AŞPA Azərbaycanın haqlı mövqeyini müdafiə edir
Neçə müddət idi ki, yerli və xarici KİV-də belə bir fikir səslənirdi ki, qondarma erməni soyqırımına vaxt azaldıqca Türkiyəyə qarşı təzyiqlər artmağa başlayacaq və istisna deyil ki, Türkiyə dövləti də bu təzyiqlərin qarşısında Ermənistanla bağlı müsbət mövqedə dayanacaq. Amma Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun AŞPA-da sərt çıxışı bütün bu fikirlərin nə dərəcədə əsassız, yanlış olduğunu bir daha təsdiqlədi.
Nəticədə də məlum olur ki, bütün bunlar həmin fikirləri söyləyənlərin arzu və xəyalları imiş. Əslində, Türkiyə dövləti regionun fövqəldövlətidir və bir dövlət olaraq Türkiyə hər zaman konstruktiv mövqedə olub. Bununla bağlı politoloq Elman Nəsirov qeyd etdi ki, AŞPA tribunasından həmin Ermənistanı müdafiə edən siyasi qüvvələr Türkiyəni təhrik edirlər ki, Azərbaycanın deyil, işğalçı Ermənistanın mövqeyini dəstəkləsinlər. Amma AŞPA prezidenti Mövlud Çavuşoğlunun, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun söylədiyi fikirlərdən bəlli oldu ki, Türkiyə dövlətinin tutduğu mövqeyi qətiyyən dəyişmək fikri yoxdur. Bu ölkə Azərbaycana qarşı hər zamankı kimi tutduğu konstruktiv və real mövqeyində qalır.
Politoloq onu da vurğuladı ki, Türkiyə bu mövqeyini bir qədər də sərtləşdirməlidir: " Azərbaycan dövlətinə qarşı yanaşmada Türkiyə bir daha böyük dövlət olmaqla öz xarakterini ortaya qoydu. Türkiyə və Azərbaycan arasında "Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım" haqqında müqavilə imzalanıb və bundan əlavə, hər iki dövləti dostluq və qardaşlıq telləri bağlayır. Bu isə işğalçı Ermənistanı qıcıqlandırır. Azərbaycan dövləti Ə. Davudoğlunun çıxışını təqdir edir. Bu isə, bir daha Türkiyə dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu təsdiqləyən bariz bir nümunə idi. Məlum məsələdir ki, Türkiyənin bu mövqeyi Ermənistanda çox ciddi narahatçılıq yaradır. Türkiyə Azərbaycanla bağlı mövqeyini daha da gücləndirməkdədir. İşğalçı dövlət Türkiyənin Azərbaycanı müdafiə etməsinin, ölkəmizi dəstəkləməsinin tamamilə əleyhinədir. Azərbaycan dövləti böyük uğurlara imza atmış dövlətdir. Ermənistan isə, ümumiyyətlə, dünya birliyindən təcrid olmaq üzrədir."
" AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan Alt Komitənin fəaliyyətinin bərpası" məsələsinə toxunan E. Nəsirov bildirdi ki, işğalçı Ermənistan hər zaman çalışır ki, alt komitə fəaliyyət göstərməsin. Hər cür vəchlə mane olmağa çalışır ki, alt komitənin fəaliyyəti bərpa olmasın. Alt komitənin bərpası Ermənistan üçün çox böyük narahatçılıq doğurur. Ermənilərin bu narahatçılığı əsassız deyil. Çünki alt komitənin fəaliyyət göstərməsi artıq Dağlıq Qarabağda baş verən özbaşınalığı, işğalçılıq siyasətini, narkotika alverini, terror əməliyyatını və digər iyrənc əməlləri faktları ilə üzə çıxara bilər. Eyni zamanda, Avropa Şurasının yüksək səlahiyyətli orqanlarının çox geniş müzakirə predmeti ola bilər. Bütün bunlar da Dağlıq Qarabağ istiqamətində müəyyən irəliləyişlərin olacağı ilə əlaqədar olacaqdır. Bu da, şübhəsiz ki, işğalçı Ermənistan tərəfini olduqca ciddi narahat edir. Ermənistan artıq bütün beynəlxalq təşkilatlara, o cümlədən, AŞPA-da özbaşınalığa yol verən və dövlətlərin ərazi bütövlüyünə hörmət etməyən bir qurum kimi tanınır.
Politoloq onu da bildirdi ki, Azərbaycan dövləti AŞPA-nın yanvar sessiyasında işğalçı Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilməsini gözləyir.
Azərbaycan parlamentinin AŞPA-da fəaliyyət göstərən deputat korpusunun əsas məqsədi ondan ibarətdir ki, AŞPA Ermənistanı yalnız qınaq obyektinə çevirməsin, həm də işğalçı dövlətə qarşı adekvat addımlar atsın.
E. Nəsirovun sözlərinə görə, AŞPA topladığı informasiyaları ATƏT-ə ötürə bilər. Politoloq eyni zamanda AŞPA və ATƏT əməkdaşlığı çərçivəsində Ermənistana qarşı müəyyən tədbirlər görülməsinin mümkün olacağını da bildirdi. E.Nəsirov qeyd etdi ki, AŞPA-nın əsas missiyası insan hüquqlarının müdafiəsinin qorunmasıdır. Azərbaycanda isə, bir milyondan artıq yurd-yuvasından didərgin düşmüş, haqları, hüquqları tapdalanmış məcburi qaçqın və köçkünlərimiz var və bu haqq, hüquq da işğalçı Ermənistan tərəfindən pozulub. Yəqin ki, bütün bunlar AŞPA-nın bu sessiyasında nəzərə alınacaq.
Politoloq AŞPA-nın Ermənistanı işğalçı dövlət elan etdiyini və işğalçılıqla bağlı müvafiq sənədlərin ölkəmiz üçün çox əhəmiyyətli və önəmli olmasını vurğuladı. Azərbaycan dövlətinin istənilən halda, müharibə yolunu seçmək hüququ var. İşğalçı ilə işğala məruz qalan dövlətin davranışlarının məlum qaydaları var, eyni zamanda, beynəlxalq hüquq buna imkan verir.