PDF Oxu

Sosial

  • 12

"Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsi bu gün müzakirəyə çıxarılacaq

"Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsi bu gün müzakirəyə çıxarılacaq
BMT Baş Assambleyasının 64-cü sessiyasının gündəliyində olan "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsi bu gün müzakirəyə çıxarılacaq. Qeyd edək ki, BMT Baş Assambleyasının 64-cü sessiyasının gündəliyinə 18-ci məsələ kimi salınan qətnamə layihəsi ilə bağlı müzakirələrin sentyabrın 7-də keçirilməsi nəzərdə tutulsa da, sonradan müzakirələrin vaxtı sentyabrın 9-na dəyişdirildi.
Onu da qeyd edək ki, Azərbaycan tərəfinin BMT Baş Assambleyasına təqdim etdiyi qətnamə layihəsi və onunla bağlı gözlənilən müzakirələr Ermənistanda və ATƏT - in Minsk Qrupuna həmsədrlik edən ölkələrdə narahatçılıq doğurub. Bir neçə gün ərzində cəbhə xəttində Ermənistan tərəfinin davamlı şəkildə atəşkəsi pozması və Ermənistan rəhbərliyinin BMT Baş Assambleyasındakı müzakirələrin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar prosesinə mənfi təsir edəcəyinə dair iddiaları da ermənilərin beynəlxalq ictimaiyyətin diqqətini Baş Assambleyadakı müzakirələrdən yayındırmaq məqsədi kimi dəyərləndirilə bilər. Eyni zamanda, müzakirələr öncəsi ATƏT - in Minsk Qrupu həmsədrlərinin yenidən "Qarabağa səfərlər" məsələsini gündəmə gətirərək, regiona səfər etməsi həmsədrlərin də BMT Baş Assambleyasında gözlənilən müzakirələrdən xeyli narahat olduqlarını göstərir.
Bu baxımdan da, "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsi ilə bağlı müzakirələrin vaxtının dəyişdirilməsi birmənalı qarşılanmadı. Hətta bəzi versiyalarda bu ATƏT - in Minsk Qrupu həmsədrlərinin müzakirələrin təxirə salınması üçün göstərdiyi səylərlə də müəyyən qədər əlaqələndirildi. Lakin Azərbaycan tərəfi müzakirələrin baş tutmasında israrlıdır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov "Səs"ə açıqlamasında BMT Baş Assambleyasının 64-cü sessiyasının gündəliyinə salınan qətnamə layihəsi ilə bağlı müzakirələrin bu gün keçirilməsinin gözlənildiyini bildirib. Mətbuat katibi müzakirələrin vaxtının dəyişdirilməsini texniki məsələlərlə əlaqələndirərək, burada başqa heç bir səbəbin olmadığını deyib.
Politoloq Rasim Musabəyov isə "Səs"ə açıqlamasında BMT Baş Assambleyasında bundan əvvəl də "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsinin qəbul edilməsinə, BMT TŞ-nin münaqişənin nizamlanmasına dair dörd qətnaməsinin olmasına baxmayaraq, budəfəki müzakirələr ərəfəsində vəziyyətin bir qədər fərqli olduğunu bildirib. Onun sözlərinə görə, budəfəki qətnamə layihəsində Azərbaycan tərəfi daha çox humanitar məsələləri önə çəkərək, beynəlxalq birlikdən münaqişə nəticəsində insan hüquqları pozulan və humanitar fəlakətlə üz-üzə qalan insanların hüquqlarının bərpa olunmasına dəstək göstərilməsini istəyib. "Ona görə də bu müzakirələr ərəfəsində narahat olan təkcə Ermənistan deyil. Həm də ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Çünki on ildir ki, həmsədrlər burada baş qatmaqla məşğuldurlar. Minsk Qrupuna həmsədrlik edən üç dövlətin üçü də ermənipərəstdir. On ildir ki, onlar vasitəçilik adı altında çalışırlar ki, Ermənistanın işğalını rəsmiləşdirsinlər və Qarabağın ermənilərə verilməsinə nail olsunlar. Əgər biz Qarabağı həmsədərlərin istədiyi kimi ermənilərə verəcəkdiksə, onda onların vasitəçiliyi kimə lazımdı axı?"- deyən R.Musabəyov hesab edir ki, BMT Baş Assambleyasındakı müzakirələr həmsədrlərin əsil sifətini ortaya çıxara bilər. "Ona görə də onlar müzakirələr öncəsi bura səfər etdilər. Həmsədrlər çalışırlar ki, müzakirələr baş tutmasın, ya da təxirə salınsın. Çünki müzakirələr zamanı onlar yenə də qətnamə layihəsinin əleyhinə çıxsalar, bu halda vasitəçilik missiyasının özünün dayandırılması məsələsi ortaya gələ bilər. Azərbaycan ən azından ATƏT qarşısında məsələ qaldıra bilər ki, bu həmsədrlər necə vasitəçilik edirlər ki, onlar açıq şəkildə Ermənistanı müdafiə edirlər. Həmsədrlərin missiyasının taleyi həm də BMT Baş Assambleyasındakı müzakirələr zamanı həmin ölkələrin tutduqları mövqedən asılı olacaq. Ona görə də, düşünürəm ki, vasitəçilərin məsələnin təxirə salınması istiqamətdə səyləri nəticə verməyəcək. Heç nəyə baxmayaraq Azərbaycan müzakirələrin baş tutmasına nail olacaq". R. Musabəyovun fikrincə, budəfəki qətnamə layihəsində əsas məsələ olaraq münaqişə nəticəsində məcburi köçkün düşmüş insanların pozulmuş haqlarının bərpası məsələsi qoyulduğuna görə, əksər Avropa ölkələri də sənədin lehinə səs verə bilərlər. "Çünki əks halda bu, həmin ölkələrin insan haqlarının qorunması ilə bağlı ortaya qoyduqları mövqenin özü ilə bağlı suallar yarada bilər".
Xatırladaq ki, BMT Baş Assambleyasının 64-cü sessiyasına təqdim olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsində beynəlxalq hüququn bütün norma və prinsplərinin əsas tutmaqla, münaqişə nəticəsində öz yerlərindən qaçqın və məcburi köçkün düşən insanların yerlərinə qayıdışının təmin olunması, eləcə də, qayıdışdan sonra əhali arasında inteqrasiyanın təmin olunması ilə bağlı bütün zəruri tədbirlərin görülməsi məsələsi qoyulub. Həmçinin, sənəddə BMT-nin baş katibindən BMT Baş Assambleyasının 65-ci sessiyasına bunununla bağlı görülən işlərə dair hesabat təqdim etməsi də xahiş olunur.

Digər xəbərlər