PDF Oxu

Sosial

  • 13

Bölgələrdə ictimaiyyətin YAP-ın namizədlərinə dəstəyi yüksəkdir

Bölgələrdə ictimaiyyətin YAP-ın namizədlərinə dəstəyi yüksəkdir
Dünən YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən namizədliyi irəli sürülən Sevinc Əmirəhməd qızı Hüseynovanın rayonun Düzyurd kənd seçicilərilə görüşü keçirilib. Tədbirdə YAP-ın Gədəbəy rayon təşkilatının təbliğat qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, gənclər, ictimaiyyətin nümayəndələri, ümumilikdə, 200 nəfərdən çox seçici iştirak edib. İlk olaraq çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov rayonda görülmüş böyük quruculuq işləri haqqında geniş məlumat verib: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük sürətlə inkişaf edir. Bu inkişafın müsbət nəticələrini rayonumuzun timsalında görmək olar. Belə ki, qısa müddət ərzində rayonda abadlıq və quruculuq işləri yüksək səviyyədə aparılıb, bir çox əhəmiyyətli obyektlər açılıb".
R.Muradov daha sonra müstəqil dövlətimizin quruculuğunda fəal iştirak edən və hər zaman dövlət siyasətini dəstəkləyən insanların YAP tərəfindən namizədliyinin irəli sürüldüyünü qeyd edib. Rayon təşkilatının sədri çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət etdiyini bildirərək, dövlətin müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyi vurğulayıb, seçiciləri parlament seçkilərində fəal olmağa və seçimdə məntiqə söykənməyə səsləyib.
Görüşdə YAP Gədəbəy rayon təşkilatının aparat rəhbəri Namiq Rüstəmov çıxış edərək 7 noyabr tarixində keçiriləcək seçkilərdə əhalinin fəal olaraq düzgün seçim edib YAP-ın namizədinə səs verməsinin əhəmiyyətini qeyd edib. N.Rüstəmov Azərbaycan xalqının prezident, parlament, bələdiyyə seçkilərində olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirib. Artıq bu günə qədər qazanılan nailiyyətlər seçicilərə siyasi təcrübə vermişdir. Buna istinadən seçicilərin YAP-ın namizədlərini dəstəkləyəcəkləri şübhəsizdir. N.Rüstəmov onu da söyləyib ki, YAP 103 saylı Gədəbəy seçki dairəsi üzrə Milli Məclisə Sevinc Əmirəhməd qızı Hüseynovanın namizədliyini irəli sürüb: "Sevinc Əmirəhməd qızı Hüseynova burada boya-başa çatdığı üçün rayonun problemlərini də yaxşı bilir. İnanırıq ki, Sevinc Hüseynova millət vəkili seçilərsə, bu problemlərin həll olunması, seçicilərin sosial qayğılarının aradan qaldırılmasında yaxından iştirak edəcək. Ona görə də, bütün gədəbəyliləri seçkidə fəal olmağa çağırıram".
YAP tərəfindən millət vəkilliyinə 103 saylı Gədəbəy seçki dairəsindən namizədliyi irəli sürülən Sevinc Əmirəhməd qızı Hüseynova seçicilər qarşısında çıxış edərək, YAP-ın Seçki Proqramı haqqında ətraflı məlumat verib. S.Hüseynova partiyanın seçki siyahısına adının daxil edilməsinə görə başda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev olmaqla hakim partiyaya minnətdarlıq edib. Sevinc Hüseynova millət vəkili seçiləcəyi təqdirdə, göstərilən etimadı axıradək yüksək səviyyədə doğruldacağını bildirib.
Sevinc Hüseynova, həmçinin, parlament seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlər sırasında qadınların xüsusi yerinin olmasını müsbət qiymətləndirib. Noyabrın 7-də keçiriləcək parlament seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş qadınların da böyük ictimai dəstəklə əhatə olunacağına əminliyini ifadə edən S.Hüseynova, seçicilərin seçki hüquqlarından istifadə edərək, ən layiqli namizədlərə səs verəcəklərinə əminliyini vurğulayıb.
Görüşdə seçicilərdən Düzyurd kənd orta məktəbinin direktoru Tuqay Əliyev, kənd sakinlərindən Şamama Sariyeva, Xoşqədəm Həsənova, YAP Gədəbəy rayon təşkilatının təlimatçısı Asif Ələsgərov, Düzyurd kənd orta məktəbinin müəllimi Zinyət Pənahova və başqaları çıxış edərək, Azərbaycanda mütərəqqi qanunvericilik bazasının mövcud olmasından, demokratik prinsiplərə layiqincə əməl olunmasından, seçkilərin indiyədək yüksək səviyyədə keçirilməsindən, irəli sürülən namizədlərin ictimaiyyət arasında geniş nüfuza, hörmətə malik olmalarından ətraflı söhbət açıblar və seçiciləri 7 noyabrda həmin namizədlərə səs verməyə dəvət ediblər.
Sonda Sevinc Əmirəhməd qızı Hüseynova seçicilərin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirib.

Digər xəbərlər