PDF Oxu

Sosial

  • 13

ABŞ-Azərbaycan əlaqələri inkişaf edir

ABŞ-Azərbaycan əlaqələri inkişaf edir
Sentyabr ayının 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində Azərbaycan və ABŞ prezidentləri arasında keçirilən görüş bu günlərdə istər ölkə, istərsə də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Bu görüşə müxtəlif şərhlərin verilməsi və onun geniş şəkildə təhlil olunması görüşün nə dərəcədə əhəmiyyətli və vacib olmasını bir daha nümayiş etdirir. İki ölkə arasında münasibətlərin səviyyəsi və qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr də nəzərdən kənarda qala bilməz. Dünyanın güc mərkəzlərindən sayılan ABŞ-ın Azərbaycana göstərdiyi diqqət və müxtəlif məsələlərin həllində birgə iştirakı ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirir və onları inkişaf etdirməyə yönəlir.
ABŞ və Azərbaycan prezidentləri Barak Obama və İlham Əliyev arasında keçirilən görüş zamanı da bu əməkdaşlıq müzakirə olunmuş və onun gələcək persprektivləri danışıqların əsas mövzusu olmuşdur. Əlbəttə, ölkələr arasında əlaqələri genişləndirmək baxımından prezidenlərin görüşünü əhəmiyyətli hesab etmək olar ki, burada da hər iki tərəfi maraqlandıran məsələlərin müzakirə olunduğu məlumdur. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın tutduğu mövqe Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır ki, bu məsələ son zamanlar özünü heç də qənaətbəxş şəkildə göstərmir. Lakin politoloq Elman Nəsirov bizə verdiyi açıqlamada prezidentlərin görüşünü təhlil edərək, bu görüşün nəticələrinin özünü Dağlıq Qarabağ münaqişəsində daha qabarıq şəkildə göstərəcəyini və münaqişənin tənzimlənməsinə yeni bir sürət gətirəcəyini nəzərimizə çatdırdı.
ABŞ prezidenti Barak Obama ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü xüsusi əhəmiyyət kəsb edirdi. Baxmayaraq ki, BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində bu görüş təşkil olunmuşdu, amma bütövlükdə bu görüş hər iki dövlətin milli maraqlarına xidmət göstərirdi və əslində, ABŞ ilə Azərbaycan arasında bir müddət yaşanan müəyyən anlaşılmazlıq elementlərinə aydınlıq gətirmək və mövcud ikitərəfli münasibətlərin inkişafına mane ola biləcək nüansları aradan qaldırmaq üçün olduqca əhəmiyyətli idi. Əvvəla, onu qeyd edim ki, bu, Azərbaycan və ABŞ prezidentinin ilk görüşü idi. Yəni Prezident statusunda. Çünki 2005-2006-cı illərdə Azərbaycan prezidenti İlham Əliyev Barak Obama ilə, o, senator olarkən iki dəfə görüşmüşdü. Lakin bu, Obamanın prezident statusunda ilk görüş idi və bu görüşün əsas əhəmiyyəti onda idi ki, B.Obama bu görüşdə, ilk növbədə, Prezident İlham Əliyevin regionda liderlik xüsusiyyətlərinə malik olduğunu önə çəkdi və vurğuladı. Eyni zamanda, ABŞ prezidenti Azərbaycanın regionda ABŞ üçün mühüm partnyor olduğunu və ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq istiqamətində olduğunu xüsusi olaraq qeyd etdi. Bu görüşdə hər iki tərəfi maraqlandıran məsələlər müzakirə olundu. Birinci növbədə, Birləşmiş Ştatlar Əfqanıstan probleminin həlli məsələlərində olduqca maraqlıdır və bu da, həqiqətdir ki, Əfqanıstana gedən malların, tikinti materiallarının, yanacağın və s.-nin 30 faizi məhz Azərbaycan üzərindən aparılır. Bu baxımdan həmin əməliyyatların uğurla həyata keçirilməsi üçün Azərbaycan mühüm tərəfdaşdır. Beynəlxalq terrorizm problemi, onunla mübarizə məsələləri və bu prosesdə hər iki dövlətin yaxın əməkdaşlığı məsələləri də diqqət mərkəzində saxlanıldı və Azərbaycan Prezidentinə bu məsələdə, ABŞ-ı dəstəklədiyinə görə, B.Obama xeyli razı qaldığını bildirdi. Heç şübhəsiz ki, bizim üçün ən əhəmiyyətli məsələ Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ probleminin həlli prosesi və burada ABŞ-ın mövqeyi ilə bağlı məsələlərdir. Münaqişənin həlli ilə bağlı son 6 görüş Rusiyanın təşəbbüsü ilə və Rusiyanın ərazisində keçirilib. Sanki ABŞ bu proseslərdə kənar müşahidəçi qismində çıxış edirdi. Yəni ən azı vizual baxımdan belə görünürdü. Lakin Birləşmiş Ştatların indiki adminstrasiyası 1 il 9 aydır hakimiyyətdədi və nəhayət ki, regiona münasibətdə, Azərbaycana münasibətdə tutduğu pauzaya sanki son qoyur. Münaqişənin tənzimlənmə prosesində, Cənubi Qafqaz regionundakı proseslərdə fəal oyunçu olmaq xəttini bu sessiyada və Azərbaycan Prezidenti ilə görüşdə ortaya qoymuş oldu. Biz ümid etmək istərdik ki, bu danışıqların gedişində Birləşmiş Ştatların münaqişənin tənzimlənməsi prosesindəki siyasəti daha da fəallaşacaq, daha intensiv xarakter alacaq və nizamlanma prosesinə bir sürət əlavə olunacaq. Biz bu görüşdən həm də bunu gözləyirik. Bütövlükdə, bu danışıqlar, Azərbaycan və ABŞ prezidentinin keçirdiyi bu görüş, yenə də qeyd edirəm ki, sanki ABŞ-ın Azərbaycana regionda yerini və rolunu, Azərbaycansız regionda hər hansı bir məsələnin həllinin qeyri-mümkünlüyünü, Azərbaycansız regionda sabitlik və təhlükəsizlik təminatının qeyri-mümkünlüyü anlamını ortaya qoydu və ən başlıcası isə, bu, ABŞ prezidentinin dilindən səsləndi. Bu, çox vacib məsələdir ki, onu da xüsusi qeyd etmək lazımdır.

Digər xəbərlər