“İranın Azərbaycanın daxili işlərinə qarışmasının heç bir əsası yoxdur”
"Azərbaycan tərəfdən heç vaxt İranla mehriban qonşuluq siyasətinə xələl gətirən addım atılmayıb. Amma zaman-zaman İran Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edib". Bu sözləri SİA-ya tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı açıqlamasında deyib. Son zamanlar İranda ölkəmizə qarşı təbliğat kampaniyasının aparıldığını, məktəblərdə hicabın qadağan edilməsi, guya islam dininin sıxışdırılması kimi əsası olmayan fikirlər səsləndirildiyini xatırladan tarixçinin sözlərinə görə, məsələyə qiymət vermək üçün ilk növbədə bunu deyənlərin kimliyini və fikirlərində hansı əsasa söykəndiklərinə diqqət yetirmək lazımdır.
Millət vəkili bildirib ki, İran spesifik bir ölkədir və islam dinindən ideologiya vasitəsi kimi istifadə edir: "Hesab edirəm ki, İranda Azərbaycana münasibətdə mehriban qonşuluq siyasətinə tərəfdar olanlar, ölkəmizin daxili işlərinə qarışmaq istəməyənlər də var. Azərbaycana qarşı atılan iftiraların, ölkəmizə qarşı "Səhər" kanalında söylənilənlərin heç bir əsası yoxdur. Ona görə ki, Azərbaycanda dinə, dini adət-ənənələrə qayğı göstərilir. Məscidlər, ziyarətgahlar bərpa edilir. Sovet hakimiyyəti illərində qadağan olunan Qurban və Ramazan bayramları yüksək səviyyədə qeyd olunur, həmin günlər iş günləri hesab edilmir. Ölkə vətəndaşları sərbəst şəkildə öz dini ayinlərini icra edə bilir. Dinin inkişafına dövlət qayğı göstərir. Azərbaycan müsəlman ölkəsidir, dünyəvi və demokratik dövlətdir. İranın Azərbaycanın daxili işlərinə qarışmasının heç bir əsası yoxdur".
İranın ölkəmizin daxili işlərinə qarışması üçün hüquqi, siyasi və mənəvi haqqı olmadığını dilə gətirən M.Qasımlı söyləyib ki, Azərbaycan müstəqil bir dövlətdir. Müsəlman ölkələri vahid mərkəzdən idarə olunmur, biz xilafətin tərkibində deyilik və nəhayət, İrandakı mollalar xəlifə deyillər.