PDF Oxu

Sosial

  • 18

Demokratik dəyərlərin hamisi - Yeni Azərbaycan Partiyası

Demokratik dəyərlərin hamisi - Yeni Azərbaycan Partiyası
Yeni Azərbaycan Partiyasının 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Milli Məclisə namizədi Hüseynqulu Adil oğlu Ələsgərov Sabunçu rayonunun Nardaran qəsəbəsinin klubunda seçicilərlə görüşüb. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin uğurlarından danışıb.
Onun sözlərinə görə, əsasını Ulu Öndərimiz Heydər Əliyevin qoyduğu və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi-siyasi kurs bütünlüklə, ölkəmizdə olduğu kimi, Sabunçu rayonunda da yüksək inkişaf səviyyəsinin əldə edilməsinə imkan verib: "Sabunçu rayonu hər zaman siyasi aktivliyi ilə seçilib və dövlətçiliyimizin inkişafında xüsusi yerə malik olub. Ona görə də, rayon seçicilərinin birmənalı olaraq, YAP-ın namizədlərini dəstəkləyəcəklərinə inanıram. Çünki həmin şəxslər yüksək bacarıqlı və öz vəzifələrinə məsuliyyətlə yanaşan insanlar olmasından irəli gəlir. Mən əminəm ki, siz seçicilər respublikamızın ən böyük və ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının bu qərarını dəstəkləyəcək və seçkilərdə məhz Hüseynqulu Ələsgərova səs verəcəksiniz".
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Milli Məclisə namizədi Hüseynqulu Adil oğlu Ələsgərov, ilk olaraq, respublikamızın dinamik inkişafından bəhs edib. Onun sözlərinə görə, son illərdə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsi xalqın iqtidara olan inamını daha da möhkəmləndirib: "Bütün qazanılan bu nailiyyətlər Azərbaycan Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub. Göründüyü kimi, ölkəmizdə insanların hazırkı iqtidara olan dərin inamını və rəğbətini şərtləndirən kifayət qədər mühüm əsaslar var. Buna görə də, vətəndaşlar bu iqtidara, hakim Yeni Azərbaycan Partiyasına böyük etimad göstərməkdədir. Azərbaycan seçicisi YAP hakimiyyətdə olan dövrdən indiyədək keçirilən bütün seçkilərdə partiyanın namizədlərini dəstəkləyib, onlara etimad göstərib".
Daha sonra parlament seçkilərində xalqın YAP-a böyük dəstək verəcəyinə əminliyini ifadə edən Hüseynqulu Ələsgərovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, insanların rifahının, yaşayış səviyyəsinin yüksəlməsi, onların məşğulluq problemlərinin həlli, iş yerləri ilə təmin olunmaları, firavan həyat şəraitinin təmin edilməsi, digər çoxsaylı faktorlar YAP-a olan inamı gücləndirir. Deputat seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışan YAP-ın 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədi Hüseynqulu Ələsgərov qeyd edib ki, millət vəkilinin əsas vəzifəsi ölkəmizdə yüksək səviyyəli, işlək, mütərəqqi qanunların qəbul olunmasında fəal iştirak etməkdir: "Mənə etimad göstərsəniz, çalışacağam ki, etimadınızı doğruldum. Bundan başqa, hər bir seçicimin problemini öz problemim kimi qəbul edərək, onun həlli üçün səylərimi əsirgəməyəcəyəm".
Tədbirdə çıxış edən namizədin vəkili Xəlfəli Ələsgərov, həmçinin, seçicilər Hüseynqulu Ələsgərovu yaxşı tanıdıqları üçün onu millət vəkili kimi görmək istədiklərini və 7 noyabr seçkilərində yalnız YAP-ın namizədinə səs verəcəklərini söyləyiblər.

Digər xəbərlər