaraq qızıl fonda daxil edildi.

Bütün bu tarixi yollardan sonra qərara gəldim ki, Sabir bəyin “Sürgün sevgi” milli faciəsini məhz doğma Sumqayıt Dövlət Dram Teatrında səhnəyə hazırlayım. Daxilən tam əmin idim ki, əsərdəki mürəkkəb Akademik obrazını Rauf Ağakişiyevdən daha mükəmməl heç kim oynaya bilməz. Həmin vaxta qədər teatrın beş-altı tamaşasına baxmışdım, oradakı gənc və istedadlı aktyor potensialı da məni məmnun etmişdi. Mənim bu təklifimi həm əsərin müəllifi, həm də teatrın direktoru böyük məmnuniyyətlə bəyəndilər və biz aprel ayının 15-də “Sürgün sevgi”nin məşqlərinə başladıq.

Lakin mən bu teatra təkcə bir pyeslə deyil, bütöv bir yaradıcı komanda, sənətkar heyəti ilə gəldim. Tamaşanın ərsəyə gəlməsi üçün müəllif Sabir bəylə yanaşı, dostum, əvvəllər də bir neçə tamaşama bənzərsiz musiqilər bəstələmiş Əməkdar incəsənət xadimi Cavanşir Quliyevi, vaxtilə Sumqayıt teatrını Musiqili-Dram Teatrı etdiyim illərdə çiyin-çiyinə çalışdığım xor dirijoru, Əməkdar müəllim Firəngiz xanım Xəlilovanı, uşaqlıq illərindən istedadına bələd olduğum baletmeystr Kamil Ağazadəni, rəssam olan tələbəm Nizami Dadaşevi və Rəssamlıq Akademiyasını bitirsə də, teatrda fərqli sahədə çalışan Osman Salmanovu prosesə cəlb etdim. Hətta bu tamaşa haqqında və onun reklamını qurmaq üçün cavanlıq dostum, mənim demək olar ki, bütün tamaşalarımın fotosunu çəkən, videosunu hazırlayan, çox maraqlı fotoqraf-jurnalist, Beynəlxalq səviyyəli “Az. Press Az” saytının yaradıcısı Rasim Sadıqovu da bu işə cəlb elədim. Hamımız böyük bir eşqlə, çiyin-çiyinə verdik. Bu yaradıcılıq marafonunda məni ən çox sevindirən məqam isə direktor Samir Şəfiyev başda olmaqla, bütün teatr kollektivinin bu tamaşanın peşəkar səviyyədə hazırlanması üçün əllərindən gələni əsirgəməməsi və göstərdikləri böyük fədakarlıq oldu.

Azərbaycanın Mədəniyyət naziri, hörmətli Adil Kərimli də bu səhnə əsərinin Xalq şairi Sabir bəyin 80 illik yubileyi münasibətilə dövlət sifarişi kimi hazırlanması barədə müvafiq əmr imzaladı və tamaşaya lazımi maliyyə vəsaiti ayrıldı. Burada bir tarixi həqiqəti mütləq dilə gətirməliyəm: mən bu günə qədər beş fərqli Mədəniyyət nazirinin dövründə çalışmışam, onlarla yaxından təmasda olmuşam. Gənclik illərimdən, hələ mərhum Zakir Bağırovun rəhbərliyi dövründən teatr sahəsində məsul vəzifələr daşımışam. Məhz Zakir müəllimin təkidindən sonra Moskvaya yollanaraq A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutuna (indiki Beynəlxalq Teatr Akademiyası) qəbul olundum. Orada təhsil aldığım beş il ərzində bu böyük ziyalı Moskvada maddi və mənəvi çətinlik çəkməməyim üçün əlindən gələn hər köməkliyi göstərdi, maliyyə problemlərimi həll etdi. O, mənim quruluş verdiyim tamaşaları hər zaman böyük maraq və həvəslə izləyirdi. Məhz onun dəstəyi sayəsində 1986-cı ildə Ağdam Dövlət Dram Teatrının həm baş rejissoru, həm də direktoru vəzifələrinə irəli çəkildim. SSRİ Xalq artisti Adil İsgəndərovdan sonra bu iki məsuliyyətli vəzifənin eyni vaxtda bir şəxsə etibar olunması teatr tariximizdə ilk dəfə məhz mənə o zamankı Ağdam rayonunun birinci katibi Sadıq Murtuzayevin və nazir Zakir Bağırovun sayəsində qismət oldu. Digər keçmiş nazirlərimiz məndən inciməsinlər, lakin bir həqiqəti etiraf etməliyəm ki, Zakir Bağırovdan sonra ikinci əsl nazir fədakarlığını mən yalnız cənab Adil Kərimlidə görürəm. Adil müəllim son dərəcə təvazökar, sadə və səmimi bir insandır. O, bütün varlığı ilə çalışır ki, Azərbaycan mədəniyyəti və teatrları uzun illərdir davam edən bu durğunluq zolağından çıxsın, özünün keçmiş şöhrətini və əzəmətini yenidən bərpa edə bilsin. Bax, belə bir Mədəniyyət naziri hər cür alqışa və təqdirə layiqdir. Biz də öz növbəmizdə, peşəkar yaradıcılıq işimizlə əlimizdən gələni etməliyik ki, bu çətin və şərəfli sənət yolunda ona layiqincə dəstək olaq. Beləliklə, gərgin və fədakar məşqlərdən sonra biz “Sürgün sevgi” tamaşasını ərsəyə gətirib tamaşaçıların ixtiyarına verdik. Həm də teatrın çoxlu problemlərini həll etdik. Mən bu tamaşanın quruluşunda sadəcə Konstantin Stanislavski və Vladimir Nemiroviç-Dançenkonun klassik “yaşama məktəbi” prinsipləri ilə kifayətlənməmişəm; eyni zamanda Vsevolod Meyerhold və Bertolt Brextin novator üslublarından da geniş istifadə etmişəm. Məlumdur ki, Meyerholdun əsas qayəsi teatrı həyatın cansız, natüralist bir kopyası olmaqdan xilas etmək, onu hərəkət, ritm, plastika və şərtilik üzərində qurulan canlı, dinamik bir sənət növünə çevirmək idi. O, teatr aləminə yeddi böyük yenilik bəxş etdi: 1. Biomexanika sistemi: Aktyorun bədənini bir musiqiçinin əlindəki mükəmməl alət səviyyəsinə qaldırdı. 2. Səhnə tərtibatı inqilabı: Ənənəvi, statik dekorasiya anlayışını kökündən dəyişdi. 3. Şərtilik və plastika: Aktyor oyununda bədən dilinin və simvolizmin rolunu maksimum dərəcədə gücləndirdi. 4. Rejissor teatrı: Rejissorun səhnədəki bədii və yaradıcı statusunu yeni bir mərhələyə ucaltdı. 5. Dördüncü divarın sındırılması: Səhnə ilə tamaşaçı zalı arasındakı vizual və mənəvi münasibəti yenidən qurdu. 6. Yeni aktyor hazırlığı: Aktyorların fiziki və akrobatik təliminə yeni, elmi yanaşma gətirdi. 7. Avanqardizm: Müasir avanqard teatrın inkişaf yollarını açdı. Çox maraqlıdır ki, dünya teatrının digər bir dühası Bertolt Brext də səhnə sənətinə özünün yeddi unikal üsulunu gətirib: 1. Epik teatr üslubu: Qədim Şərq teatr məktəbinin bədii fəlsəfəsindən qaynaqlanan yeni bir anlayış forması yaratdı. 2. Özgələşdirmə effekti: Tamaşaçının hadisələrə emosional deyil, tənqidi baxmasını təmin etdi. 3. Sosial jest. Tamaşaya dərin ictimai və sinfi məna daşıyan fiziki hərəkət estetikasını gətirdi. 4. Nümayişkar aktyorluq: Aktyordan rolu sadəcə daxilən yaşamağı deyil, həm də onu kənardan tənqidi şəkildə təqdim etməyi tələb etdi. 5. Konstruktiv və sadə tərtibat: Səhnədə minimalizmə, şərtiliyə və funksionallığa üstünlük verdi. 6. Musiqi və zondlar: Tamaşada mahnı və musiqini süjeti kəsən bədii-analitik vasitəyə çevirdi. 7. İctimai və tərbiyəvi missiya: Teatrın cəmiyyəti dəyişdirmək gücünü genişləndirdi. Brext teatrı sosial ədalətsizliyi, müharibələri, istismarı və insan davranışlarını təhlil edən ən kəsərli vasitə hesab edirdi. O deyirdi: “Tamaşaçı zalı təkcə təsirlənərək deyil, həm də dərindən düşünərək tərk etməlidir”. Beləliklə, əgər Meyerhold aktyorun fiziki hazırlığını və səhnə plastikasını yeniləşdirmişdisə, Brext isə teatrın fəlsəfi, ictimai-tənqidi imkanlarını genişləndirmişdi. Bu mənada, Stanislavski və Nemiroviç-Dançenko teatrda emosiyaya və daxili yaşantıya, Brext isə daha çox rasionallığa və intellektual düşüncəyə önəm verirdi. Bunların hər ikisi sənət üçün eyni dərəcədə əhəmiyyətlidir; fərq sadəcə hansı təsir gücünün ön plana çəkilməsindədir. Məhz bu səbəbdən, mən “Sürgün sevgi” tamaşasını bu nəhəng sistemlərin Stanislavski, Nemiroviç-Dançenko, Meyerhold və Brext üslublarının mükəmməl bir sintezi üzərində qurdum. Ola bilər ki, bu polifonik üslub bizim teatrlarımızda yalnız ənənəvi “yaşama məktəbi”ni görməyə alışmış bəzi tamaşaçıların və ya mütəxəssislərin ilk baxışda xoşuna gəlməsin. Lakin bu sistemlərin vəhdəti dünya teatrında çox məşhurdur və qabaqcıl rejissorlar bu üslubdan ustadlıqla istifadə edirlər. Buna ən parlaq nümunə kimi Moskvadakı məşhur Taqanka Teatrını göstərə bilərəm. Teatrın banisi Yuri Lyubimov öz şah əsərlərini, xüsusilə də “Secuandan gəlmiş xeyirxah adam”, “Hamlet” və “Dünyanı lərzəyə salan on gün” tamaşalarını məhz bu sintez üslubunda ərsəyə gətirmişdi. “Lenkom” teatrının bədii rəhbəri Mark Zaxarovun vizit kartı sayılan “Yunona və Avos” və onlarla digər tamaşası da bu üslubun məhsulu idi. Böyük rejissor Georqi Tovstonoqov Sankt-Peterburq teatrında “Atların tarixi” və “Enerjili adamlar” əsərlərini bu estetika ilə hazırlamışdı. Panevejes teatrının yaradıcısı Juozas Miltinis, Gürcüstanda isə Tovstonoqovun yetirməsi Mixail Tumanaşvili bu stildən dahiyanə şəkildə istifadə edirdilər. Tumanaşvilinin sənət davamçıları olan Robert Sturua, Temur Çxeidze və Qoqo Kaftaradzenin də quruluş verdiyi tamaşalar bunun bariz sübutudur. Hətta vaxtilə Robert Sturua haqqında qələmə aldığım məqalələrdə onun özü də bu sintez üslubunun teatra gətirdiyi böyük vizual və dramaturji uğurlardan geniş bəhs etmişdi. Tale mənə elə xoşbəxtlik qismət edib ki, Moskvada təhsil aldığım illərdə Bertolt Brextin rəhbərlik etdiyi “Berliner Ensemble” teatrının repertuarında qorunub saxlanılan, sənətkarın öz quruluşundakı “Kuraj ana və uşaqları”, “Qafqaz təbaşir dairəsi” və “Qalileyin həyatı” kimi əfsanəvi tamaşaları canlı izləmək imkanım olub. Eyni zamanda Yuri Lyubimovun, Mark Zaxarovun ustad dərslərində və yaradıcılıq söhbətlərində yaxından iştirak etmişəm. Mənim bilavasitə rejissorluq müəllimim olmuş Aleksandr Aleksandroviç Barmak da bu zəngin üslubdan istifadə etməklə teatr tarixinə düşən və yaddaşlardan silinməyən unudulmaz tamaşalar hazırlamışdı.

Azərbaycanda isə bu qabaqcıl sintez üsulunun təməlini ilk dəfə mənim dostum və sənət müəllimim Mehdi Məmmədovdan sonra özümə müəllim saydığım rejissor Vaqif Abbasov qoymuşdur. Vaqif Abbasov 1974-cü ildə Moskvada Dövlət Teatr Sənəti İnstitutunun (GİTİS) Musiqili teatr rejissorluğu fakültəsini görkəmli sənətkar İosif Tumanovun sinfini bitirmişdi. Mən də 1986-cı ildə məhz həmin fakültənin məzunu oldum. Bu gün böyük fərəh hissi ilə qeyd edirəm ki, vaxtilə ustadım Vaqif Abbasov haqqında monoqrafik kitab qələmə almışam. O, 1975-ci ildə Şəki Dövlət Dram Teatrının bədii simasını məhz bu fəlsəfi sintez üslubunda formalaşdırmışdı. Sonradan bu mütərəqqi üslubun incəliklərini ondan Hüseynağa Atakişiyev, Rövşən Almuradlı və mən öyrəndik. Vaqif Abbasovun o illərdə Şəki teatrında hazırladığı Vilyam Şekspirin “Kral Lir”, Xalq şairi Nəriman Həsənzadənin “İmzalar içində” və Xalq yazıçısı Anarın “Adamın adamı” tamaşaları məhz bu estetikanın şah əsərləri idi. O, dramaturji mətni olduqca dərin və geniş təhlil etməyi bacaran çox savadlı rejissor idi. Bu maraqlı işi bizə də məhz o öyrətdi. Eyni zamanda, Xalq artisti Mərahim Fərzəlibəyovun Sumqayıt teatrında səhnələşdirdiyi “Poladəridənlər” və “Bütün Şərq bilsin” tamaşaları da bu sintez üslubunun uğurlu nümunələri idi. Maraqlıdır ki, vaxtilə “Bütün Şərq bilsin” pyesinin səhnə variantını Nəriman Həsənzadə ilə birlikdə mən işləmişdim və Mərahim Fərzəlibəyovun quruluşunda rejissor assistenti kimi fəaliyyət göstərmişdim. Mən özüm də bu günə qədərki yaradıcılığımda, quruluş verdiyim onlarla tamaşada bu sintez üslubuna müraciət etmişəm. Sumqayıt teatrında səhnələşdirdiyim Camal Yusifzadənin “Səhər qatarı”, özümün qələmə aldığım “Şah İsmayıl” tarixi faciə, Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın”, Akif Həsənoğlunun “Dünyaxanım ev axtarır”; Ağdam teatrında Alber Kamyunun “Qonaq”, Geor Xuqayevin “Qaqutsa, Babutsa, Danel, Dramanel”, Aleksandr Juxovitskinin “Şahzadə və bacatəmizləyən”; Dövlət Gənclər Teatrında “Haray”, “Tarelikinin ölümü”; Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Əcəl atı”, “Dörd əkizin nağılı”; Qusar Dövlət Ləzgi Teatrında “Xırs quldurbasan” və Mingəçevir teatrında “Caninin etirafı” tamaşalarını buna misal göstərə bilərəm. Qusar teatrında 2012-ci ildə quruluş verdiyim “Xırs quldurbasan” tamaşası artıq 14 ildir ki, sənət ocağının repertuarındadır və bu gün də anşlaqla oynanılır. Gənc Tamaşaçılar Teatrında 2013-cü ildə ərsəyə gətirdiyim “Dörd əkizin nağılı” tamaşası da repertuarın bəzəyidir və hər nümayişində azyaşlı tamaşaçıların böyük marağına səbəb olur. Yeni hazırladığımız “Sürgün sevgi” tamaşasında da izləyicilər şahid oldular ki, biz səhnədə ağır dekorasiyalardan imtina edərək, yalnız minimal, rəmzi atributlarla fərqli məkanlar yaradırıq. Tamaşada musiqi vizual təsvir qədər güclü aparıcı qüvvədir; həmçinin lazımi tarixi atmosferi vizual olaraq canlandırmaq üçün böyük ekranda real sənədli xronikalardan istifadə etmişik. Bu pyesdə ənənəvi, xətti dramaturji xətdən uzaqlaşıb, sərbəst və dinamik epizodların vəhdətinə əsaslanmışıq. Məlumdur ki, Bertolt Brextin epik pyesləri də məhz belə sərbəst epizodlardan ibarətdir. Epik-epizodik teatrın üstünlüyü ondadır ki, hər bir şəkil müstəqil ideya yükünə malikdir və bütöv struktur daxilində sənətkar quraşdırmasına (montajına) geniş imkanlar açır.

1977-ci ildən dramaturji fəaliyyətə başladığım ilk dövrlərdən bu üslubda yazmağa üstünlük vermişəm. Bu günə qədər qələmə aldığım 15 pyesin hamısı epizodik quruluşdadı, onlarda ənənəvi "pərdə" və "şəkil" anlayışları yoxdur. Hətta mənim “İnan mənə” adlı pyesim 1985-ci ildə bütövlükdə SSRİ üzrə 48 dramaturqun əsərləri arasından seçilərək üç ən böyük mükafatdan birinə layiq görüləndə, əminəm ki, əsərin kəskin, dramatik mövzusu ilə bərabər, məhz bu modern üslubu da münsiflər heyətinin diqqətini çəkmişdi. Sonradan istedadlı rejissor, Əməkdar artist Xəzər Gəncəli Qazax Dövlət Dram Teatrında mənim iki pyesimə “İnan mənə” və “Teleqram” əsərlərinə məhz bu sintez üslubunda quruluş verdi və hər iki tamaşa uzun illərdir böyük uğurla oynanılır. Əlbəttə, bu cür yenilikləri hər bir tamaşaçı dərhal qəbul etməyə bilər və mən bunu təbii qarşılayıram. Çünki bu forma Sumqayıt Dövlət Dram Teatrının səhnəsi və daimi izləyicisi üçün də tamamilə yeni bir nəfəs, yeni bir mərhələdir.

P. S. Bəli, artıq Sumqayıt Dövlət Dram Teatrının repertuarına Xalq şairi Sabir Rüstəmxanlının “Sürgün sevgi” milli faciəsi qızıl hərflərlə daxil oldu. İnanıram ki, bu tamaşa teatrın repertuarında özünə çox möhkəm və daimi yer tutacaq. Bu əsər təkcə Bakıda və bölgələrimizdə deyil, beynəlxalq festivallarda, xarici ölkə səhnələrində də oynanılmağa layiqdir. Çünki xalqımızın keçmişdə məruz qaldığı tarixi faciələri, repressiya ağrılarını və azadlıq mübarizəsini dünya birliyinin bilməsi olduqca vacibdir. Pyesdə də bu motivlər yüksək peşəkarlıqla öz əksini tapıb. Şübhəsiz ki, bu cür əsərlər xalqımızın milli birlik ruhunu daha da möhkəmləndirəcək, müstəqil dövlətimizi qorumaq üçün hər birimizi bir yumruq kimi sıx birləşdirəcəkdir. Axı biz bu müstəqilliyi asanlıqla qazanmamışıq; bu müqəddəs dövləti qurmaq naminə milyonlarla insanımız qətlə yetirilib, həbs olunub, sürgünlərə göndərilib. Biz bu gün onların yarımçıq qalmış arzularını, ideallarını reallaşdırmalıyıq. Bu isə yalnız sarsılmaz milli birlik sayəsində mümkündür. Biz 44 günlük Vətən müharibəsi dövründə bu milli birliyin, "Dəmir Yumruğ"un canlı şahidi olduq və xalqımız tarix yazaraq parlaq, möhtəşəm bir qələbə əldə etdi. Bu müqəddəs milli ideologiyanın ən böyük təbliğatçıları və carçıları isə məhz bizim yazıçılarımız, dramaturqlarımız və rejissorlarımız olmalıdır. Əgər sənətkarlarımız belə dərin məzmunlu tamaşalar hazırlayıb, təsirli kinofilmlər ərsəyə gətirsələr, xalqımızın milli ruhunu həmişə daha uca və səfərbər saxlamış olarlar.

Dünyaxanım AĞALARQIZI,

yazıçı-dramaturq, jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər