PDF Oxu

Sosial

  • 24

Tomas Poreba Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib

Tomas Poreba Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib
Artıq xəbər verildiyi kimi, bir neçə gün bundan öncə, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi, Polşadan olan deputat Tomas Poreba Azərbaycanın işğal altında olan ərazilərinə səfər etmişdir. Bu səfərin Ermənistan ərazisindən və Azərbaycanla razılaşdırılmamış şəkildə həyata keçirilməsi isə Azərbaycan tərəfinin təbii etirazına səbəb olub. Belə ki, bunu Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirən rəsmi Bakı artıq məsələyə öz reaksiyasını bildirib və məsələyə aydınlıq gətirilməsini tələb edib. Bununla bağlı, Azərbaycan tərəfi artıq Avropa parlamentinə və Polşanın ölkəmizdəki nümayəndəliyinə də müraciət edib. Tomas Poreba bu günlərdə Ermənistana səfəri zamanı ilk olaraq Qarabağa getmiş, orada separatçı rejimin liderləri ilə görüşdükdən sonra prezident Serj Sarkisyanla görüşmüşdür. Onunla görüş zamanı Qarabağ səfərinin vacibliyini qeyd edən T.Poreba buradakı vəziyyətlə yaxından tanış olduğunu və lazımi informasiyaları aldığını bildirib. Gördüklərini Avropa Parlamentində də məruzə edəcəyini nəzərə çatdıran Poreba onları öz hesabatına daxil etmək niyyətində olduğunu deyib. Qeyd edək ki, Azərbaycanla Avropa Parlamenti arasında münasibətlər yüksək səviyyədədir və 2005, eləcə də, 2010-cu illərdə qurum tərəfindən qəbul olunmuş müvafiq sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması öz əksini tapmışdır. Bundan başqa, bir sıra ikitərəfli əməkdaşlıq münasibətləri də qurulmuşdur. Lakin T.Porebanın son səfəri qurum ilə Azərbaycan arasında müəyyən ziddiyyətlərin yaranmasına səbəb olub. Hər halda, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən məsələ ilə bağlı istər Avropa Parlamentinə, istərsə də Polşanın Azərbaycandakı nümayəndəliyinə rəsmi notanın verilməsi bunu deməyə əsas verir. Təsadüfi deyil ki, bu məsələ Azərbaycan parlamentariləri tərəfindən Milli Məclisin son iclası zamanı da diqqət mərkəzində saxlanılıb və Porebanın bu hərəkəti sərt şəkildə tənqid olunub. Bildirilib ki, parlament səviyyəsində də Avropa Parlamentinə məsələ ilə bağlı şikayət göndəriləcək və hesabat tələb olunacaq. Polşadan olan deputat T.Porebanın Azərbaycanın işğal altında olan ərazilərinə səfərinin hansı səbəbdən baş verməsini isə müəyyənləşdirmək çətindir. Bunu daha çox onun səriştəsizliyi əlaqələndirmək olar ki, bu da Porebanın Avropa parlamentinin müvafiq sənədlərinə bələd olmamasından irəli gəlir. Belə olan təqdirdə, o, deputatı olduğu Avropa Parlamentinə də hörmətsizlik etmiş olur. Bu halda Avropa Parlamenti rəhbərliyinin Porebaya qarşı sərt tədbirlər görməsi gözlənilir. Əks-təqdirdə isə, qurumun nüfuzu aşağı düşə və Azərbaycan ilə münasibətlərində soyuqluq yarana bilər. Odur ki, Avropa Parlamentinin lazım olan tədbirləri görməsi qaçılmazdır. Onu da qeyd etmək lazımdır ki, Porebanın heç bir qanuna məhəl qoymadan Ermənistana, oradan isə Qarabağa səfər etməsi onun məruzəsinin heç də obyektiv olmayacağından xəbər verir. O, nəinki Azərbaycanın ərazi bütövlüyünə, eyni zamanda, bütün beynəlxalq sənədlərə də hörmətsizlik edərək, işğal olunmuş ərazilərə səfər edib. Bu cür hərəkətlər yolverilməzdir. Bunu Polşa rəsmiləri və Avropa Parlamenti rəhbərliyi diqqət mərkəzində saxlamalıdır. Heç şübhəsiz ki, Porebanın bu hərəkəti bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmişdir. Onun hansı mövqedə olmasından asılı olmayaraq, bu cür hərəkətlərə yol verməsi münaqişəli vəziyyətin daha böyüməsinə yol verə bilər. Bu isə, bir daha xatırladaq ki, Avropa Parlamentinin nüfuzunu aşağı salmaqla Azərbaycanla onun arasındakı münasibətlərə soyuqluq gətirə bilər ki, bu da heç bir halda tərəfləri qane edən məsələ deyil. Bu səbəbdən tez bir zamanda Avropa Parlamenti məsələyə öz münasibətini bildirməli və Poreba haqqında ciddi tədbir görməlidir.

Digər xəbərlər