PDF Oxu

Sosial

  • 16

Seçicilərin qərarı dəyişməyəcək

Seçicilərin qərarı dəyişməyəcək
Dünən 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Rafael Cəbrayılovun Rəsulzadə qəsəbəsində yerləşən Şəhid Ramiz Aboyev adına istirahət parkında seçicilərlə növbəti görüşü keçirildi. Görüş iştirakçıları ilk olaraq, şəhidin abidəsini ziyarət edib, onun önünə əklil qoydular.
200-ə yaxın seçicinin iştirak etdiyi görüşdə seçicilərlə deputatlığa namizəd arasında sual-cavab xarakterli maraqlı müzakirələr aparıldı. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Həsən Mirzəyev deputatlığa ən layiqli namizəd Rafael Cəbrayılovun seçki platformasından bəhs etdi. Bildirdi ki, tanınmış hüquqşünas Rafael Cəbrayılov həm də təcrübəli parlamentar kimi də ölkəmizədə özünə böyük hörmət və rəğbət qazanıb.
H.Mirzəyev Azərbaycanda həyata keçirilən hüquqi, demokratik islahatlardan, iqtisadi uğurlardan da söhbət açdı: "Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial iqtisadi inkişafı haqqında sərəncamı əhalinin yaşayış durumunun yaxşılaşdırılmasına yeni imkanlar yaradıb. Hazırda bölgələrdə yeni iş yerlərinin açılması əhalinin rayonlardan mərkəzə axınının qarşısını alıb. Regionların inkişaf etdirilməsi istər şəhər, istərsə də kəndlərdə yaşayan insanların sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına öz müsbət təsirlərini göstərir".
H.Mirzəyev son olaraq seçiciləri fəal olmağa və 7 noyabr parlament seçkilərində R.Cəbrayılova səs verməyə çağırdı.
Görüşdə çıxış edən şair Zəki İslam bu qəsəbənin ictimai-siyasi cəhətdən fəal qəsəbələrdən olduğunu və hər zaman haqqa, ədalətə, real işlərin həyata keçirilməsinə dəstək verdiyini bildirdi. Bu baxımdan Rəsulzadə qəsəbəsinin əhalisinin demokratik proseslərin davamlılığına nail olmaq üçün 7 noyabr parlament seçkilərində məntəqələrə gedərək, deputatlığa ən layiqli namizəd olan Rafael Cəbrayılova səs verəcəklərinə əmin olduğunu söylədi.
9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Rafael Cəbrayılov seçicilər qarşısında çıxış edərkən rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərindən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edəcək yeni iş yerlərinin açılmasından danışdı. Onu da qeyd etdi ki, əldə olunan nailiyyətlərin inkişaf etdirilməsi ölkə Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsində mümkün olub: "Hər bir ölkə üçün enerji təhlükəsizliyinin təmin edilməsi nə qədər vacibdirsə, ərzaq təhlükəsizliyinin təmin edilməsi də eyni dərəcədə əhəmiyyətlidir. Azərbaycan bu gün dünya ölkələrinə enerji ixrac edən ölkələr sırasında olduğundan, enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı heç bir problemi yoxdur. Azərbaycan daim inkişaf edən və bunun davamlılığını təmin edən ölkədir".
R.Cəbrayılov seçki və azadlıq hüququ qədər yüksəkdə duran hüququn olmadığını da bildirdi. Təəssüf hissi ilə qeyd etdi ki, məhz bu iki hüquq uğrunda insan qanı tökülür:"Seçicilər öz seçib-seçilmək hüquqlarından istifadə etməlidir. Seçici fəallığı azad və demokratik seçki mühitinin yaranmasına imkanlar yaradır. Düşünürəm ki, Rəsulzadə qəsəbəsinin seçiciləri öz konstitusion hüquqlarından istifadə etməklə, 7 noyabr parlament seçkilərində məntəqələrə gedəcək və hər zaman onların problemlərini öz problemi bilən və bu problemlərin həllinə çalışan namizədə səs verəcəklər".
Görüşdə çıxış edən seçicilər Rəfael Cəbrayılovu yaxından tanıdıqlarını, ona inandıqlarını və 7 noyabr parlament seçkilərində də məntəqələrə gedərək, beş il öncəki addımı atacaqlarını söylədilər.

Digər xəbərlər