Bəlli olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 5 milyon manat maliyyə vəsaiti ayrılıb. Həmin vəsaitlə KİV təmsilçiləri üçün ayrıca binanın inşa edilməsi və ehtiyacı olan peşəkar jurnalistlərin mənzillə təmin olunması nəzərdə tutulur. Müvafiq mənzillər, ilk növbədə, kimlərə paylanacaq və bu zaman hansı meyarlar əsas götürüləcək? Ümumiyyətlə, KİV əməkdaşlarının sosial qayğılarının aradan qaldırılması üçün daha hansı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun və arzuolunandır? Bu suallara aydınlıq gətirmək üçün mətbuat nümayəndələrinə müraciət etdik.
Natiq Məmmədli,
"Kaspi" qəzetinin baş redaktoru:
- Prezident İlham Əliyevin imzaladığı bu Sərəncamı biz çox təqdir edirik. Yəni, bu, müsbət bir haldır və dünyada belə bir şey yoxdur ki, dövlət jurnalistinə başqa sosial təbəqələrlə fərq qoymadan qayğı göstərir. Bir sözlə, bu, çox yüksək qiymətləndirilməlidir. İkinci bir tərəfdən isə, burada əsas sual ondan ibarətdir ki, bu yerlər hansı prinsiplə paylanılmalıdır? Fikrimcə, evləri redaksiyalar daxilindəki müzakirələr nəticəsində müəyyənləşdirmək lazımdır. Yəni, hər bir redaksiya öz əməkdaşının mənzil və sosial problemlərini daha yaxşı bilir. Bir sözlə, redaksiyalar ümumi bir iclasını keçirməli və hər bir redaksiya üçün hansısa bir kvota müəyyənləşərsə və həmin redaksiyanın qərarına uyğun olaraq, yəni, bir kompromis əsasında o evsiz əməkdaşının namizədliyini irəli sürməlidir. KİV-ə Dövlət Dəstəyi Fondu da, təbii ki, müəyyən araşdırmalar aparmalıdır ki, burada hər hansı bir subyektivliyə yol verməmək üçün redaksiyanın qərarına hörmətlə yanaşılsın. Yəni, başqa sözlə desək, burada həmin jurnalistin təqdimatını redaksiyanın ümumi yığıncağında hamının kompromisə gəlməsi nəticəsində redaksiya təqdim etməlidir.
Bildiyiniz kimi, cənab Prezident Sərəncam verdi və mətbuat günündə də vurğulandı ki, bu, hələ birinci addımdır. KİV-ə Dövlət Dəstəyi Fondunun açıqlamasından da belə başa düşdüm ki, jurnalistlər üçün bir neçə bina tikiləcəkdir. Yəni, bu, birinci addım olduğuna görə, bununla bağlı olaraq, fikirləşirlər ki, jurnalistlər üçün nəzərdə tutulan evlər dənizə yaxın mənzərəli yerlərindən birində tikilsin.
Bir sözlə, yaxın müddət ərzində ciddi jurnalistika ilə məşğul olan şəxslərin mənzil-məişət məsələsi, demək olar ki, öz həllini tapacaqdır. Ancaq bu, o demək deyil ki, jurnalistlərin qayğıları bununla da başa çatır. Çox istərdim ki, jurnalistlərə banklardan kredit verilməsi məsələsi də qaydasına düşsün. Təbii ki, burada söhbət öz işi ilə ciddi məşğul olan jurnalistlərdən gedir. Bildiyiniz kimi, biz, ümumiyyətlə, bütün bankların gördüyü işləri və ölkənin iqtisadi inkişafını daha açıq şəkildə təbliğ edib ictimaiyyətin diqqətinə çatdırırıq. Bəs nəyə görə jurnalistlərə banklardan adi məişət texnikası almaq üçün kredit verilmir və etimad göstərilmir. Çox arzulayardım ki, sözügedən bu məsələ yoluna düşsün ki, bizim sərbəst şəkildə mətbuatda işləyən əməkdaşlarımız hər hansı bir kredit götürə bilsinlər.
Rəşad Məcid,
"525-ci qəzet"in baş redaktoru:
- İlk növbədə, bu hadisənin və faktın özü, hesab edirəm ki, alqışlanmalıdır. Ümumiyyətlə, biz uzun müddətdən bəri həmişə deyirdik ki, jurnalistlərimizin sosial-məişət məsələləri çətindir və onların aldıqları əmək haqqı ilə Bakı şəhərində nə vaxtsa ev alması xulyadır. Yəni, bu məsələ ilə bağlı dəfələrlə danışmışdıq və demişdik. Bir sözlə, biz çox sevinirik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bizim sözügedən bu təkliflərə reaksiya verdi və Mətbuat Şurasının üzvləri ilə görüşdə operativcəsinə bu məsələyə reaksiyasını bildirdi və həssaslıqla yanaşdı. İlk növbədə, Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Bildiyimə görə, artıq jurnalistlərə mənzillərin tikilməsi üçün yer ayrılıb. Fikrimcə, bu tendensiya gələcəkdə də davam edəcək. Bir sözlə, güman edirəm ki, bir neçə ildən sonra Azərbaycanın, demək olar ki, bütün evsiz jurnalistləri ev ilə təmin olunacaqlar. Azərbaycan Prezidentinin bu həssaslığına və diqqətinə görə biz, xüsusi olaraq, öz təşəkkürümüzü bildiririk. Güman edirəm ki, Azərbaycan dövlətinin və Prezidentinin diqqəti-qayğısı sayəsində mənzil-məişət problemi olan jurnalistlərin istəkləri ödənəcəkdir.
Azərbaycan Prezidenti Mətbuat Günündə və Mətbuat Şurasının binasının açılışında söylədiyi fikirlər və təkliflərə reaksiyası bizə ümüd verir ki, mətbuatımızın çətin iqtisadi vəziyyətindən yaxın vaxtlarda qurtulmaq mümkün olacaq. Birinci növbədə, onu qeyd edim ki, bu vəziyyətdən çıxış yolu kimi Azərbaycan Prezidentinin Sərəncamı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıbdır və bu da çox yaxşı bir əlamətdir ki, artıq bu fondun maliyyəsi iki milyon manata yaxındır. Biz arzulayır və güman edirik ki, ölkə Prezidenti artıq bu sahədə olan problemləri yaxından bilir və həssaslıqla yanaşır. Birinci növbədə, bu fondun vəsaitlərini artırmaq lazımdır, həm də çox, məsələn, 10 dəfə. Azərbaycanda KİV-ə Dövlət Dəstəyi Fonduna vəsait ayrılarsa, bu, demək olar ki, mətbuat sahəsində tamamilə iqlimi dəyişər və jurnalistlərin həm sosial-məişət şəraitinin yaxşılaşdırılması, həm də qəzetlərimizin iqtisadi gücünün xeyli artmasına səbəb olar. Fikrimcə, əsas buna diqqət yönəltmək lazımdır və eyni zamanda, reklam məsələlərinin artması ilə bağlı məsələyə. Prezident bu məsələyə də lazımi reaksiyani göstərdi. Hazırda MŞ-də təkliflər hazırlanır ki, qəzetlərə reklamın artması ilə bağlı hansı addımlar atıla bilər. Bu iki məsələ, hesab edirəm ki, öz həllini tapsa, yaxın illərdə biz Azərbaycanda həmin arzuladığımız çoxsəhifəli və iqtisadi cəhətdən güclü qəzetlərin və varlı jurnalist təbəqəsinin şahidi olacağıq.