Sahibkarlıq ölkə iqtisadiyyatında prioritet sektora çevrilib
Təcrübə göstərir ki, elmi əsaslara söykənən sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən liderlər həm də ümumilikdə cəmiyyəti davamlı inkişafa aparan strateji məqsədləri reallaşdırmağa nail olurlar.
2008-cu ilin 15 oktyabrnda xalqın iradəsilə ikinci müddətə prezident seçilən cənab İlham Əliyev də dövrün tələblərinə uyğun praqmatik siyasət yeritməklə, ölkənin bütün potensialını vətəndaşların mənafeyinə cavab verən çoxşaxəli islahatların gerçəkləşdirilməsi istiqamətində səfərbər edir. Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunan iclası, deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının davam etdirilməsi, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, işsizlik, yoxsulluq problemlərinin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi kimi prioritet hədəflər hesabat dövründə İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin əsasını təşkil edibdir. Qeyd edək ki, son 2 ildə bütün dünya ölkələrində iqtisadi inkişafa ciddi zərbə vuran qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanın bütün sahələrdə qazandığı yüksək nailiyyətlər, ilk növbədə, sistemli və düzgün koordinasiya olunmuş fəaliyyətin məntiqi nəticəsidir.
Respublikamızın qısa zamanda dinamik inkişafa nail olduğunu statistik göstəricilər də təsdiqləyir. İlin əvvəlindən ölkədə ümumi daxil məhsul istehsalı 3,7 faiz, qeyri-neft sektorunda artım 15,3 faiz təşkil edibdir. Şübhəsiz, qeyri-neft sektorunda müşahidə edilən bu artım, ilk növbədə, dövlət başçısının bölgələrə səfərləri zamanı vəziyyətin təhlili əsasında iqtisadiyyatın inkişafı üçün prioritet sahələri müəyyənləşdirməsinin, tarazlı və davamlı regional tərəqqini təmin edən fundamental dövlət proqramlarının hazırlanmasına dair fərman və sərəncamlarının, eləcə də, onların həyata keçirilməsi istiqamətindəki əzmkar zəhmətinin bəhrəsidir. Ötən 7 ildə Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin formalaşması da məhz cənab İlham Əliyevin idarəçilik keyfiyyətlərinin, milli və bəşəri təcrübəni uzlaşdırmaq bacarığının nəticəsidir.
Maliyyə böhranının hələ tam səngimədiyi şəraitdə dünya ölkələri arasında məhdud investisiya resursları uğrunda rəqabətin daha da gücləndiyi bir vaxtda Azərbaycanda mövcud olan siyasi və iqtisadi sabitlik investorların ölkəmizə marağını əhəmiyyətli dərəcədə artırır. Ötən 6 ayda Azərbaycan iqtisadiyyatına 3,8 milyard dollar sərmayənin qoyulması deyilənlərin əyani təsdiqidir. Respublikamıza "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən investisiya səviyyəli reytinqin verilməsi də bunu bir daha təsdiqləyir. Sevindirici haldır ki, iqtisadiyyata yatırılmış 3,8 milyard sərmayənin 3 milyardı məhz yerli investisiyalardır. Bu fakt respublikamızda sahibkarlar sinfinin əhəmiyyətli dərəcədə gücləndiyini, iqtisadiyyatın lokomotiv qüvvəsinə çevrildiyini göstərir.
Qeyd etmək lazımdır ki, həyata keçirilən məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoyub, bu sektorun ümumi daxili məhsulda payı 85 faizə yüksəlib. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi, mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi kimi yeniliklər bilavasitə investisiya qoyuluşlarından asılıdır. Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin artımı, ölkənin hərtərəfli inkişafı təbii olaraq insan amilinin inkişafı baxımından infrastruktur layihələrinə də xüsusi diqqət ayırmağı zəruri edir. Dövlət başçısı da məhz bu reallıqdan çıxış edərək, hər bir ölkə vətəndaşının rahat və firavan yaşayışı üçün dövlət büdcəsindən lazımi vəsaitin ayrılmasını təmin edir.
Nazirlər Kabinetinin iclasında dərin məzmunlu nitq söyləyən ölkə Prezidenti İlham Əliyev infrastruktur layihələrinin milli inkişaf prosesində müstəsna rolunu xüsusi önə çəkmişdir: "Əgər kreditləri verməsəydik, infrastruktur layihələrini həyata keçirməsəydik, yolları çəkməsəydik, elektrik stansiyaları tikməsəydik, qazlaşdırma aparılmasaydı, onda bunların heç biri də olmazdı. Bizim indi bəlkə də 24 yox, 30, ya 28 milyard pulumuz olacaqdı, ancaq ölkədə proseslər mənfi istiqamətdə gedəcəkdi. Məhz o vaxt biz bax, bu "holland xəstəliyi" ilə üzləşə bilərdik. Amma biz öz yolumuzu seçdik. Biz ehtiyatları da yığdıq, bax, bu il artan valyuta ehtiyatlarımız onu göstərir ki, bu artım gedir, eyni zamanda, lazım olan sahələrə investisiyaları böyük həcmdə yönəldə bildik".
Hökumətin investisiya layihələrinə, o cümlədən, infrastrukturun yeniləşdirilməsinə xüsusi diqqət yetirməsi, bu sahədə əməli tədbirlərin həyata keçirilməsi, yeni yolların çəkilməsi, işıq, qaz, su kimi kommunal problemlərin həlli sahibkarların da normal fəaliyyətinə geniş imkanlar açır. Ümumiyyətlə, cənab İlham Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra Azərbaycanda özəl sektorun inkişafı daha da sürətlənərək, respublikamızda sahibkarlığın inkişafına diqqət artırılıbdır. Kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılıbdır. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunnmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın (2004- 2006-cı illər) təsdiqlənməsi, ədliyyə sistemində aparılan islahatlar, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrin yaradılması və s. kimi tədbirlər də bunun əyani təcəssümüdür.
Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Fərmanı da bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu davamıdır. Fərman istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi, aparılan yoxlamalar zamanı səlahiyyətlərindən sui-istifadə hallarının qarışısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrin uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən dövrdə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 560 sahibkarlıq subyektinə 48,4 milnyon manat, o cümlədən, dövlət büdcəsinin vəsaiti hesabına 35 milyon manat güzəştli kredit verilibdir. Bunun da 74 faizi aqrar, 5 faizi turizm infrastruktur sahələrinin inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 21 faizi sənaye məhsullarının istehsalı və emalına yönəldilibdir. Ümumilikdə, 2010-cu il iyun ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8733,5 milyon manat təşkil edib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çoxdur.
Vurğulamaq yerinə düşər ki, sahibkarlığın inkişafı təkcə ölkənin sosial-iqtisadi inkişafına deyil, həm də ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, demokratikləşmə proseslərinin sürətlənməsinə, vətəndaş cəmiyyəti quruculuğuna təkan verən mütərəqqi prosesdir. Halal yolla pul qazanan, dövlət qarşısında sosial məsuliyyətini dərk edən iş adamlarının sayının artması yerli xarakterli sosial problemlərin həllinə də yaxşı imkanlar açır. Sevindirici haldır ki, dövlətin hərtərəfli dəstəyi müqabilində məsuliyyəti düzgün dərk edərək xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, əhalinin problemlərinin həllində iştirak edən sahibkarların sayı da getdikcə artır.