PDF Oxu

Sosial

  • 14

Bölgələrin sürətli inkişafı davam edir

Bölgələrin sürətli inkişafı davam edir
2009-2013-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda qeyd olunur ki, bölgələrin mövcud potensialından daha səmərəli istifadə etməklə, yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq qarşıda duran əsas vəzifələrdəndir.
2009-2013-cü illərdə ölkənin davamlı və tarazlı inkişafını nəzərdə tutan yeni Proqram respublika iqtisadiyyatını şaxələndirmək yolu ilə onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi məqsədi daşıyır. Ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda qeyd edildiyi kimi, sözügedən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün artıq möhkəm təməl və zəngin təcrübə mövcuddur. Əlbəttə, burada söhbət 2004-2008-ci illəri əhatə edən regional Dövlət Proqramının uğurla başa çatmasından gedir. Təkcə onu demək kifayətdir ki, birinci regional Dövlət Proqramının icrası müddətində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalmışdır. Ölkənin sosial-iqtisadi inkişafını sürətləndirən ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik artım baş vermiş, xüsusən də, sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri isə düz dörd dəfə artmışdır.
Sadalanan uğurların davam etdirilməsi məqsədilə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da bu baxımdan olduqca mühüm əhəmiyyət daşıyır. Ölkənin sosial-iqtisadi inkişafına yönəldilən bu mühüm proqramda üç əsas istiqamətdə tədbirlər nəzərdə tutulmuşdur. Bunlar isə ölkə əhəmiyyətli, Bakı şəhərinin rayon və qəsəbələri üzrə, eləcə də, ölkənin iqtisadi regionları üzrə kompleks tədbirlərdən ibarətdir.
Qeyd olunmalıdır ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm şərtdir. Uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasına, neft və qaz kəmərlərinin səmərəli istifadəsi nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılmasına səbəb olmuş və bu sahədə tədbirlərin davamlı şəkildə reallaşdırılmasına əlverişli şərait yaratmışdır. Məhz bunun nəticəsidir ki, yeni regional Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bununla bağlı dövlət başçımız demişdir: "Doqquz ayda Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edibdir. Nəzərə alsaq ki, bütün dünya üçün böhranlı il kimi tarixdə qalan 2009-cu ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır, bugünkü iqtisadi inkişaf çox qiymətlidir. Bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu göstəricilər müsbət göstəricilər kimi qəbul edilməlidir. Nəzərə alsaq ki, son illər Azərbaycanda çox sürətli iqtisadi inkişaf müşahidə olunurdu, əlbəttə, bu yüksək bazanın üstündə əlavə inkişafa nail olmaq üçün böyük səylər göstərilməli idi. Azərbaycanda iqtisadi sahədə aparılan düşünülmüş siyasət bizə bu göstəricilərə nail olmaq üçün şərait yaratdı".
Cari ilin doqquz ayında dövlət büdcəsindən "Aqrolizinq" Səhmdar Cəmiyyətinə 38,4 milyon manat, o cümlədən, Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır. Bu dövrdə "Naxçıvan Aqrolizinq" Şirkətinə 4,5 milyon manat, o cümlədən, Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait yönəldilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə güzəştli kreditlərin verilməsi üçün Dövlət Kənd Kreditləri üzrə Agentliyə 10 milyon manat vəsait ayrılıbdır. Onu da vurğulamaq lazımdır ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası da daim nəzarətdə saxlanılır. Belə ki, hazırda ölkə regionlarında 211 müəssisənin, o cümlədən, 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi davam etdirilir. Həyata keçirilən tədbirlər əminlik yaradır ki, bundan sonra da orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur.
Bu gün Dövlət Proqramına əsaslanaraq özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdirilir. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyəti dəstəklənir, müasir istehsal avadanlıqlarının quraşdırılması sürətləndirilir.

Digər xəbərlər