PDF Oxu

Sosial

  • 12

Türk birliyinin yaranmasında Azərbaycanın üzərinə tarixi missiya düşüb

Türk birliyinin yaranmasında Azərbaycanın üzərinə tarixi missiya düşüb
Türkdilli dövlətlər arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində görülən işlər yavaş-yavaş öz bəhrəsini verməyə başlayıb. Bu elə türkdilli dövlət başçılarının İstanbulda keçirilən onuncu zirvə sammiti zamanı da özünü aydın şəkildə büruzə verdi. Qeyd edək ki, Özbəkistan istisna olmaqla, digər türkdilli ölkələrin sammitdə prezidentlər səviyyəsində təmsil olunması Türk Dövlətlər Birliyinin yaradılması prosesinin başlamasına da öz müsbət təsirlərini göstərdi. Hələlik, türk dövlətləri arasında əlaqələr koordinə edilmiş şəkildə həyata keçirilsə də, gələcəkdə bu proseslərin türk dövlətləri arasında birliyin yaranması ilə nəticələncəyi də istisna deyil.
Onu da qeyd edək ki, türkdilli dövlətlər arasında birliyin yaranması ideyası hələ ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdü. Ulu öndərin təşəbbüsünə ilk dəstək Türkiyədən gəlsə də, Mərkəzi Asiyadakı türkdilli dövlətlərin bu prosesə qoşulması bir qədər zaman aldı. Etiraf olunmalıdır ki, Mərkəzi Asiyadakı türkdilli dövlətlər də keçmiş sovet imperiyası dağıldıqdan sonra Azərbaycan kimi müstəqillik əldə etsələr də, bu ölkələrin uzun müddət müstəqil dövlət kimi siyasi qərarlar verməkdə çətinlik çəkməsi təkcə türk birliyinin yaranması prosesini deyil, ümumilikdə, bu ölkələrin bir-biri və türk dünyası ilə inteqrasiyasını da bir qədər ləngitdi. Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycan qısa müddətdə bütün türkdilli dövlətlərlə ikitərəfli əlaqələrini qursa da, bu gün türk dövlətləri arasında əlaqələr lazımi səviyyədə deyil.
Məlumat üçün onu da deyək ki, bu gün Azərbaycan bütün türkdilli ölkələrlə normal ikitərəfli əməkdaşlığı olan yeganə dövlətdir. Bu gün Azərbaycanın Türkiyə ilə münasibətlərinin dünyada analoqu yoxdur. Eyni zamanda, rəsmi Bakının Qazaxıstanla münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Qırğızıstan və Türkmənistanla münasibətlərdə də irəliləyişlər var. Özbəkistanın isə türk ölkələri arasında yeganə olaraq əməkdaşlıq etdiyi ölkə Azərbaycandır. İstər Türkiyənin Mərkəzi Asiya ölkələri ilə münasibətlərində, istərsə də, Mərkəzi Asiyadakı türkdilli ölkələr arasında bu gün də müəyyən problemlər qalır ki, bu da istər-istəməz Türkdilli Dövlətlər Birliyinin yaradılması prosesini uzadır. Bu baxımdan da, hazırkı şəraitdə türkdilli dövlətlərin münasibətlərin normallaşdırılmasında əsas rol Azərbaycana məxsusdur. Ekspertlərin qənaətincə, istər Türkiyə və Özbəkistan arasında olan soyuqluğun ortadan qaldırılması, istərsə də, Mərkəzi Asiya ölkələrinin Türkiyəyə inteqrasiyası Azərbaycanın üzərindən keçdiyindən, birliyin yaranmasında Azərbaycanın rolu vacibdir. Başqa sözlə desək, birliyin yaradılması ideyasının gerçəkləşdirilməsində Azərbaycanın üzərinə tarixi missiya düşür.
Bu baxımdan da, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana etdiyi rəsmi səfərin də böyük əhəmiyyəti oldu. Çünki bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eləcə də, Özbəkistanın türk dövlətləri birliyinə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Ekspertlər isə, hesab edirlər ki, Azərbaycan Prezidentinin Daşkənddə apardığı müzakirələr Özbəkistanın türk birliyindən özünü təcridetmə siyasətinə yenidən baxması ilə müşayiət oluna bilər. Qırğızıstan və Türkmənistanın bu proseslərə inteqrasiyasında, məhz Azərbaycanın və onun Prezidentinin gördüyü işlərin müstəsna rolu olduğunu bildirən ekspertlərə görə, Azərbaycan hazırkı geosiyasi durumda təkcə Şərqlə Qərb arasında deyil, həm də türk dünyasında türkdilli ölkələrin və xalqların bir-birinə inteqrasiyasında mühüm rol oynayır. Bu baxımdan da, ekspertlər ulu öndərin bu istiqamətdə başladığı və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi bu tarixi missiyanın yaxın perspektivdə böyük nəticələr verəcəyini proqnozlaşdırırlar.

Digər xəbərlər