Azərbaycanın sərvəti ilə dünyaya çıxan Nobellər
Yəqin ki, orta məktəbdə tarix fənnini orta səviyyədə oxuyan hər bir şəxsə on doqquzuncu əsrin ikinci yarısında qazanc dalınca İsveçdən Rusiyaya, oradan da Azərbaycana gəlib burada sərvət sahibi olan Nobel qardaşlarının adı yaxşı tanışdır.
Elə yaşadığımız bu gündə də Nobel adını bizlər tez-tez eşidirik. Hər il Azərbaycanın sərvətləri hesabına yığılmış pullardan Nobellərin adı ilə dünya səviyyəsində tanınmış alimlərə Nobel mükafatları verilir. Qısa arayış üçün deyək ki, mükafat 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilib. Mədəniyyətə və ədəbiyyata verilən töhfələr, eləcə də, elmi ixtiralarla bağlı nəzərdə tutulan Nobel mükafatı iyirminci əsrin əvvəllərindən verilməyə başlayıb. Hazırda məbləği 1, 3 milyon dollara bərabər olan mükafat beş sahə üzrə - Nobel Kimya Mükafatı, Nobel Fizika mükafatı, Nobel Tibb və Fiziologiya mükafatı, Nobel Ədəbiyyat mükafatı, Nobel Sülh mükafatı şəklində verilir.
Məsələnin ən xoşagəlməz tərəfi isə odur ki, artıq bir əsrə yaxındır ki, Azərbaycanın sərvətləri hesabına qazanılan pullardan verilən Nobel mükafatlarının heç biri Azərbaycandan olan hər hansı alimə və ya siyasi xadimə verilməyib. Baxmayaraq ki, Azərbaycanda bu mükafata namizəd göstəriləcək alimlər də, yazıçılar da, siyasi xadimlər də var. Götürək elm sahəsini. Əgər Nobel mükafatının verilməsində fond tərəfindən elan edildiyi kimi əsas prinsip kimi konkret sahə üzrə ixtiralar və o sahəyə gətirilən yenilik əsas götürülürsə, bu halda, dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadə çoxdan bu mükafata layiq görülməli idi.
Lakin əksər alimlər bu fikirdədirlər ki, azərbaycanlı alimlərə və siyasi xadimlərə bu mükafatların verilməməsi heç də onların gördüyü işlərin və elmi nəticələrin fondun şərtlərinə uyğun gəlib gəlməməsi məsələsi ilə bağlı deyil. Sadəcə olaraq, bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan və azərbaycanlılara qarşı münasibətdə ikili yanaşma var. Eyni zamanda, bu mükafatların verilməsi ilə bağlı hər hansı ölkədən namizəd irəli sürülərkən, həmin şəxsin bu ölkənin xeyirinə daha çox iş görməsi deyil, əks fəaliyyəti daha çox nəzərə alınır. Məsələn, ədəbiyyat üzrə Nobel mükafatının bir neçə il əvvəl Türkiyədən olan yazıçı Orxan Pamuka verilməsi cəmiyyətdə birmənalı qarşılanmamışdı. Çünki Orxan Pamuk heç də Türkiyədə o qədər də sevilən bir imza deyil. Təbii ki, söhbət onun yazıçılığından deyil, anti-türk düşüncəli birisi olmasından gedir. Ədəbiyyat üzrə Nobel mükafatı əgər doğurdan da, əsl yazıçıya verilsəydi, yəqin ki, Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti olan yazıçı İsa Hüseynova (Muğanna) çoxdan bu mükafat verilməli idi.
Amma bu paradoksallıq təkcə elm sahəsində deyil, əsasən, ictimai-siyasi fəaliyyətlə bağlı verilən Nobel Sülh mükafatlarının praktikasında da var. Məsələn, ABŞ-ın İraq və Əfqanıstanda müharibəni davam etdirməsi və hətta Əfqanıstanda hərbi kontigentini daha da artırmasına rəğmən ABŞ prezidenti Barak Obamaya Nobel sülh mükafatı verildi. ABŞ prezidenti bu mükafata dünyada sülh yaratmaq və nüvə çağırışları ilə bağlı fəaliyyətinə görə layiq görülüb. Bu gün ABŞ hərbçiləri başqa ölkələrin ərazisində onlara qarşı döyüşürsə, hansı sülhdən danışmaq olar? Təbii ki, burada mükafatın verilməsində fondun prinsp və əsas dəyərləri deyil, siyasi amillər rol oynayıb. Digər mükafatların verilməsində də, həmçinin. Əslində, Nobel mükafatlarının nə vaxt və kimə hansı şəkildə verilməsini araşdırsaq, təbii ki, reallıqla fondun şərtlərinin uzlaşmadığı mükafat sahibləri tapmaq mümkün olar. Təbii ki, onların sırasında Azərbaycan kökənli kimsə yoxdur. Gələcəkdə olub-olmayacağı isə bəlli deyil. Bugünün reallığı budur ki, azərbaycanlılara Nobel mükafatı verilmir. Obyektiv ya da subyektiv səbəblərdən asılı olmayaraq.