Media eksperti: “Dövlət sərbəst bazar elementlərinə üstünlük verərsə, bununla da mediaya ən böyük yardımını göstərmiş olar”
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurası fondun 2010-cu il üzrə büdcəsindən ölkədə tirajı, ictimai rəyə təsiri və stabil dövriyyəsi ilə tanınan 31 qəzet və 8 informasiya agentliyinə birdəfəlik yardımlar göstərilməsi barədə qərar qəbul edib.
Qəzet redaksiyaları üçün 3500 manat, informasiya agentlikləri üçün isə 2500 manat birdəfəlik yardım veriləcək. Qərara əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibətilə fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olan jurnalistlərin hər birinə 1000 manat pul vəsaiti və fondun diplomu təqdim olunacaq.
Media eksperti Zeynal Məmmədli hesab edir ki, birmənalı olaraq çağdaş jurnalistikamızda mətbuata yardım məsələsi çox mübahisəlidir. SİA-ya açıqlamasında o, bildirib ki, dövlət mətbuatın inkişafına şərait yaratması, söz və mətbuat azadlığının sərhədlərinin genişləndirilməsi baxımından işlək qanunların işləkliyini təmin edə bilər: "Dövlət antiinhisar siyasətini yeridəcəksə, sərbəst bazar elementlərinə üstünlük verərsə və bunun nəticəsində media xüsusi çəkisini artırarsa, bununla da mediaya ən böyük yardımını göstərmiş olar. Sərbəst bazar varsa, media da biznes sahəsinə çevrilir. Bunun nəticəsində də medianın nə dövlətdən, nə də maqnatlardan asılılığı olur. Söhbət əgər Azərbaycan mediasının Qərb təcrübəsi ilə müqayisəsindən gedirsə, məsələyə bu baxımdan yanaşmalıyıq".
"Media cəmiyyətə nə verir ki, cəmiyyət medianın arxasında durur" məsələsinin də önəmli olduğunu deyən Z.Məmmədlinin fikrincə, cəmiyyətin media, medianın isə cəmiyyətlə bağlı təsəvvürləri zəifdir. O, qeyd edib ki, Azərbaycandakı indiki şərtlər kifayət qədər yaxşı deyil: "Azərbaycanda media bazara açılmasa, medianın inkişafından söhbət gedə bilməyəcək. Beynəlxalq nüfuzu, böyük maliyyə imkanları olan kapital sahibləri bura gələndən sonra medianın ayaq üstə durmasına və "dördüncü hakimiyyət" funksiyasının tam şəkildə yerinə yetirməsinə imkan yaranacaq. Bundan sonra medianın maliyyə imkanları da yaxşılaşacaq".
Bir sıra Avropa ölkələrində də mediaya edilən dövlət yardımlarına gəlincə, media eksperti vurğulayıb ki, dövlət həmin yardımı birbaşa vermir: "Mən bildiyim həmin ölkələrdə dövlət yardımları media qurumlarına verir. Həmin media qurumlarında isə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri yer alıb. Onlar nəyi necə bölməklə bağlı müzakirələr aparır. Dövlət əvvəlcədən demir ki, bu pulu filan yerə ver. Biz cəmiyyəti inandırmalıyıq ki, dövlət niyə bizə yardım edir. Cəmiyyətin qarşısında medianın gözükölgəli olmaması üçün həmin vəsait uzun müzakirələrdən sonra ayrılmalıdır".