Xalqın ümid yeri Yeni Azərbaycan Partiyasıdır
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 21 saylı Nəsimi ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Verdiyeva Gülarə Eyvaz qızının lQarabağ" kinoteatrında seçicilərlə növbəti görüşü keçirildi. 200-ə yaxın seçicinin iştirak etdiyi görüşdə çıxış edən deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Azər Süleymanov G.Verdiyevanın tanınmış ziyalı, böyük nüfuza malik təhsil işçisi olduğunu bildirdi. Qeyd etdi ki, YAP tərəfindən namizədliyi irəli sürülən G.Verdiyeva ölkəmizdə təhsilin inkişafına öz töhfələrini verən ziyalılardandır. A.Süleymanov seçiciləri fəal olmağa və YAP-ın namizədi G.Verdiyevaya səs verməyə çağırdı.
Görüşdə çıxış edən deputatlığa namizəd Gülarə Verdiyeva rayonda yeni iş yerlərinin açılmasına, əhalinin üzə çıxa biləcək problemlərinin aradan qaldırılmasına, təhsil, səhiyyə müəssisələrinin müasir texniki avadanlıqlarla təchizinə yardım göstərə biləcək seçki platforması barədə seçicilərə əhatəli məlumat verdi. Bildirdi ki, əgər ona etimad göstərilərsə, parlamentdə seçiciləri layiqincə təmsil edəcək, onların istək və arzularını, təkliflərini yüksək tribunadan səsləndirəcək. Üzə çıxan problemlərinin həll edilməsi üçün dövlət qurumları qarşısında məsələlər qaldıracaq.
G.Verdiyeva Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlardan da söz açdı. Bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş dövlətinə çevrilib: "Xalqın qarşısında dövlətin vəzifəsi ondan ibarətdir ki, onların yaxşı yaşayışını, xoş güzəranını təmin etsin, bunun üçün məqsədyönlü siyasət aparsın. Birmənalı şəkildə, demək olar ki, Azərbaycan hakimiyyəti bunun öhdəsindən layiqincə gəlir. Ölkəmizdə həyata keçirilən işlər son illərdə daha geniş vüsət alıb, yoxsulluğun azaldılması 49 faizdən 11 faizə enib, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi, 900 minə yaxın yeni iş yerlərinin açılması xalqı razı salan siyasətdir. Təbii ki, bu uğurlar hakim partiya olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə yerinin və rolunun möhkəmlənməsinə təkan verir. G.Verdiyeva 7 noyabr parlament seçkilərində fəal olmağa və ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasına səs verməyə çağırdı. Görüşdə çıxış edən seçicilər reallığı əks etdirən seçki platformasını qəbul etdiklərini söylədilər. Onu da qeyd etdilər ki, 1993-cü ildən dəyişməyən mövqelərini 7 noyabr parlament seçkilərində də təkrarlamaqla Nəsimi rayon seçiciləri Ulu Öndərimiz Heydər Əliyev siyasi kursuna sədaqətli olduqlarını nümayiş etdirəcəklər.