Yeni Azərbaycan Partiyası Azərbaycanda yeganə aparıcı siyasi təşkilatdır
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 107 saylı Qazax seçki dairəsindən namizədliyi irəli sürülən Əhməd Vəliyevin parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri rayonun sərhədyanı kəndlərindən başlayıb.
Kəmərli kəndindən sonra deputatlığa namizədin seçicilərlə növbəti görüşü Qazax rayonunun Ermənistanla sərhədində yerləşən Fərəhli kəndində keçirilib. 100-ə yaxın kənd sakininin iştirakı ilə keçirilən görüşdə ilk olaraq çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilər barədə görüş iştirakçılarını məlumatlandıraraq, bildirib ki, Yeni Azərbaycan Partiaysı 107 saylı Qazax seçki dairəsindən professor Əhməd Vəliyevin namizədliyini irəli sürüb. Əhməd Vəliyevin bu vaxta qədər olan fəaliyyəti ilə bağlı seçiciləri məlumatlandıran H. Pənahov YAP-ın Azərbaycanda yeganə aparıcı siyasi təşkilat olduğunu diqqətə çatdırıb. YAP-ın və onun namizədlərinin hər zaman xalq tərəfindən dəstəyini qazandığını bildirən partiyanın rayon təşkilatının sədri seçicilərin noyabrın 7-də keçiriləcək parlament seçkilərində də 107 saylı Qazax Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Əhməd Vəliyevi dəstəkləyəcəyinə əmin olduğunu bildirdi. Təşkilat sədri kənd sakinlərini seçkilərdə aktiv olmağa və ən layiqli namizədlərdən olan Ə.Vəliyevə səs verməyə çağırdı.
Tədbirdə çıxış edən Qazax Müəllimlər İnstitutunun rektoru, YAP Seçki Qərargahı Qazax rayon şöbəsi təbliğat qrupunun üzvü, professor İsa Veyisov Yeni Azərbaycan Partiyasının Azərbaycanda xalq tərəfindən dəstəklənən və böyük potensiala malik ən güclü partiya olduğunu bildirib. YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq-abadlıq işlərindən, ölkəmizin iqtisadi inkişafı sahəsində əldə olunan uğurlardan danışan İ.Veyisov Əhməd Vəliyevin Azərbaycanın tanınmış ziyalılarından olduğunu vurğulayaraq, noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçiciləri ona səs verməyə çağırdı.
Yazıçılar Birliyinin Qərb bölgəsinin rəhbəri, şair Barat Vüsal isə deputatlığa namizəd Əhməd Vəliyevin öz təbliğat-təşviqat kampaniyasını Ermənistanla həmsərhəd olan kəndlərdən başlamasını təqdirəlayiq hal kimi qiymətləndirdi. Fərəhli kəndinin sakinlərinin mərd və düşmən qarşısında şücaət göstərdiklərini bildirən B.Vüsal parlament seçkilərində seçiciləri aktiv olmağa və Ə.Vəliyevə səs verməyə səslədi. Daha sonra kənd sakinləri çıxış edərək, noyabrın 7-də keçiriləcək parlament seçkilərində YAP-ın namizədi Əhməd Vəliyevi dəstəkləyəcəklərini bildiriblər.
Görüşdə seçicilər qarşısında çıxış edən Əhməd Vəliyev noyabrın 7-də keçiriləcək seçkilərdə deputat seçilərsə, Qazax rayonunun və seçicilərinin problemlərinin həlli ilə bağlı dövlət qurumları qarşısında müvafiq məsələlər qadıracağını, seçicilərlə daim müntəzəm ünsiyyətdə olacağını bildirib. YAP rəhbərliyinə onun namizədliyinin məhz 107 saylı Qazax seçki lairəsindən irəli sürülməsinə görə təşəkkür edən deputatlığa namizəd öz fəaliyyəti ilə həm partiya rəhbərliyinin, həm də seçicilərinin etimadını doğrultmağa çalışacağını qeyd edib. Əhməd Vəliyev noyabrın 7-də keçiriləcək seçkilərdə seçiciləri aktiv olmağa və ən layiqli namizədə səs verməyə çağırıb. Görüşdə deputatlığa namizəd kənd sakinlərinin fikirlərini dinləyərək, onların problemləri ilə də maraqlanıb.
YAP-ın 107 saylı Qazax seçki dairəsinin deputatlığa namizədi Əhməd Vəliyevin təbliğat kampaniyası davam edir.