Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş növbəti tədbir Lənkəran şəhər 10 saylı tam orta ümumtəhsil məktəbinin ərazi partiya təşkilatında keçirilib.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən hər şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə, Azərbaycan Respublikasının Dövlət Himnin oxunması ilə başlanan tədbirdə məktəbin ərazi partiya təşkilatının sədri Rəsidə Məmmədova öz çıxışında Yenı Azərbaycan Partiyasının VIII Qurultayının partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıya qoyulan vəzifələrin sistemli şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətindən söz açıb. O, qurultayda səslənən fikirlərin və irəli sürülən təşəbbüslərin partiya üzvlərinin gündəlik fəaliyyətində əsas istiqamət kimi rəhbər tutulmasının vacibliyini vurğulayıb.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müzakirə olunan məsələlər, Azərbaycanın davamlı inkişaf strategiyası, dövlət siyasətinin əsas prioritetləri və ölkəmizin əldə etdiyi uğurlar barədə ətraflı məruzə edən partiya fəalı Şahin Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və cəmiyyətin qarşısında duran mühüm hədəflərin reallaşdırılmasına xidmət etdiyini bildirib. Məruzəçi, həmçinin partiya təşkilatlarının üzərinə düşən vəzifələrə toxunaraq ideoloji işin gücləndirilməsinin, partiya üzvlərinin fəallığının artırılmasının və qurultayda müəyyənləşdirilən məqsədlərin həyata keçirilməsində hər kəsin məsuliyyətli mövqe nümayiş etdirməsinin vacibliyini deyib.
Qurultayda müzakirə olunan məsələlərə münasibətlərini bildirərək qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının və məsuliyyətinin vacibliyini vurğulayan YAP fəalları Aynurə Abbasova, Fuad Əliyev və İlhamə Nurullayeva ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərdən , milli-mənəvi dəyərlərin qorunmasından , gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasından və dövlətçilik ənənələrinin yaşadılması məsələlərindən danışıblar.
Çıxışlarda təhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinin, onların vətənə məhəbbət və dövlətə sədaqət ruhunda yetişdirilməsinin, eləcə də gənclərdə fəal vətəndaş mövqeyinin formalaşdırılmasının əhəmiyyəti qeyd olunub, təhsil müəssisələri yalnız bilik və bacarıqların formalaşdırıldığı məkan deyil, eyni zamanda milli dəyərlərin, vətənə bağlılığın və vətəndaşlıq məsuliyyətinin aşılandığı mühüm ictimai mühit olduğu bildirilib.
Tədbirdə VIII Qurultayında müəyyən edilən strateji hədəflər, ölkəmizdə həyata keçirilən islahatlar, təhsil sahəsinin inkişafı, gənc nəslin vətənpərvərlik tərbiyəsi və partiya təşkilatlarının qarşısında duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı qurultayda irəli sürülən ideya və təşəbbüslərin yerli təşkilatların fəaliyyətində nəzərə alınmasının, ideoloji işin gücləndirilməsinin və partiya fəallarının ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyi bir daha diqqətə çatdırılıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü