Parlament seçkiləri seçicilərin istək və arzularına uyğun keçirilib
Ölkəmizdə noyabrın 7-də keçirilən parlament seçkilərinin ən yüksək səviyyədə təşkili üçün dövlətimiz tərəfindən ən zəruri addımlar atılmışdı. Məhz seçki gününə qədər yaranmış olan ictimai fəallıq insanların seçki ilə bağlı məlumatlandırılması, təbliğat və təşviqat prosesinin təşkili üçün də münbit şərait mövcud idi. "Seçkidə istənilən siyasi təşkilatın iştirakı, ayrı-ayrı fərdi namizədlərin sərbəst formada təmsilçiliyi Azərbaycanda demokratik seçki ənənələrinin formalaşmasını bir daha isbatlamış olur" deyən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov cəmiyyətin də, hər seçkidə olduğu kimi, bu seçkidə də yüksək fəallıq nümayiş etdirdiyini bildirdi. Qeyd etdi ki, regionun monolit gücə malik olan və sıralarında 500 mindən artıq vətəndaşımızın cəlb olunduğu Yeni Azərbaycan Partiyasının parlament seçkisində birmənalı şəkildə dəstək qazanması onun xalq tərəfindən sevildiyini bir daha nümayiş etdirmiş oldu. Çünki YAP parlament seçkilərinə "Güclü dövlət, yüksək rifah" devizi ilə qatılaraq, atılan hər bir addımın vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsinə xidmət etdiyini yenidən cəmiyyətə açıq şəkildə çatdırmağa çalışdı. Parlament seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin vətəndaşlarımızın böyük dəstəyi ilə əhatə olunması da yuxarıda sadaladıqlarımızı təsdiqləyir: "Dövlətimizin gücünün günü-gündən artması, vətəndaşlarımızın sosial problemlərinin həll edilməsi, xalqın birmənalı olaraq, YAP-a dəstəyinin özündə ehtiva olunması ilə səciyyələnmiş oldu. Bu seçkidə də xalq dövlət başçısı Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə dəstək nümayiş etdirərək, sağlam və işıqlı gələcəyimizə səs vermiş oldular. Azərbaycanda keçirilən parlament seçkilərinin vətəndaşların istək və arzularına xidmət etməsi, onların sərbəst və heç bir maneə ilə üzləşmədən öz mövqelərini ifadə etməsi seçkinin şəffaflığını səciyyələndirən amillərdəndir. Bundan əlavə, bütün ölkə üzrə fəaliyyət göstərən 125 seçki dairəsi üçün yaradılmış olan münbit şərait, seçki məntəqələrindəki normal mühit vətəndaşların rahat şəkildə səserməsinə də öz müsbət təsirini göstərmişdir. Digər bir tərəfdən seçkinin gedişini izləyən həm yerli müşahidəçilər, həm də, xarici müşahidəçilərin gəlmiş olduqları yekun qərar da ondan ibarət oldu ki, Azərbaycanda parlament seçkiləri demokratik prinsiplər qorunmaqla açıq və şəffaf formada keçirilib".
YAP Siyasi Şurasının üzvü A.Hüseynov bir məsələni də diqqətə çatdırdı ki, Azərbaycanda keçirilən parlament seçkilərinin şəffaflığı və demokratikliyi ilə bağlı bir çox beynəlxalq təşkilatların mövqelərində və bəyanatlarında da prosesin mahiyyəti tam şəkildə qiymətləndirilib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti bu gün öz inkişafının ən yüksək mərhələsindədir: "Vətəndaşlarımız öz talelərinə biganə qalmayaraq, noyabrın 7-də seçki məntəqələrinə gələrək, iradələrini ifadə etdilər. Seçkinin gedişini izləyən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamentinin Müşahidə Missiyasının nümayəndələri öz ilkin rəylərində Azərbaycanda noyabrın 7-də keçirilən parlament seçkilərinin sakit şəraitdə, bütün müxalifət partiyalarının iştirakı ilə keçirilidiyini bildiriblər. Amma bütün bunlara baxmayaraq, ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı səsləndirmiş olduğu bəyanat heç bir həqiqəti özündə əks etdirmir. Bir məqamı da qeyd etməliyik ki, ABŞ Dövlət Departamenti bir çox hallarda ölkəmizə, cəmiyyətimizə qarşı həqiqəti əks etdirməyən mövqedən çıxış edib. İnanırıq ki, gec də olsa, ABŞ Dövlət Departamenti vermiş olduğu qərarın kökündən yanlış olduğunu anlayaraq öz fikirlərinə düzəlişlər edəcəkdir. Çünki xatırlayırsınızsa, ABŞ Dövlət Departamenti bir neçə ay öncə, Azərbaycanda təhsil alan tələbələrin böyük əksəriyyətinin narkomanlığa qurşanması ilə bağlı hesabat açıqlamışdı. Lakin sonradan onlar öz hesabatlarına müəyyən düzəlişlər edərək, verilmiş olan qərarın yanlış olduğunu etiraf etməli oldular".