PDF Oxu

Sosial

  • 13

Çörək bol olarsa...

Çörək bol olarsa...

Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavələr edilməsi barədə qərarına əsasən buğda unu və ya buğda-çovdar unu əlavə dəyər vergisindən azad olunub. Nazirlər Kabinetindən SİA-ya verilən məlumata əsasən, qərar İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul olunub. Qərar 2011-ci il avqustun 1-dək qüvvədədir.
Hökumətin operativ əks-tədbiri yaxşı nəticə verəcək
Ümumiyyətlə, taxıl məhsulları Azərbaycanda ən geniş istifadə olunan ərzaq məhsulları sırasına aiddir. Bu üzdən də ölkədə Taxıl Fondu yaradılıb və həmin fonda xeyli ehtiyat toplanıb. Lakin dünyada hələ də səngiməyən iqtisadi böhranı və bəzi məhsulların bahalaşmasını nəzərə alsaq, ölkəyə mümkün qədər tez və çox taxıl idxal etməyə ehtiyac var.
Artıq 11 ayını yaşadığımız 2010-cu il dünyanın iqtisadi və maliyyə sistemində böhranlı illərdən biri kimi xarakterizə olunur. Belə ki, cari ildə dünyanın əksər ölkələri bahalaşmadan, iqtisadi böhrandan, ərzaq qıtlığından əziyyət çəkdi. Azərbaycanda isə, bu tendensiyanın mənfi nəticələri müşahidə olunmadı. Əksinə, bu il əhalinin gəlirləri daha da artdı, məhsul bolluğu baş verdi, əsas ərzaq məhsullarının qiymətləri bahalaşmadan sığortalandı. Düzdür, bəzi məhsullarda müəyyən bahalaşma müşahidə olundu ki, bunlar da obyektiv səbəblərlə bağlıdır. Məsələn, dünya bazarında taxılın qiymətinin artması, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda öz təsirini göstərdi. Lakin Azərbaycanda taxılın qiymət artımı digər ölkələrlə müqayisədə cüzi oldu.
Bu, onun göstəricisidir ki, Prezidentin və hökumətin yürütdüyü maliyyə-iqtisadi siyasət doğru yolla gedir. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və dövlətin qeyri-neft sektoruna dəstəyi sayəsində son illərdə ölkədə məhsul istehsalı artıb. Lakin bu il bəzi obyektiv səbəblərdən bir çox ölkələrdə kənd təsərrüfatında taxıl yığımı azalıb.
Azərbaycanda da taxıl istehsalının 30 faiz aşağı düşməsini və dünya bazarında taxılın qiymətinin artmasını nəzərə alsaq, əsas ərzaq məhsulları sırasına daxil olan çörəyin qiymətinin artması baş verə bilərdi. Əslində, bir qədər öncə, buna cəhdlər də oldu, lakin hökumət məsələyə müdaxilə edərək, süni artımın qarşısını aldı. Lakin çörək istehsalçıları unu baha almağa başladıqda çörəyin və un məhsullarının qiymətində artımın baş verməsi təbii olardı.
Bunu önləmək üçün hökumət operativ və effektiv tədbirlər həyata keçirməyə başlayıb ki, bunlardan da ən əsası idxala görə ƏDV-nin ləğv edilməsidir. İqtisadçı ekspertlər hesab edirlər ki, buğda və unun ƏDV-dən azad edilməsi çörəyin qiymətinin qalxmasının qarşısını alacaq.

Ekspert: Təbii fəlakətlər taxıl istehsalını
azaldıb
Millət vəkili Əli Məsimlinin sözlərinə görə, əgər ötən il 3 milyon ton taxıl istehsal edilmişdisə, bu il bu göstərici 2-2,5 milyon ton olub: Ölkədə taxıl istehsalı azaldığından biz taxılı başqa - Rusiya, Qazaxıstan kimi ölkələrdən idxal etmək məcburiyyətində qalırıq. Dünyada hökm sürən maliyyə böhranı, təbii fəlakətlər, bütövlükdə, taxıl istehsalını ciddi şəkildə aşağı salıb. Bu da kənd təsərrüfatı sahəsində taxılın azalmasına gətirib çıxarıb. Həmçinin, Rusiyada, Ukraynada taxıl ixracına qoyulan qadağa isə xaricdən idxal edilən taxılın qiymətinə də təsirsiz ötüşməyib.
Millət vəkili bildirir ki, bu, taxılın, unun satış qiymətinə öz təsirini göstərir. Nəticədə aztəminatı təbəqənin ən çox istifadə etdiyi çörəyin qiymətində dəyişiklik müşahidə edilir. Ekspert deyir ki, son zamanlar taxılın qiyməti istehsalçı ölkələrin özlərində də xeyli bahalaşıb. Buna səbəb isə yuxarıda adları çəkilənlərdir: Dünyada hökm sürən maliyyə böhranı, təbii fəlakətlər, bütövlükdə, taxıl istehsalını ciddi şəkildə aşağı salıb. Bu da kənd təsərrüfatı sahəsində taxılın azalmasına gətirib çıxarıb. Bu məhsul ölkəyə gətirildiyi halda daha yüksək qiymətə satılmalı olur ki, bu da sonradan ölkədə un və buğda məhsullarının qiymətinin artmasına səbəb olur. Bu qiymət artımının qarşısını almaq üçün ƏDV götürülməli idi. Taxıl və buğda məhsulları ƏDV-dən azad edilməli idi.
Millət vəkili düşünür ki, taxıl məhsullarının ƏDV-dən azad edilməsi birbaşa olaraq çörəyin qiymətinin qalxmasının qarşısını alacaq. Amma Ə.Məsimli gileylənir ki, bir çox hallarda çörəyin qiyməti dəyişməz qalır, amma çəkisi azaldılır: Düşünürəm ki, aidiyyati dövlət qurumları bununla bağlı obyektiv monitorinqlər aparmalı, çörəyin qiymətinin qalxmasının və çəkisinin azalmasının qarşısını almalıdırlar.

Gələn il də əmtəə bazarında bahalaşma gözlənilmir
İqtisadi inkişafın nəzərə çarpdığı digər sahə kənd təsərrüfatıdır. Xüsusən, Prezident İlham Əliyev tərəfindən fermerlərə yaradılan normal iş və biznes mühiti imkan verib ki, kənd təsərrüfatı məhsullarının bolluğu yaradılsın. Yanacağın və enerji daşıyıcılarının qiymətlərinin artımının fermerlərin işinə mənfi təsirini önləmək üçün Prezident İlham Əliyevin Sərancamı ilə onlara dövlət büdcəsindən kompensasiya ayrıldı. Eyni zamanda, fermerlərin güzəştli kreditlər alması işi intensivləşdi. Qeyd edək ki, dövlət tərəfindən hər il fermerlərə hər hektara görə 40 manat, taxıl əkənlərə isə əlavə 40 manat vəsait verilir.
Dünya birjalarında gedən proseslər, neftin, taxılın və qızılın qiymətinin qalxması, dolların avroya nisbətdə dəyərdən düşməsi kimi tendensiyalar bütün dünyada inflyasiya tempinin artmasına səbəb olub. Baxmayaraq ki, iqtisadi inkişaf və neft ixracı nəticəsində ölkəyə daxil olan valyutanın həcmi xeyli artıb, qəti şəkildə, demək olar ki, Azərbaycanda inflyasiya dövlətin nəzarətindədir və ölkədə güclü antiinflyasiya tədbirləri həyata keçirilir.
Bu da dövlət tərəfindən əhalinin sosial müdafiəsinin, mütəmadi olaraq, yaxşılaşdırılması tədbirləri fonunda ehtiyat olunası göstərici sayılmır. Azərbaycanda il ərzində əməkhaqqı və pensiyaların artım faizi inflyasiya tempini bir neçə dəfə üstələyir. Təkcə Prezidentin son Sərəncamları nəticəsində minimum pensiya və əməkhaqqı 10-15 faiz artırılıb.
Dövlət başçısının imzaladığı ərzaq təhlükəsizliyi haqda 2008-2015 illəri əhatə edən Dövlət Proqramını ekspertlər çox vacib və mühüm qərarlar hesab edirlər. Çünki bununla hökumət ərzaq təhlüksizliyinin təmin edilməsi üçün əməli fəaliyyətini gücləndirib. Ölkədə taxıl fondu yaradılıb, ərzaq sektorunda məhsul bolluğu yaradılıb və bazar qiymət artımlarından sığortalanıb.
Hazırda mal və xidmətlərin qiyməti öncəki aylara nisbətən aşağı düşüb. Bu, o deməkdir ki, obyektiv səbəblərdən baş verən qiymət artımlarının qarşısı alınıb. Üstəlik, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə verdiyi sərəncamlar nəticəsində əməkhaqqı və pensiyalar da artırılıb ki, bu da əhalinin alıcılıq qabiliyyətinin artmasına gətirib çıxarıb.

Bölgələrin inkişafına dövlət dəstəyi bəhrəsini verir
Ümumiyyətlə, regionların inkişaf etdirilməsi, ölkədəki miqrasiya işini də tənzimlədi. Əgər əvvəllər regionlardakı əhali paytaxta axışaraq burada məskunlaşmağa çalışırdısa, indi artıq bu proses əks-məcraya yönəlib və regionlarda açılan yeni iş yerləri paytaxta işçi qüvvəsi axınının qarşısını alıb. Artıq əyalət əhalisi ilə paytaxt əhalisi arasındakı yaşayış fərqi minumuma endirilib. Bu isə regionların inkişafında yüksək göstəricilərin əldə edilməsi deməkdir.
Son 7 ildə həmin istiqamətdə kompleks tədbirlər hazırlanaraq uğurla həyata keçirilib. Xüsusən, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının reallaşması, bu proqramın daha böyük ictimai maraq kəsb etməsi və ölkənin sosial-iqtisadi həyatında əlamətdar hadisə kimi dəyərləndirilməsi nəhəng işlərin 7 il ərzində həyata keçirilməsi deməkdir.
Proqrama əsasən, hökumət regionlarda kənd təsərrüfatının inkişafını, o cümlədən, emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin dirçəldilməsi fonunda yeni iş yerlərinin açılmasını təmin edib. Ümumiyyətlə, həmin proqramın ötən illər ərzində uğurla yerinə yetirilməsi Prezident İlham Əliyevin 5 il müddətində Azərbaycanda 600 min yeni iş yerinin açılacağı barədəki vədinin vaxtından öncə və artıqlaması ilə yerinə yetirildiyini göstərir. Hazırda 900 mindən çox yeni iş yerinin açılması bir faktdır.
Beləliklə, Azərbaycanda həyata keçirilən iqtisadi və maliyyə siyasəti əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasını təmin edib. Bütün bu qeyd olunanları nəzərə aldıqda, söyləmək olar ki, bəzi müxalifət ekspertlərinin proqnozlarının əksinə olaraq, ölkədə qiymət artımı baş verməyəcək, əksinə, əksər əmtəələrin qiymətində azalma müşahidə olunacaq.
Prezidentin qeyri-neft sektoruna, xüsusilə də, aqrar sektora qayğısı, fermerlərə dövlət dəstəyinin göstərilməsi, həmçinin, regionların inkişafı ilə bağlı məlum Dövlət Proqramı ölkənin əmtəə bazarında təklifin çoxalmasına gətirib çıxarıb. Bu, o deməkdir ki, tələb üstələnib və bazarlarda, nəinki qiymət artımları gözlənilmir, əksinə, müşahidə olunan ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.
Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi uğurlu siyasi və iqtisadi strategiya artıq öz bəhrələrini verib və gələcəkdə də verəcək. Bütün bunların nəticəsidir ki, getdikcə Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmiz dünyada söz sahiblərindən birinə çevrilir.

Digər xəbərlər