PDF Oxu

Sosial

  • 9

Rusiyanın "Regnum" agentliyi Azərbaycan haqqında qərəzli məlumatlar yayır

Rusiyanın "Regnum" agentliyi Azərbaycan haqqında qərəzli məlumatlar yayır
Ermənilərin əlində alətə çevrilən bəzi beynalxalq informasiya agentlikləri tərəfindən qeyri-obyektivliyə yol verilməkdədir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi regionda sülhün və sabitliyin bərpası yönümündə ardıcıl fəaliyyətinə zidd olaraq az qala bütün dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa çalışan türk dünyasına qənim kəsilən bədnam erməni lobbisi fəal iş aparır. Qərəzli mövqe tutan və vaxtaşırı internet səhifəsində birtərəfli məlumat yayan agentliklər sırasında Rusiyanın "Regnum" agentliyi "xüsusi çəkiyə" malikdir. "Regnum" informasiya agentliyinin rəhbərliyinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqətlərin məlum olması heç bir şübhə doğurmur. Buna baxmayaraq, bu agentliyə məxsus internet saytında, (www.regnum.ru) mütəmadi olaraq, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpağında - "Dağlıq Qarabağ Respublikası" təbliğ olunur, qondarma respublikanın müstəqilliyi ətrafında spekulyasiyalara cəhd göstərilir. Xatırladaq ki, bir müddət əvvəl, agentliyə məxsus internet saytında "Dağlıq Qarabağ" adlı xüsusi bölmənin yerləşdirilməsi və burada qondarma respublikada keçirilməsi nəzərdə tutulan saxta prezident seçkiləri ilə bağlı geniş məlumatların verilməsi adıçəkilən elektron informasiya vasitəsinin qərəzli mövqeyini sübut edir. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpağında - Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan qondarma prezident seçkisi dünyanın aparıcı beynəlxalq təşkilatları - BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və ayrı-ayrı ölkələr tərəfindən, birmənalı olaraq, pislənmişdir. Belə olan təqdirdə, qondarma DQR-də keçiriləcək prezident seçkiləri barədə "Regnum" agentliyinin çoxsaylı məlumatlar yerləşdirməsi onun Azərbaycana qarşı qərəzli mövqe tutduğunu təsdiqləyir. Ermənistan və erməni lobbisi tərəfindən sistemli, çoxşaxəli əks-təbliğatın aparıldığını nəzərə alan Azərbaycan dövləti bu sahədə kompleks tədbirləri davam etdirir, ölkənin milli maraqlarını təhdid edən informasiyaları mütəmadi olaraq ifşa edir. Ölkəmizin beynalxalq aləmdə güclənən mövqeyinin zəiflədilməsinə göstərdiyi cəhdlərlə yanaşı, Ermənistan təmsilçiləri Azərbaycana və Azərbaycanın dövlət adamlarına qarşı yalan və iftiralar yaymağı da unutmurlar. Ermənistanın "İrs" partiyası fraksiyasının katibi Stepan Safaryan ermənipərəst "Regnum"a açıqlamasında iyunun 29-30-da Qazaxıstanın paytaxtı Astanada ATƏT-in keçirdiyi "Tolerantlıq və ayrı-seçkiliyə yol verməməli" mövzusundakı yüksək səviyyəli konfransında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin tədbirə layiqincə hazırlaşmaması və erməni tərəfinin çıxışına layiqincə cavab vermək iqtidarında olmaması ilə bağlı əsassız fikirlər irəli sürmüşdür. Halbuki həmin konfransın ikinci günündə son iki çıxışdan biri kimi Azərbaycan nümayəndə heyətinin başçısı Hidayət Orucovun məruzəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin bağlanışda söylədiyi nitq alqışlarla qarşılanmışdır. "Regnum" agentliyi Safaryana istinad edərək belə bir məlumat yaymışdır ki, onun "Türkiyədə xristianların vəziyyəti və qədim Cuqada (Culfa rayonu nəzərdə tutulur-red.) məhv edilməkdə olan xristian irsi" barədəki çıxışına Azərbaycan nümayəndəsi guya tez-tələsik bir neçə sözlə cavab verməklə kifayətlənmişdir. Ermənistan nümayəndəsi əlavə etmişdir ki, H.Orucovun çıxışı o dərəcədə "isterik və qarma-qarışıq alındı ki, o, Naxçıvanı "ermənilərinki" kimi təqdim etdi". Halbuki Azərbaycan nümayəndə heyətinin başçısı "ATƏT məkanında dini ölçü daxil olmaqla dözümlülük və qarşılıqlı anlaşmaya, millətlərarası və mədəniyyətlərarası dialoqa dəstək strategiyaları" adlanan sessiyada aparıcı məruzəçi qismində çıxış etmiş, mülahizələrini tamamilə nəzəri-praktiki məsələlər və strateji tövsiyələr üzərində qurmuşdur. Məruzədə, ümumiyyətlə, Naxçıvan məsələsinə toxunulmamış və bu qədim Azərbaycan şəhərinin adı çəkilməmişdir. Azərbaycana qarşı bu mənfur siyasətin arxasında ölkəmizin əlverişli coğrafi məkanda yerləşməsi, ümumdünya əhəmiyyətli enerji və kommunikasiya imkanlarına malik olmasıdır. Azərbaycanda siyasi zəmində münaqişələrin yaranmasında maraqlı erməni millətçilərinin əlində alətə çevrilən bir sıra mətbu nəşrlər - "Mitk", "De-fakto", "Panarmenian", Rusiyanın isə "Regnum" və "Strana.ru" saytları qərəzli iddialarla çıxış edirlər. Azərbaycana qarşı bu planın ermənilərin xüsusi xidmət orqanları tərəfindən hazırlandığı şübhəsizdir. Azərbaycan Qərbi enerji resursları ilə təmin edən ölkəyə çevrildiyi bir dönəmdə ölkəyə qarşı antimilli təbliğat kampaniyası bölgədəki türkdilli dövlətlər arasında da münasibətlərin gərginləşməsinə hesablanıb. Təbii ki, erməni politoloqların bu iddiaları və ehtimalları bölgədə xalqlar arasında nifaq salmağa xidmət edir. Ermənilər iddia edirlər ki, ləzgi, avar, saxur, uda və digər millətlərin nümayəndələri Azərbaycanda türklərdən öncə məskunlaşıblar. İslamın Azərbaycana gəlişindən sonra bu xalqların əksəriyyəti qədim mədəniyyətlərini və xristanlıqlarını qoruyub-saxlaya biliblər. XI əsrdə türklərin bölgəyə gəlişindən sonra nəzarəti ələ keçiriblər. Ermənilər onu da bildirirlər ki, İran xalqları bölgədən sıxışdırıldı və yaxud da türkləşdirildi. Ermənilər iddia edirlər ki, Dağlıq Qarabağ müharibəsində rəsmi Bakı həmin xalqların nümayəndələrini ermənilərə qarşı vuruşmağa məcbur edib. Lakin onlar qədim qonşularına hörmət bəslədiklərindən, bundan imtina ediblər. Erməni ideoloqları əsaslandırmağa çalışırlar ki, əgər Dağlıq Qarabağ erməniləri öz müstəqilliklərini dünyaya tanıda bilsələr, onda Azərbaycanda yaşayan digər xalqlar da asanlıqla öz müstəqilliklərini qura bilərlər. Bununla da, ermənilər Azərbaycanda yaşayan xalqların "hüquqlarını" qoruduqlarını bəyan ediblər. Bundan başqa, "Regnum" saytı işğalçı erməni birləşmələrinin Qarabağda keçirilən hərbi təlimlər zamanı Azərbaycan üzərinə hücum variantlarını sınaqdan keçirilməsi haqqında da məlumatlar yayır. Ermənipərəst "Regnum" agentliyinin məlumatına görə, separatçı rejimin rəhbərləri deyiblər ki, təlimlər zamanı təkcə müdafiə yox, həm də preventiv hücum və Azərbaycan ərazilərinin içərilərinə doğru hərbi əməliyyatları genişləndirmək variantlarına üstünlük verilir. Bütövlükdə, Regnum" Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayan, manevrləri cəbhə xəttinin bilavasitə yaxınlığında aparıldığını vurğulayan, erməni xuntasının ölkəmizə qarşı antitəbliğat ruporuna çevrilib. Özü də açıq şəkildə bildirilir ki, təlimlər müdafiə xarakterli yox, məhz hücum xarakterlidir və Azərbaycan ərazilərinə hücum edib yeni mövqelər ələ keçirməyə hesablanıb. Ermənistan tərəfinin bu təcavüzkar mesajı Azərbaycan rəhbərliyinin işğal edilmiş ərazilərin hərbi yolla azad edilə biləcəyi haqda bəyanatları dayandırdığı bir vaxtda verilirdi. Dünya siyasətinə getdikcə artan təsir imkanları qazanmış Azərbaycanın bütövlükdə Avroatlantika məkanında sülh, tərəqqi və əməkdaşlıq mərkəzinə, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Və bundan ən çox təşviş keçirən Ermənistanın düşdüyü vəziyyət başadüşüləndir. Respublikamızda müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatlar ümumi strateji inkişaf kursunun prioritet xəttidir.

Digər xəbərlər