PDF Oxu

Sosial

  • 12

2011-ci ilin iqtisadi proqnozları ürəkaçandır

2011-ci ilin iqtisadi proqnozları ürəkaçandır
Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsi üzərində işləri yekunlaşdırıb. İqtisadi İnkişaf Nazirliyi də yeni ilin sosial-iqtisadi inkişaf göstəriciləri ilə bağlı proqnozları başa çatdırıb. Hər iki nazirlik ölkənin ümumi makroiqtisadi inkişaf ssenarilərini yaxın günlərdə Nazirlər Kabinetinə təqdim edəcək. MN-dən verilən açıqlamaya görə, büdcə layihəsi artıq hökumətə təqdim edilib. Bundan sonra sənədə dəyişikliklər barədə fikir mübadiləsi aparılacaq.
MN-dən bildirilib ki, 2011-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri ilə bağlı proqnozlar nikbindir. Qarşıdakı ilin makroiqtisadi inkişaf göstəriciləri 2010-ci illə müqayisədə yüksələcək. 2011-ci ildə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun (ÜDM) 10 faizdən artıq olacağı proqnozlaşdırılır.
İİN də yeni büdcə zərfində gəlirlərin artacağını istisna etmir. Nazirlikdə hesab edirlər ki, 2011-ci ilin büdcə gəlirlərinin 20 faiz artması proqnozlaşdırılır. ÜDM-in artımı, büdcə gəlirlərinin formalaşmasına səbəb olacaq. Büdcə vəsaitlərinin artması ilk növbədə, neftin satışından daxil olan pulların həcmindən asılı olacaq. Yəni neftin satış qiyməti nə qədər yüksək olsa, bu büdcəyə öz təsirini göstərəcək.
2011-ci il dövlət büdcəsinin layihəsində neftin baza qiyməti 60 dollardan götürülüb. Bu rəqəm ötən ilə nisbətdə 15 dollar çoxdur. Bir sıra mütəxəssislər bu rəqəmin daha da yüksək götürülməsini də mümkün sayır. Çünki hazırda neftin bir bareli 70-80 dollar arasında satılır. Ümumiyyətlə, son bir ildə neft 70 dollardan aşağı satılmayıb. Ona görə də büdcədə bu rəqəmi ən azı 65 dollardan hesablamaq olardı. Çünki bu vəziyyətdə büdcəyə əlavə olaraq 1 milyard manat cəlb etmək mümkündür.
Gələn il büdcə gəlirlərinin ümumi həcminin 15 milyard manata yaxınlaşması (18 milyard dollar) proqnozlaşdırılır. Bu isə iyun ayında, son əlavələr də daxil olmaqla, 2010-cu ilin büdcəsi ilə nisbətdə 2 milyard manat çoxdur.
Büdcə zərfinin əsasən investisiya yönümlü olacağı və infrastruktur-investisiya layihələrinin maliyyələşdirilməsinə daha çox pul ayrılacağı nəzərdə tutulur. İnvestisiya layihələri ilə bağlı xərclərin həcminin 1 milyard manatdan çox artırılması gözlənilir. Yol-tikinti, nəqliyyat infrastrukturunun yenidən qurulması, körpü və tunellərin tikintisi ilə bağlı xərclər üstünlük təşkil edəcək.
2011-ci ildə ən azı 500-dən artıq investisiya layihəsini maliyyələşdirmək nəzərdə tutulur. Məktəb və xəstəxanaların, səhiyyə və mədəniyyət ocaqlarının təmiri və bərpası, tikintisi, park və abadlıq işlərinin aparılması üçün də kifayət qədər pul xərclənəcək. Elektrik enerjisi sisteminin yeniləşməsi, kiçik elektrik stansiyalarının tikintisi, kommunal sahədə əsaslı işlər, qaz təsərrüfatının yenidən qurulması, meliorasiya və su təsərrüfatının bərpası da milyonlara başa gələcəkdir.
İqtisadçı Vahid Əhmədovun fikrincə, büdcə gəlirlərinin artması həm iqtisadi, həm investisiya, həm də sosial layihələrə ayrılan pulların həcminin çoxalmasına imkan verəcək. İqtisadçı gələn ilin büdcəsindən təbii fəlakətin qarşısının alınması və digər fövqəladə hallarla bağlı xərclərə də geniş yer ayrılacağını istisna etmir. Kür və Araz çayları ətrafında sahilbərkitmə işləri ilə bağlı daha böyük proqramı həyata keçirmək nəzərdə tutulur. Bundan başqa, həmin sahədə yeni infrastruktur sistemlərinin yaradılması üçün böyük həcmdə pul xərclənəcək.
Ölkə vətəndaşlarının əsas diqqətində olan maaş və pensiyaların artımı üçün də büdcədən əlavə vəsait ayrılması istisna olunmur. Dövlət Sosial Müdafiə Fondundan verilən izahata görə, pensiya və maaşların inflyasiyaya uyğun hesablanaraq, yenidən artırılması gözlənilir. Gələn il inflyasiya 6-7 faiz proqnozlaşdırılır ki, bu, sosial müdafiə sistemində, yəni pensiya, minimum əmək haqqı və digər sosial bölmələrdə artımları zəruri edir.
Qeyd edək ki, sentyabrın 22-də Nazirlər Kabinetinin iclasında 2011-ci il və sonrakı 3 il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycanın 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.
Dövlət büdcəsinin gəlirləri 12061 mln. manat təşkil edir. Xərclər hissəsi isə 12748 mln. manat proqnozlaşdırılmaqla ümumi daxili məhsulun (ÜDM) 31,7%-i həcmində nəzərdə tutulur.
Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi cari illə müqayisədə artımla proqnozlaşdırılır. Məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin həcminin artırılması ilə yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı, sosial təminat, sosial müdafiə və digər sahələr üzrə xərclərin də artımı nəzərdə tutulur. Gələn il üçün icmal büdcənin gəlirləri 15557,6 mln. manat, xərcləri isə 15129, 4 mln. manat proqnozlaşdırılır.
Konsepsiya və proqnozların hazırlanması prosesində ötən ilin yekunları və sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də, ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək amillər, o cümlədən, inflyasiya meyilləri ehtimalı, neftin dünya qiymətinin gözləntiləri və s. nəzərə alınıb.
İclasda o da bildirilib ki, 2011-2014-cü illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları hazırlanarkən, beynəlxalq təşkilatların, habelə, bank və maliyyə qurumlarının proqnozları, bu proqnozlara təsir edə biləcək hallar təhlil edilib.
Müzakirəyə çıxarılan əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə 2011-ci il üçün ÜDM real artım tempi 3,8%, onun qeyri-neft sektoruna aid hissəsi 7,2%, neftin bir barrelinin dünya bazar qiyməti 60 dollar, inflyasiyanın səviyyəsi isə 5% həcmində nəzərdə tutulur.
Ümumiyyətlə, cari və növbəti ilin proqnozları neftin 60 dol/barrel qiyməti ilə götürülüb. Lakin nəzərə alsaq ki, bu ilin başlanğıcından bəri neftin qiyməti 75-80 dol/barrel arasında dəyişib və 2011-ci ildə bu qiymətin 70 dol-dan aşağı olmayacağı ehtimal olunur, o zaman inamla demək olar ki, Azərbaycanın büdcə gəlirləri proqnozdan xeyli yüksək olacaq. Nəticədə büdcə kəsiri örtülə və əlavə vəsaitlərin sosial proqramlara yönəldilməsi nəticəsində əhalinin sosial müdafiəsi güclənə bilər.
Üstəlik, qlobal böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu artır və bu da yaxın vaxtlarda ÜDM artımına və büdcə gəlirlərinin artımına müsbət təsir göstərəcək. Bundan başqa, yeni neft-qaz layihələrinin işə düşməsi və ixracın artması da gəlirlərin artmasına səbəb olacaq. Bu da, ölkə əhalisinin yaşam səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək.

Digər xəbərlər