Sənaye sahəsində uğurlu inkişaf dinamikası
Ölkəmizin iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi cari ilin əvvəlindən davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı bir qədər də artmışdır. İlin ötən dövrü ərzində əldə edilən nailiyyətlərin, tərəqqinin əyani təcəssümü olan makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə dünya öncülləri sırasındakı mövqeyinin qorunub saxlanmasını təmin etmişdir.
Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndiribdir. Ötən ilin aprel ayında qəbul olunan ikinci regional inkişaf proqramının icrası bölgələrdə iqtisadi fəallığı xeyli artıraraq, yeni istehsal sahələrinin yaradılması prosesini bir qədər də sürətləndiribdir. Bütün bunlar isə ölkədə iqtisadiyyatın dinamik və tarazlı inkişafını təmin etmişdir.
Dövlət Statistika Komitəsinin 2010-cu ilin yanvar-avqust aylarının sosial-iqtisadi inkişafına dair məlumatında bildirilir ki, hesabat dövründə Azərbaycanda 26,2 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz və ya müqayisəli qiymətlərlə 830,9 milyon manat çoxdur. Cari ilin səkkiz ayında ölkə üzrə istehsal olunan ümumi daxili məhsulun 55,1 faizi sənaye sahələrində, 4,7 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 6,8 faizi tikinti kompleksində, 7,9 faizi ticarət, pullu xidmət və ictimai iaşə sahələrində, 6,3 faizi nəqliyyatda, 2 faizi rabitədə, 10,7 faizi digər xidmətlər və sosial sahələrdə yaradılmış, 6,5 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Hesabat dövründə ölkənin qeyri-neft sektorunda məhsul istehsalı 4,5 faiz artmışdır. Ötən səkkiz ay ərzində ölkədə adambaşına 2939 manatlıq (3657,7 ABŞ dolları), yaxud 2009-cu ilin eyni dövründəkindən 2,7 faiz çox əlavə dəyər istehsal olunubdur.
Göründüyü kimi, dünyada davam etməkdə olan maliyyə böhranına baxmayaraq, Azərbaycanda sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf tendensiyası davam etəkdədir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dünyanı bürümüş maliyyə və iqtisadi böhranın yaratdığı böyük çətinliklər ucbatından müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzülə uğrasa da, işsizlik artsa da, Azərbaycanda yeni istehsal sahələri yaradılmış, iqtisadiyyat artmışdır. Həm dövlət investisiyaları, eləcə də özəl sektorun fəaliyyəti nəticəsində ölkəmizdə nəhəng infrastruktur layihələrinin icrası davam etdirilmişdir.
2010-cu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatının əsasını təşkil edən mühüm sənaye sahələrində də inkişaf tendensiyası müşahidə olunub. Belə ki, ölkə sənayesi iqtisadiyyatda ən böyük xüsusi çəkiyə malik olmaqla ÜDM-in artım sürətini təmin etmişdir. Dövlət Sitatistika Komitəsinin məlumatına görə, hesabat dövründə sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 18,3 milyard manatlıq sənaye məhsulu istehsal edilibdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Sənaye məhsulunun 14 milyard manatlığı və ya 76,5 faizi mədənçıxarma, 3 milyard 343,9 milyon manatlığı və ya 2 faizi emal, 856,8 milyon manatlığı və ya 4,7 faizi isə elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 105,3 milyon manatlığı və ya 0,5 faizi su təchizatı bölməsində yaradılmışdır. Göründüyü kimi, ölkə sənayesinin artım tendensiyası davam edir və son 5-6 ildə onun real həcmi təqribən 2,6 dəfə artıbdır. Ölkə Prezidenti İlham Əliyev bu amili son illər Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasəti ilə əlaqələndirmişdir.
Onu da qeyd etmək lazımdır ki, ölkə sənayesinin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan uğurlu neft strategiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanmış sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafını təmin etmiş, adıçəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Yeri gəlmişkən, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də, digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırıb. Bu da, ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməsinə imkan yaradıbdır. Neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da inkişaf tendensiyası sürətlənir. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsal və emal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabətə davamlı məhsul buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq da getdikcə çoxalır.
2010-cu ilin yanvar-avqust aylarında ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 82 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 93,4 faizi sənaye mallarının, 6,6 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Sərbəst istehsal fəaliyyəti üçün yaradılan əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olan sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur.
Ölkə sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 3 milyard 343,9 milyon manatlıq məhsul istehsal olunüb, sənaye xarakterli xidmətlər göstərilibdir. İstehsalın daha çox hissəsi qida məhsullarının payına düşür. Belə ki, səkkiz ayda mühüm növ qida məhsullarından sayılan makaron, ət, süd, kərə yağı, cem və marmeladlar, həmçinin, duru bitki yağları istehsalı xeyli artıbdır.
Sənayenin digər sahəsi olan elektrik enerjisi, qaz, buxar, kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 856,8 milyon manatlıq məhsul istehsal olunub. Cari ilin səkkiz ayında ölkədə 11,9 milyard kVt-saat elektrik enerjisi istehsal olunmuşdur ki, bunun da 22,6 faizi su elektrik stansiyalarının, 77,4 faizi isə elektrik stansiyalarının payına düşübdür.
2010-cu ilin yanvar-avqust aylarında ölkənin sənaye müəssisələrində çalışan işçilərin hər beş nəfərindən üçü dövlət bölməsinə, ikisi isə qeyri-dövlət bölməsinə məxsus müəssisələrdə çalışmışdır. Sənaye işçilərinin orta aylıq əməkhaqqı 449,5 min manat təşkil etmişdir. Qeyri-dövlət müəssisələrində işçilərin əmək haqqı 570,6 manat olmuşdur ki, bu da dövlət müəssisələrində işləyənlərin əmək haqqından 1,6 dəfə yüksəkdir.
Yaxın illərdə ölkəmizdə sənayeləşmə tendensiyası daha da sürətlənəcək. Azərbaycanın yeni neft strategiyasının uğurla reallaşdırılması, ikinci regional inkişaf proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi, eləcə də, yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və s. amillər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayeyə daha yüksək inkişaf perspektivləri vəd edir.