PDF Oxu

Sosial

  • 12

NATO - Azərbaycan əlaqələri yeni müstəviyə keçir

NATO - Azərbaycan əlaqələri yeni müstəviyə keçir
Azərbaycanın Avratlantik Alyansla əlaqələrinin müzakirəsinə dair Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə Brüsseldə keçirilən müzakirələr NATO - Azərbaycan münasibətlərinə dair yeni məsələlərin üzə çıxması ilə müşayiət olundu. Qeyd edək ki, NATO ilə Azərbaycan arasındakı münasibətlər tərəfdaşlıq səviyyəsində olsa da, NATO rəhbərliyinin Cənubi Qafqaz bölgəsi ilə bağlı siyasətində əsas diqqəti Azərbaycana yönəltməsi rəsmi Bakı ilə Avratlantik Alyans arasındakı münasibətlərin gələcək perspektivləri hər zaman maraq doğurur.
Məlumat üçün onu da deyək ki, qurumla Azərbaycan arasındakı münasibətlər "Sülh Naminə Tərəfdaşlıq Planı"nın icrası ilə başlasa da, hazırda Azərbaycan NATO - nun fərdi tərəfdaşlıq etdiyi ölkələr sırasındadır və tərəflərin birgə əməkdaşlığının nəticəsi olaraq "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Proqramı"nın (İPAP) birinci mərhələsinin icrası uğurla yekunlaşdırılıb. Artıq NATO-Azərbaycan əlaqələri İPAP proqramının ikinci fazasındadır və gələn ilin ortalarına qədər bu proqramın da icrası başa çatacaq. Lakin İPAP-ın ikinci fazasına daxil olan bir sıra məsələlər var ki, onların hansı şəkildə icra ediləcəyi də maraq doğuran əsas məsələlər sırasındadır.
Baxmayaraq ki, bəzi ekspertlər rəsmi Bakının İPAP-ın ikinci mərhələsinə daxil olan bəzi öhdəliklərin, o cümlədən, Müdafiə Nazirliyinin rəhbərliyində dəyişikliklər edilməsi məsələsinin sonrakı mərhələyə saxlanılacağına dair proqnozlar verirlər, bu dəyişikliklərin İPAP-ın üçüncü mərhələsindəki öhdəliklər sırasına daxil edilməsi də mümkündür.
Məsələ burasındadır ki, Azərbaycanın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarovun NATO rəhbərliyi ilə apardığı müzakirələrdən sonra tərəflərin tərəfdaşlıq münasibətlərini davam etdirmək üçün hansı qərara gələcəyi maraq doğursa da, nazirin Brüsseldəki görüşlərindən sonra bu istiqamətdə yeni xəbərlər ortaya çıxıb. Belə ki, Azərbaycanın NATO - ya üzvlük məsələsi ilə bağlı qəti qərar verməməsi rəsmi Brüsselin yeni təklif irəli sürməsi ilə müşayiət olunub. Qeyd edək ki, NATO - nun prosedur qaydalarına görə, təşkilatla tərəfdaşlıq edən ölkələrdən hər hansı birinin Avratlantik Alyansa daxil olması "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"nın birinci və ikinci mərhələləri başa çatdıqdan və tərəflərin intensiv dialoq mərhələsini keçməsindən sonra mümkün olur. Azərbaycanın NATO ilə birgə həyata keçirdiyi "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"nın ikinci mərhələsi başa çatmaq üzrə olduğundan, tərəflərin intensiv dialoqa başlayıb - başlamayacağı əsas diqqətçəkən məqamlardan idi.
Amma İPAP-ın üçüncü mərhələsinin başlanmasının mümkünlüyünə dair xəbərlərin ortaya çıxması NATO - Azərbaycan əlaqələrinin bundan sonrakı inkişafının gələcəyi ilə bağlı da maraqlı vəziyyət yaradıb. Verilən məlumatlara görə, NATO ilə Azərbaycan arasında İPAP proqramının üçüncü mərhələsinin başlanılması üçün "28+1" formatında danışıqlar aparılacaq. Tərəflər arasında aparılan müzakirələrin nəticəsindən belə anlaşılır ki, regionda və ümumiyyətlə, xarici siyasət kursunda balans siyasətini qoruyub saxlamağa çalışan Azərbaycan NATO - ya üzvülüyə, nəinki can atmır, əksinə, buna maraqlı görünmür. Doğrudur, bunun əsas səbəbi, bir çox hallarda, Rusiya faktoru ilə bağlansa da, burada rəsmi Bakının NATO ölkələrindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair gözlədiyi dəstəyi ala bilməməsi də müəyyən qədər rol oynayır. Bu baxımdan da, İPAP-ın üçüncü mərhələsinin başlanılması daha çox NATO - nun Azərbaycanı əldən verməmək istəyi kimi izah oluna bilər.
Nəzərə alsaq ki, son illər NATO-nun Cənubi Qafqaz regionu ilə bağlı siyasətini passivləşdirməsi, bölgə ölkələrinin Avratlantik Alyansa inteqrasiyası prosesindən də təsirsiz ötüşməyib, təşkilat rəhbərliyinin Azərbaycana İPAP proqramının üçüncü mərhələsi üzrə əməkdaşlığının davam etdirilməsi təklifi həm də təşkilatın bölgə ölkələriidə öləziməkdə olan əlaqələrinin canlandırılmasına göstərilən təşəbbüs kimi də qiymətləndirilə bilər. Bu baxımdan da, ekspertlər hesab edir ki, qarşıdakı perspektivdə NATO rəsmilərinin yenidən bölgəyə, xüsusilə də Azərbaycana intensiv səfərləri başlaya bilər. Həmçinin, NATO-nun Azərbaycanla birgə həyata keçirdiyi təlim və seminar xarakterli tədbirlərə yenidən start verilməsi də istisna deyil.

Digər xəbərlər