Kim öz partiyasına daha çox pul gətirə biləcək?
Azərbaycanda keçiriləcək parlament seçkilərinin vaxtı yaxınlaşdıqca, siyasi dairələrdə seçki əhval-ruhiyyəsi də güclənir.
Qeyd edək ki, müxalifət partiyaları bu seçkilərə bir neçə blokda birləşərək, getməyə qərar versələr də, həm partiyaların öz daxilində, həm də bloklar arasında çəkişmələrin davam etməsi müxalifətin bu seçkilərə də pərakəndə qatılacağını deməyə bəribaşdan əsas yaradır. Məsələn, AXCP (i) və Müsavat partiyası birgə blok yaradaraq, seçkiyə vahid siyahı ilə gedəcəklərini bəyan etsə də, hər iki partiyanın daxilində namizədlərlə bağlı narazılıqların olduğu heç kimə sirr deyil. Hətta bəzi Müsavat funksionerləri onlara "yaxşı yer" ayrılmadığına görə, namizədliklərini müstəqil surətdə irəli sürəcəklərini bildirirlər. AXCP (i) - də də eyni vəziyyətdir. "Qarabağ" blokuna daxil olan partiyalarda da yer davası bitmədiyindən, bu blokun da seçkiyə qədər qalıb-qalmayacağı və yaxud hansı tərkibdə qalacağı bəlli deyil.
Amma məsələ orasındadır ki, müxalifətin seçkilərə pərakəndə şəkildə qatılması təkcə partiyalar arasında və hər partiyanın öz daxilində birinci adamdan tutmuş sonuncuya qədər hamının şəhərin mərkəzindəki seçki dairələrindən birindən mandat qazanmaq istəyi ilə bağlı deyil. Ortada xaricdən gələn pulların necə bölüşdürülməsi məsələsi də var. Heç kəsə sirr deyil ki, seçkilər ərəfəsində Azərbaycandakı müxalifət partiyalarına xarici ölkələrdəki ayrı - ayrı təşkilatlar və donor qurumlar tərəfindən maliyyə yardımları ayrılır. Son illər bu yardımların ayrılması taktikasında bir qədər dəyişiklik edilsə də, mahiyyət dəyişməyib. Hər partiyaya pul bir növ onun nəzdindəki bir quruma çevrilən qeyri - hökumət təşkilatları vasitəsi ilə çatdırılır.
Məsələn, götürək elə xarici təşkilatlardan ən çox qrant alan QHT-lər sırasında olan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin fəaliyyətini. Bu təşkilatın xətti ilə bu günə qədər bir sıra sosial layihələrin və qadınların adı ilə alınan pulların nəyə və ya haraya xərcləndiyi hələ də heç kimə aydın deyil. Aydın olan yeganə məsələ odur ki, bu təşkilat indiyə qədər qrant şəklində aldığı minlərlə dolların nəinki bir manatını, heç bir qəpiyini də qadınların hansısa sosial problemlərinin həllinə dair layihələrin həyata keçirilməsinə və ya hansısa təşəbbüslərin irəli sürülməsinə xərcləməyib. Təşkilatın sədri Novella Cəfərovanın fəaliyyətinin Azərbaycan ictimaiyyətinə bəlli olan tərəfi odur ki, Azərbaycan nümayəndə heyəti Avropa Şurasının hansısa sessiyasına gedib çıxmamış, onun Azərbaycanın əleyhinə yazdığı "donos" artıq Strasburqda olur. "Siyasi məhbus" məsələsini daimi gəlir mənbəyinə çevirən QHT rəhbəri pul naminə, hətta öz siyahılarına vaxtilə Azərbaycanda dövlətçilik əleyhinə fəaliyyət göstərən adamların adını yazmaqdan da çəkinmir. Təki Avropadan pul gəlsin.
Amma Novella Cəfərova tək deyil. Müxalifətin iddialarından çıxış edərək beynəlxalq təşkilatlarda antiazərbaycan əhval-ruhiyyəsinin gücləndirilməsinə xidmət edən QHT rəhbərlərinin sayı çoxdur. Onlar bu "fəaliyyətləri" ilə həmin təşkilatlarda ölkəmizin imicinə məqsədli şəkildə zərbə vurulmasına çalışırlar. Onların bu "fəaliyyətləri" həm də dolayı yolla həmin təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın apardığı işə də maneçilik törədir.
Qeyd edək ki, Azərbaycanda adlarını hüquq müdafiəçisi qoyaraq, fəaliyyətini antiazərbaycan maraqları üzərində quran QHT rəhbərlərindən biri də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusovadır. Leyla Yunusova genetikasının sülh sözü ilə nə dərəcədə uzlaşıb - uzlaşmadığını deyə bilmərik, amma onun da əsas missiyasının QHT sektorunda əsas işi xarici təşkilatlardan aldıqları yardımları həmin təşkilatların Azərbaycanda himayə etdikləri partiyalara ötürmək olduğu artıq heç kimə sirr deyil. Düzdür, arada bir Leyla Yunusova müxalifət "liderləri"nin "demokratiya nəzəriyyələri"ni də tutuquşu kimi təkrarlamaqla, guya ki, Azərbaycanda sülhü və demokratiyanı təbliğ etdiyini göstərmək istəyir. Hərdən də onun həyat yoldaşı Arif Yunusov ortaya düşərək ictimaiyyətə Qarabağ probleminin həlli ilə bağlı öz fantaziyalarından danışır. Amma onun kimliyi də artıq cəmiyyətə yaxşı bəlli olduğundan, danışdıqlarına artıq qulaq asan yoxdur. Hətta bəzi partiyalarda belə, Leyla və Arif Yunusovlara QHT rəhbərindən daha çox "buxqalter" kimi yanaşırlar.
Elə bu vaxta qədər kimliyi və mövqeyi ilə bağlı cəmiyyətə müxtəlif məqamlarda fərqli məlumatlar sırımağa çalışan Arzu Abdullayevanın da fəaliyyəti digər həmkarlarından fərqlənmir. Sadəcə, Arzu Abdullayevanın büdcəsi cəmiyyətə özlərini modern və Qərbpərəst partiyalar kimi təqdim etməyə çalışan bəzi müxalifət partiyalarından fərqli olaraq, açıq şəkildə antiazərbaycan mövqeyi nümayiş etdirməklə, Rusiya və İranın siyasətindən çıxış edən qüvvələr üçün xərclənir.
Hüquq müdafiəçisi adını özünə bayraq edərək, bu adın arxasında daha çox antiazərbaycan xarakterli layihələr həyata keçirən Eldar Zeynalovun bu vaxta qədər kimin nə zaman hüququnu müdafiə etdiyi bəlli deyil. Bəlli olan odur ki, ölkəyə hansısa beynəlxalq tədbir çərçivəsində bir erməni gələsi olarsa, ya da hansısa beynəlxalq təşkilatın maliyyəsi hesabına "xalq diplomatiyası" çərçivəsində Ermənistana səfər təşkil olunursa, o dəqiqə Arzu Abdullayeva və Eldar Zeynalov qollarını çırmalayıb, düşürlər qabağa. Sanki doğma bir yerə, doğma insanların görüşünə gedirlər. Hər halda, hər dəfə belə vəziyyətlərdə müşahidə edilən görüntülərdən gəlinən qənaət belə olur.
Qeyd edək ki, QHT rəhbərləri seçki ərəfəsində də yenidən əl-ayaqdadırlar. Məsələ ondadır ki, ABŞ Milli Demokratiya İnstitutu bir qədər kasıblaşdığından, indi yük SOROS və digər donor təşkilatların üzərinə düşüb. Amma seçkiöncəsi müxalifət funksionerləri arasında "yer davası" düşdüyü kimi hüquq müdafiəçiləri arasında da "Kim öz partiyasına daha çox pul gətirə biləcək"- müstəvisində rəqabət düşüb. Odur ki, hazırda həmin QHT rəhbərləri bir-birini didməyə belə hazırdılar. Kimin daha çox para alacağı isə, təbii ki, hansı partiyanın daha çox qarışıqlıq yaratmağa cəhd etməsindən və bu didişmənin nəticəsindən asılı olacaq.