PDF Oxu

Sosial

  • 17

Parlament seçkiləri demokratiyanın təntənəsidir

Parlament seçkiləri demokratiyanın təntənəsidir
Dünən Yeni Azərbaycan Partiyasının 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizədi Rafiq Musa oğlu Məmmədhəsənovun Tovuz rayonunun Yanıqlı, Sarıtala və Qəribli kəndlərinin seçicilərilə görüşü keçirilib. Görüşdə çıxış edən partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndəsi, YAP Tovuz rayon təşkilatı aparat rəhbəri Eldəniz Vəliyev qarşıdan gələn Milli Məclisə seçkilərlə bağlı məlumat verib.
E.Vəliyev bildirib ki, bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilir: "Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyev və rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası hər zaman xalqının yanında yer alıb. O cümlədən, bu gün partiyamızın namizədi qismində bu görüşdə iştirak edən Rafiq Məmmədhəsənov da ötən seçkidə seçicilərimizi parlamentimizdə layiqincə təmsil edib. Yeni Azərbaycan Partiyası Rafiq Məmmədhəsənovun xalq qarşısında, deputatı olduğu rayonların qarşısında götürdüyü məsuliyyəti yüksək səviyyədə yerinə yetirdiyi üçün yenidən 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. İnanıram ki, hər zaman olduğu kimi, bu seçkilərdə də seçicilərimiz öz vəkilliyini Rafiq Məmmədhəsənova etibar edəcək".
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizədi Rafiq Məmmədhəsənov, ilk növbədə, ona etimad göstərərək yenidən parlament üzvlüyünə namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. Namizəd Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin dövlətçiliyimizin inkişafında, ölkəmizin maraqlarının qorunmasında apardığı uğurlu siyasətə həmişə dəstək olacağını söyləyib. Rafiq Məmmədhəsənov ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsinin xalqın iqtidara olan inamını daha da möhkəmləndirdiyini də vurğulayıb. Namizəd qeyd edib ki, bütün qazanılan nailiyyətlər Azərbaycan Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub: "Azərbaycanın inkişafının əsasında xalqımızın Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi qiymət və məhəbbət dayanır. Ölkəmizdə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi istiqamətində görülən mühüm sosial tədbirlər gücləndirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, bütövlükdə, Azərbaycan xalqı, ictimaiyyət tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir. Məhz bu səbəbdəndir ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərirlər. Yeni Azərbaycan Partiyası bu seçkilərə "Güclü dövlət, yüksək rifah" şüarı ilə qatılır. Partiyanın irəli sürdüyü namizədlər isə cəmiyyət tərəfindən tanınan və qiymətləndirilən ziyalılardır. Mən inanıram ki, gələn parlament seçkilərində buraya toplaşan insanlar öz rayonlarında seçki məntəqələrinə gedib səs verə biləcəklər".
Rafiq Məmmədhəsənov bütün seçiciləri seçkiyə qatılmağa çağırıb və layiqli bildikləri namizədi dəstəkləmələrini xahiş edib. Namizəd deyib ki, vətəndaşlarımız sosial həyatının yüksəldilməsi istiqamətində görülən işlərin davam etdirilməsini istəyirlərsə, dövlətçiliyimizin keşiyində dayanan YAP-ın namizədlərinə səs verməlidirlər.
Daha sonra tədbir seçicilərin çıxışları ilə davam etdirilib.

Digər xəbərlər