Sülhəddin Əkbər və İbrahim İbrahimlinin ardınca Müsavatdan gedənlər sırasına Qabil Hüseynli və Adil Qeybulla da qoşuldu
Ötən ili özü üçün böyük fəlakətlərlə başa vuran Müsavat partiyasının sonun başlanğıcında olduğu artıq bütün parametrləri ilə təsdiqini tapmış olur. Çünki ötən il Müsavat partiyasına hələ də başqanlıq etmək niyyətində olan İsa Qəmbərovun bu postdan getməsi üçün son müddəti idi. Amma konyuktur və şəxsi maraqları bir kənara qoyub siyasi müstəvidə normal bir düşüncə nümayiş etdirməyi bacarmayan İ.Qəmbərov kor tutduğunu buraxmadığı kimi, o, da başqanlıq postundan sanki dörd əllə yapışıb. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Müsavat partiyası artıq real olaraq siyasi səhnədən silinmək təhlükəsi ilə üz-üzə qalıb. Bu baxımdan da, İ.Qəmbərovun batan gəmini xilas etməsini gözləmək belə sadəlövhlük kimi qiymətləndirilir. Sadəcə, bir məntiqə əsaslanaraq, belə qənaətə gəlmək mümkündür ki, İ.Qəmbərov başqanlıq postunu əlində saxlamaq naminə illərdir çiyin-çiyinə çalışdığı tərəfdaşlarını belə qurban verir. Bütün olub-keçənləri bir kənara atsaq, belə bir nəticəyə gəlmək olar ki, İ.Qəmbərov maraqları naminə istənilən yaxınını belə qurban verməyə hazırdır. Təki onun maraqları təmin olunsun və ona başqan kimi "sitayiş" edilsin. Köhnə təfəkkür, yanlış düşüncə məhz belə bir məntiqsiz sonluğun meydana çıxmasını təmin etdiyi üçün İ.Qəmbərovun bu andan etibarən başqa şansının qalmadığı da aşkara çıxır. Artıq ötən ilin əvvələrindən başlayaraq, Müsavat üçün başlanan son yarpaq tökümü 2011-ci ildə axır dayanacağına çatacaq. Sülhəddin Əkbər, İbrahim İbrahimli və Müsavatdan kütləvi şəkildə gedənlərin sırasına Qabil Hüseynlinin və Adil Qeybullanın da qoşulması yuxarıda səslənən fikirlərin tam məntiqə əsaslandığını deməyə əsas verir. Bir faktı da qeyd edək ki, 2010-cu ilin 7 noyabrında keçirilən son parlament seçkisindən sonra radikal müxalifət düşərgəsində ziddiyyətlərin daha da kəskinləşdiyini, qarşılıqlı münasibətlərin belə mənfi anlamda davam etdiyini, eyni zamanda, qazınılmış acı və biabırçı məğlubiyyətin səbəblərini bir-birinin üzərinə yıxmaların nəticəsi elə bu cür də olmalı idi. Çünki partlamaqda olan bir barıt çəlləyi üçün kiçik bir qığılcım hər şey deməkdir. Ona görə də, aparıcı yetkililərini ardıcıl olaraq itirən Müsavat üçün növbəti dayanacaq sonuncu dayanacaqdır. Odur ki, bu vəziyyətdən çıxış yolu yalnız və yalnız İ.Qəmbərovun başqanlıqdan getməsi ilə yanaşı, ona məkrli fəaliyyət istiqamətində yaxından köməklik göstərən Arif Hacıyev başda olmaqla digərlərinin də Müsavatı tərk etməsindən keçir. Amma olanlar və gizlinlər A.Hacıyev faktorunun Müsavat və ümumilikdə, müxalifət üçün yeganə problem olduğunu aşkara çıxarır.
Qabil Hüseynli: "Müsavatda heç kəs sona qədər İsa Qəmbərovun nazı ilə oynamaq niyyətində deyil"
Radikal düşərgədə az qala özünü "ana müxalifət" kimi qələmə vermək niyyətində olan Müsavat və AXCP (i)-də baş alıb gedən istefalar dalğası hər iki partiyanın bütün tanınmış funksionerlərini yuyub aparır. Bu dəfə isə Müsavat partiyasında kifayət qəbər nüfuz sahibi olan Q.Hüseynli və A.Qeybullanın gözlənilmədən istefası vəziyyətin nə dərəcədə kritik bir həddə çatdığını söyləməyə əsas verir. Müsavatdan hansı səbəblərdən getməsinə müəyyən mənada aydınlıq gətirən Q.Hüseynli xəstə olduğu üçün partiyanın Ali Məclisinin ötən iclaslarına qatıla bilmədəyini söyləyib. Q.Hüseynli üzürlü səbəblərdən partiya toplantılarında iştirak edə bilməməsi barədə qurum rəhbərliyinə dəfələrlə məlumat verdiyini bildirsə də, buna heç kəsin məhəl qoymadığını da dilə gətirib. Məhz belə bir vəziyyətdən isə, həmişə olduğu kimi, sui-istifadə edən Müsavat başqanı, daha doğrusu, "parçala və hökm sür" "taktikası"nı həyata keçirmək istəyən İ.Qəmbərov Q.Hüseynlinin ünvanına nalayiq ifadələr işlədib. "İsa Qəmbərovun çıxışındakı yersiz əsəbilik, partiyadan çıxmış, getməmiş, bəlkə də heç getməyəcək insanların ünvanına senzuradan kənar sözlər işlətməsi elə ona yaraşan fikirlərdir. Partiyaya gəlmək, uzun müddət təmənnasız olaraq iş görmək, əmək sərf etmək normal hal sayılırsa, bir gün insanın hansısa səbəbdən siyasi təşkilatdan getmək qərarına gəlməsinə də normal reaksiya olmalıdır. Bunu Müsavatın ləyaqəti ilə oynamaq kimi qiymətləndirmək, o insanları şərəfsizlikdə ittiham etmək isə göstərir ki, bunu deyən insanın özünün ruhi-psixoloji vəziyyətində o qədər də normal proseslər getmir. Məclisin işində süni pafosun, real vəziyyətin qeyri-adekvat dəyərləndirilməsinin də şahidi olmaq mümkün idi" deyən - Q.Hüseynli İ.Qəmbərovun belə psixoloji vəziyyətdə olmasına da şübhə etmədiyini vurğulayıb.
Q.Hüseynli hazırda Müsavat partiyası daxilində gedən proseslərin olduqca ağılasığmaz bir səviyyədə olduğunu da bildirib. Qeyd edib ki, yaxın zamanlarda müxalifətin və ümumilikdə isə, Müsavatın bundan sonrakı fəaliyyətinin nə dərəcədə real olması qeyri-mümkündür. Məhz bu olanların müqabilində Müsavatda heç kəskin hər nə olsa belə İ.Qəmbərovun nazı ilə oynamaq niyyətində olmadığını da diqqətə çatdıran Q.Hüseynli yaxın zamanlarda daha ilginc hadisələrin detalları barəsində də açıqlamalar verəcəyini söyləyib.
Adil Qeybulla: "Müsavat daxilində münasibətlər birgə fəaliyyət göstərməyin mümkün olmadığı həddə çatıb "
Müsavatdan imtina etmişlərin sırasında adı keçən Adil Qeybulla da, vermiş olduğu qərarın böyük ziddiyyətlər və çəkişmələrdən yarandığını etiraf edib. Bildirib ki, bu gün siyasi müstəvidə şəxsi maraqlarını daha çox önə çəkən şəxslər heç vaxt hörmət və izzət sahibi ola bilməzlər. "Çünki İ.Qəmbərov rəhbərlik etdiyi partiyada ancaq öz şəxsi ambisiyalarına çatmaq üçün dəridən-qabıqdan çıxır" deyən - A.Qeybulla Müsavatı heç kəsin özününküləşdirmək ixtiyarının olmadığını da dilə gətirib.
Müsavat partiyası daxilində olan son olaylar və istefa verən şəxslərin səsləndirmiş olduğu ciddi bəyanatlar konkret ünvanlara yönəlib. Çünki Müsavatdan sonuncu istefa verənlərdən başlayaraq üzü yuxarı hər kəs partiya rəhbərliyini konkret olaraq ayrı seçkilikdə və şəxsi maraqlarını güdməkdə günahlandırıb. Amma digər bir mənzərə də ondan ibarətdir ki, Müsavat rəhbərliyində yerlərini rahatlayıb oturmuşlar heç vaxt bu ittihamlarla razılaşmayıblar. Səslənən ittihamların birbaşa Müsavat rəhbərliyinin əməlləri ilə bağlı olduğunu nəzərə alaraq, onların özünü müdafiə naminə bu cür jestlərdən istifadəsini təbii qarşılamaq olar. Eyni zamanda, reallıq naminə bir şeyi də, unutmaq olmaz ki, bu günə qədər Müsavat partiyasından istefa verənlərin birinin ağılsız, digərinin satılmış olduğunu iddia edən İ.Qəmbərovun komandası partiyadan imtina etmiş kütləviliyə qarşı bu cür ittihamları özünün əsassızlığını bir daha təsdiqləyir.
"Qabil Hüseynli ilə Müsavat partiyasının bu il keçiriləcək qurultayını gözləyib sonra istefa verəcəkdik"
"Sadəcə, partiya Məclisinin sonuncu iclasında baş verən hadisələr bu prosesi sürətləndirdi. Qərara gəldik ki, münasibətlər birgə fəaliyyət göstərməyin mümkün olmadığı həddə çatıb"-deyən A.Qeybulla Q.Hüseynlinin də ona görə Müsavat partiyasından istefa verdiyini bildirib. "Məclisin son iclasında səslənən ittihamlardan sonra mən qurultayı gözləməyib, indi istefa vermək qərarına gəldim. Q.Hüseynli də mənimlə birlikdə istefaya getmək qərarı verdi. Əslində, Q.Hüseynli ilə partiyanın qurultayından sonra istefa verəcəkdik. Ancaq bizim istefamızın S.Əkbər və İ.İbrahimlinin istefası ilə əlaqəsi yoxdur". "A.Qeybulla Q.Hüseynlinin və sizin istefanızın Müsavat partiyası üçün nə qədər böyük itki hesab olunur" sualına fərqli rakursdan yanaşıb. O özünü bir qədər kölgədə saxlayaraq, ona görə Müsavat partiyasından imtina etmiş Q.Hüseynlini qurum üçün itki kimi qiymətləndirib. "Çünki vaxtilə dövlət müşaviri işləmiş, SSRİ dövründə televiziyada elmi icmallar aparmış, professor olan bir şəxsin getməsi partiya üçün, təbii ki, itkidir. AXCP (i)-Müsavatın birləşməsini dəstəkləmişəm, bu məsələnin də tərəfdarı kimi çıxış etmişəm. Hətta bir model kimi təkliflə çıxış etmişəm" deyən - A.Qeybulla potensial fəaliyyət imkanlarının məhdud olduğu bir qurumda qalmağın mənasız hal aldığını da etiraf edib. O, eyni zamanda, səhər-səhər İ.Qəmbərova partiya qərargahında salam vermək üçün qalmış şəxslərin də orada qərar tutmayacağını dilə gətirib.