PDF Oxu

Sosial

  • 13

Münaqişənin həllində konkret yolun seçilməsi vaxtı çatıb

Münaqişənin həllində konkret yolun seçilməsi vaxtı çatıb

Xəbər verildiyi kimi, BMT Baş Assambleyasının növbəti sessiyasının sentyabrın 9-da keçiriləcək iclasında Azərbaycanın işğal edilmiş ərazilərinə dair qərar layihəsi müzakirə olunacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, münaqişə tərəflərinin də iştirak edəcəyi dinləmələrdə Ermənistanın 20 ildən artıq davam edən işğalçılıq siyasəti və bundan əziyyət çəkən insanların taleyi müzakirə olunacaq.

Bu xəbərdən, təbii ki, işğalçı ölkənin rəhbərləri və siyasi partiyaların liderləri təşvişə düşüblər. Ermənistan parlamentinin "İrs" fraksiyasının rəhbəri Stepan Safaryan hadisələri qabaqlayaraq bildirib ki, BMT Baş Assambleyasında aparılacaq müzakirələrdə Ermənistanın bir daha işğalçı ölkə elan edilməsi rəsmi Bakının əsas məqsədidir.
Onu sözlərinə görə, sənədin qəbul edilməsi ilə Qərb Ermənistanı Rusiya ilə hərbi ittifaqını möhkəmləndirdiyinə görə cəzalandıracaq. Amma S.Safaryan özünə bir məsələdə təskinlik verir ki, hələlik, Qərb Ermənistan-Rusiya müqaviləsinə o qədər də sərt reaksiya verməyib. Güman etmək olar ki, bundan sonra da dünyanın o biri qütbündə olan dövlət və yaxud dövlətlər Ermənistana "gözün üstə qaşın var" deməsinlər.
Amma bu, BMT-də keçirilməsi nəzərdə tutulan müzakirələrin nəticəsinə heç bir təsir göstərməyəcək. Rəsmi Yerevan, əvvəllər olduğu kimi, regionda apardığı işğalçılıq siyasətinə başqa rəng verərək Azərbaycanı ittiham etməkdən də çəkinmir. Avropanın, Qərbin gözünə kül üfürərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində aparıldığını xatırladaraq BMT-nin bu işə qarışmamasına çalışır. Bununla da 15 ildən artıq nəticəsiz fəaliyyət göstərən Minsk Qrupunun ömrünü uzatmağa cəhd edirlər.
"İrs" fraksiyasının lideri Qərbə hədə-qorxu gəlməkdən belə çəkinmir. S.Safaryan bildirib ki, əgər BMT Baş Assambleyası Azərbaycanın xeyirinə qərar qəbul etsə, onda Ermənistan buna dözümsüzlük nümayiş etdirəcək və müvafiq addımlar atacaq.
Ümumiyyətlə, Rusiyanın Ermənistandakı hərbi bazalarının müddətinin uzadılması Cənubi Qafqazda geosiyasi proseslərin yenidən aktuallaşması ilə müşayiət olunmaqdadır. Rusiyanın regionla bağlı atdığı son addımların bölgədə təhlükəsizlik risqlərini artırdığı önə çəkilməklə yanaşı, bunun həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə də mənfi təsir edəcəyinə dair versiyalar irəli sürülməyə başlayıb.
Ermənistandakı Rusiya hərbi bazalarının daha 49 il müddətə uzadılması ilə bağlı Rusiya və Ermənistan arasında saziş imzalanması region ölkələri üçün təhlükəsizlik risqlərini artırıb. Artıq Ermənistanın müdafiə naziri bəyanat verib ki, Azərbaycan hərbi əməliyyatlara əl atsa, Rusiya Ermənistanın arxasında dayanacaq. Ermənistanda Rusiyanın hərbi bazası onsuz da əvvəldən var idi. İndi də olduğu kimi qalacaq. Əslində isə, bu bazaların Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində iştirakı üçün heç bir hüquqi əsas yoxdu.
Maraqlıdır ki, əvvəllər 102 saylı bazada rus əsgərlərinin sayının 4-5 min nəfərə yaxın olduğu bildirilirdisə, artıq rus hərbçilərin sayının 12 min nəfərə çatdırıldığı haqqında məlumatlar yayılıb. Politoloq Rasim Musabəyov SİA-ya müsahibəsində bildirib ki, bu vaxta qədər orada rus bazası olduğuna görə, onsuz da Rusiya tərəfdən ermənilərə gizlin şəkildə kömək edilirdi: "Yəni bu, təzə məsələ deyil. Təbii ki, bundan sonra da ermənilərə necə kömək ediblərsə, onu davam etdirəcəklər. Ancaq hərbçilərin sayının artırılması doğru deyil. Bu vaxta qədər də rus bazasında beş min hərbçi var idi. Onun da yarısı ermənilərdən ibarətdir. Hərbçilərin sayının 12 min nəfərə çatdırılması inandırıcı deyil. Sadəcə, belə xəbərləri mətbuatda yaymaqla, ola bilsin, Azərbaycana hədə-qorxu gəlmək istəyirlər. Ancaq bu da mümkün deyil. Azərbaycanın artıq öz gücü, hərbi potensialı var".
Fakt odur ki, Azərbaycan öz siyasətini müstəqil şəkildə aparır. Ermənistan isə asılı durumdadır. Rusiya bazalarına arxayın olmaq Ermənistana baha başa gələ bilər. Birincisi, bu bazalar uzaqbaşı Ermənistanın təhlükəsizliyini qoruya bilər, Azərbaycan isə Ermənistana hücum etmək fikrində deyil. Müharibə başlasa, Azərbaycan antiterror əməliyyatlarını öz ərazisində terrorçuların nəzarət etdiyi Qarabağda aparacaq.
Azərbaycanın hərbi cəhətdən xeyli qüdrətlənməsi Ermənistanda qorxu yaratmışdır. Yeni müqavilənin də əsas səbəbi budur. Lakin eyni addımı Bakı da ata bilər. Rusiya və Ermənistan arasında saziş imzalandıqdan sonra Azərbaycanda da türk hərbi bazalarının yerləşdiriməsinin mümkünlüyünə dair fikirlər səsləndirilir.
Qeyd edək ki, Rusiya və Türkiyə arasında 1921-ci ildə imzalanmış müqaviləyə əsasən Naxçıvan və Acarıstan istisna olmaqla, qalan ərazilərə nəzarət Rusiyaya keçib. Türkiyənin Naxçıvanla bağlı öhdəlikləri qüvvədədir və bu öhdəliklər Türkiyəyə belə bir addım atmağa imkan verir. Zərurət yaranarsa, Azərbaycanla Türkiyənin bu addımı atması mümkündür.
Bu arada Ermənistanda Rusiya ilə müqaviləyə baxmayaraq ermənilərin müharibə təhlükəsindən qorxduğunu göstərən açıqlamalar yayımlanır. "Müharibə təhlükəsi var və bundan sonra da mövcud olacaq". SİA-nın "news.am" xəbər saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Erkrapa" Könüllülər Birliyinin sədri, general Manvel Qriqoryan deyib.
Azərbaycanın hərbi əməliyyatların yenidən başlaması ilə bağlı bəyanatlarına ara vermədiyini deyən birliyin sədri bunun real olduğunu bildirib: "Sual olunur ki, münaqişənin həlli ilə maraqlanan dünya dövlətləri buna imkan verərmi? Azərbaycan isə onlara daim deyir ki, əgər siz bu məsələni həll etməyi bacarmayacaqsınızsa, bir gün müharibəyə başlayacağam. Azərbaycan deyə bilər ki, əziz dostlar, min dəfə sizi xəbərdar etdik. Bu xəbərdarlığın özü hərbi əməliyyatlar üçün əsas yaradacaq. Müharibə təhlükəsi var və bundan sonra da mövcud olacaq".
Ermənistan hakimiyyətinin "rus hərbçilərinin ölkənin təhlükəsizliyinin zəmanətidir" deməsinə də münasibət bildirən general hesab edir ki, istənilən başqa dövlətin Ermənistan ərazisində hərbi güc yerləşdirməyə can atması yaxşı əlamət deyil. Qeyd edək ki, müxalifət də Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistanda qalma müddətinin artırılmasını ölkənin müstəqilliyinə təhlükə hesab edir.
Beləliklə, ermənilərin qorxusunun səbəbi və savaşdan qaçmaq və ya özlərini sığortalamaq cəhdləri aydındır. Lakin qeyd etmək lazımdır ki, gec və ya tez, bu məsələ yetişəcək və Azərbaycan öz torpaqlarını azad edəcək. İstər sülh yolu ilə olsun, istər güc yolu ilə. Ermənilərə birinci yol sərf edir. Bunu anlasalar...

Digər xəbərlər