PDF Oxu

Sosial

  • 14

Maştağa seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

Maştağa seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər
Dünən Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən "Görüş" kafesində YAP tərəfindən 28 saylı Sabunçu 3-cü seçki dairəsindən namizədliyi irəli sürülmüş Hüseynqulu Adil oğlu Ələsgərovun seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva seçkilərə hazırlığın vəziyyəti və ölkəmizin ictimai-siyasi durumu barədə məlumat verib. M.Abasquliyeva bildirib ki, hazırda ölkəmiz mühüm siyasi hadisə - parlament seçkiləri ərəfəsindədir: "Seçkilərdə iştirak edən siyasi qüvvələr öz seçki proqramlarını açıqlayaraq, qarşıdakı 5 ildə həyata keçiriləcək tədbirlər barədə mövqelərini ortaya qoyublar. Seçkilərə aktiv şəkildə hazırlaşan YAP-ın təqdim etdiyi mükəmməl Seçki Proqramı seçicilər tərəfindən rəğbətlə qarşılanmaqdadır".
M.Abasquliyeva 520 mindən artıq üzvü olan YAP-ın güclü siyasi təşkilat olduğunu bildirərək, partiyamızın bütün seçkilərdə böyük səs çoxluğu ilə qalib gəldiyini diqqətə çatdırıb. Partiyanın namizədlərinin xalq tərəfindən həmişə dəstəkləndiyini qeyd edən M.Abasquliyeva 28 saylı Sabunçu üçüncü seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hüseynqulu Adil oğlu Ələsgərov haqqında ətraflı məlumat verib. Eyni zamanda, rayon təşkilatının sədri seçiciləri noyabrın 7-də keçiriləcək parlament seçkilərində YAP-ın namizədlərinə dəstək olmağa səsləyib.
Deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Xanım İsayeva ölkəmizdə seçkilərin demokratik və şəffaf keçirildiyini vurğulayaraq söyləyib ki, bu seçkilərdə də xalq düzgün seçim edəcək.
Görüşdə çıxış edən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hüseynqulu Adil oğlu Ələsgərovun vəkili Xəlfəli Ələsgərov seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında önəmli dövr olduğunu söyləyib. X.Ələsgərov YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, quruculuq və abadlıq işləri, ölkənin dünya dövlətlərinə inteqrasiyası Azərbaycanın güclənməsinə, sivil dövlətlər sırasında yüksək imicə malik olmasına gətirib çıxardığını vurğulayıb. Qarşıdan gələn parlament seçkilərində də, məhz vətəndaşların "Güclü dövlət, yüksək rifah" prinsipinə səs verəcəklərini bildirib.
YAP tərəfindən 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Hüseynqulu Adil oğlu Ələsgərov rayonun Maştağa qəsəbəsinin sakinləri ilə keçirilən görüşdə geniş çıxış edib. H.Ələsgərov Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması barəsində seçicilərə geniş məlumat verib. H.Ələsgərov, həmçinin, Milli Məclis üzvlüyünə deputatlığa namizəd kimi ona etimad göstərdiyinə görə, Yeni Azərbaycan Partiyasına minnətdarlıq edərək, seçicilərin ona etimad göstərəcəyinə ümid bəslədiyini söyləyib. Qeyd edib ki, Azərbaycanın dünyaya inteqrasiyası prosesində fəallıq nümayiş etdirəcək, seçicilərinə problemlərinin həllində yardımçı olacaq və əməli fəaliyyətini daha geniş dairədə davam etdirəcəkdir.
Tədbirdə Sabunçu rayon Maştağa qəsəbə seçiciləri adından çıxış edən seçicilər də noyabrın 7-də keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən parlament üzvlüyünə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Hüseynqulu Adil oğlu Ələsgərova dəstək olacaqlarını vurğulayıblar.

Digər xəbərlər