İnamlı qələbəyə, yüksək rifaha doğru
Dünən Qusarda 51 saylı Qusar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Azər Camal oğlu Badamovun təşviqatı ilə əlaqədar görüşlər davam etdirilib. Milli Məclis üzvlüyünə namizəd Azər Badamov bu dəfə Qarabağ əlilləri, veteranları, şəhid ailələri və Qayakənd kəndinin seçiciləri ilə görüşüb. Görüşlərdə deputatlığa namizəd Azər Badamov, YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov, namizədin vəkilləri Cavanşir Nurməmmədov və Arif Xəlilov çıxış ediblər.
YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov çıxışı zamanı vurğulayıb ki, 7 noyabr parlament seçkilərində seçicilərin məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə inanır: "Yeni Azərbaycan Partiyası mütəşəkkil siyasi təşkilat kimi, məhz xalqa xidmət edir, Azərbaycan xalqının rifahı naminə çalışır. Xalq bu partiyaya həmişə inanıb, güvənib. Bu, heç də təsadüfi deyil. Belə ki, Yeni Azərbaycan Partiyası özünü ictimai-siyasi həyatda ölkənin aparıcı, yekdil siyasi qüvvəsi kimi təsdiqləyib. Burada partiyanın hər bir fəal üzvünün özünəməxsus rolu var. Deputatlığa namizəd Azər Badamov, bu mənada, YAP-ın fəal, sayılıb-seçilən üzvlərindəndir. Əminəm ki, 7 noyabr parlament seçkilərində qusarlılar məhz Azər Badamovu dəstəkləyəcəklər".
Deputatlığa namizəd A.Badamovun vəkili Cavanşir Nurməmmədov öz çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası bütün meyarlara görə ölkənin və regionun ən nüfuzlu siyasi təşkilatıdır: "Partiyamız uzun illərdir ki, parlamentdə çoxluq təşkil edən siyasi qüvvə kimi tanınır. Bu, seçicilərin Yeni Azərbaycan Partiyasına böyük rəğbətindən irəli gəlir. Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi, parlament seçkilərində ən böyük qələbəyə layiqdir. Ümumilikdə, partiyanın namizədlərinin, o cümlədən, deputatlığa namizəd Azər Badamovun təbliğat-təşviqat kampaniyasının böyük uğurla həyata keçirilməsi belə söyləməyə əsas verir".
Deputatlığa namizəd A.Badamovun digər vəkili Arif Xəlilov çıxışı zamanı bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqın böyük dəstəyini qazanıb: "Bu seçkidə Yeni Azərbaycan Partiyasının amalı "Güclü dövlət, yüksək rifah"dır. Partiyamızın Milli Məclisdə əksəriyyət təşkil edən siyasi qüvvə kimi, fəaliyyəti kifayət qədər uğurlu və səmərəlidir. Bu mənada, parlamentdə mütərəqqi qanunların qəbulunda, milli qanunvericiliyimizin inkişaf etdirilməsində Yeni Azərbaycan Partiyasının rolu çox böyükdür".
Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədi Azər Badamov seçicilərin təbliğat-təşviqat kampaniyasında fəallıq göstərməsindən razı qaldığını söyləyib: "Seçiciləri bu seçkidə fəallığa, doğru, ədalətli seçim etməyə dəvət edirəm. İstənilən seçkidə həlledici söz sahibi seçicilərdir. Kimin millət vəkili seçiləcəyini də məhz seçicilər həll edir. Millət vəkili seçiləcəyim təqdirdə, çalışacağam ki, mənə göstərilən etimadı tam doğruldum. Yeni Azərbaycan Partiyası hər zaman ölkənin inkişafı, xalqın rifahı naminə fəaliyyət göstərir. Bu səbəbdən, seçicilər YAP-ın fəaliyyətini çox müsbət qarşılayır, partiyanın mövqeyini yüksək səviyyədə dəstəkləyirlər. İnanıram ki, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi kimi, seçicilərin etimadını qazana biləcəyəm".
Deputatlığa namizəd Azər Badamov seçicilərə öz seçki proqramı barədə geniş, ətraflı məlumat verib. A.Badamov millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər, deputatlığa namizəd kimi, nəzərdə tutduğu fəaliyyət proqramı barədə danışıb. Keçirilən görüşlərdə Milli Məclis üzvlüyünə namizəd A.Badamov seçicilərin suallarını dolğun, ətraflı şəkildə cavablandırıb. O, seçicilərin qaldırdığı məsələlərə münasibət bildirib.