Azərbaycan ərazisində Türkiyənin hərbi bazaları yerləşdirilə bilər
Azərbaycan müstəqil, suveren dövlətdir. Xarici ölkələrlə münasibətləri milli və dövlətçilik maraqlarına əsaslanır. Bu baxımdan, müstəqil bir dövlət kimi, Azərbaycanın istənilən dövlətlərlə iqtisadi, siyasi, hərbi və digər sahədə əməkdaşlıq münasibətləri çox şaxəlidir. Azərbaycan ərazilərini işğal edən Ermənistan öz ərazisində Rusiyanın hərbi bazalarını yerləşdirib və həmin bazaların daha 49 il qalması barədə iki ölkə arasında müqavilə imzalamağa hazırlaşır. "Səs"ə açıqlamasında AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıbəyli bildirdi ki, Rusiya və Ermənistanın bu addımı, faktiki olaraq, Azərbaycanı təhdid etmək deməkdir.
"Azərbaycan bu reallıqdan çıxış edərək, sözsüz ki, bu təhdidlərə cavab vermək hüququnu özündə saxlayır. İstənilən güclü, özünə əmin, potensialına və iqtisadi gücünə güvənən bir dövlət kimi öz ərazilərini işğaldan azad etmək, təhlükəsizliyini təmin etmək üçün istənilən dövlətlə hərbi müttəfiqlik imzalamaq hüququna malikdir".
Millət vəkili qeyd etdi ki, Türkiyə və Azərbaycan yalnız qonşu və dost bir dövlət deyil, ümummilli lider Heydər Əliyevin təbirincə desək, bir millət - iki dövlətik. Eyni millətin təmsilçiləri olan istər Azərbaycan türkləri, istərsə də, Türkiyə türkləri hər zaman ərazi bütövlüyü, dövlət müstəqilliyi və taleyüklü bütün məsələlərində bir-birinin yanında olublar.
1918-ci il hadisəsinə toxunan G.Hacıbəyli bildirdi ki, 1918-ci ildə ermənilər Bakıda həyata keçirilən soyqırımın qarşısının alınmasında, Azərbaycanın bir dövlət kimi var olmasında məhz türk islam ordusunun rolu olub. "Azərbaycanın bəzi bölgələrində ermənilər tərəfindən insanlara tutulan soyqırımı siyasətinin qarşısının alınmasında türk ordusunun qəhrəmanlarının xüsusi rolu olub".
G.Hacıbəyli vurğuladı ki, Azərbaycan öz ərazisində Türkiyə hərbi bazalarının yerləşdirməsini tələb edəcəksə və ən azından işğalçı Ermənistanla münasibətdə bölgədə balansın bərpası üçün bu addımın atılması zərurəti ortaya çıxacaqsa, heç bir beynəlxalq güc bunu əngəlləyə bilməz. Hər iki dövlət müstəqil dövlətdir və qarşılıqlı münasibətlərdə yalnız öz maraqları baxımından çıxış edir. Gələcəkdə Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yerləşdirilməsi də istisna deyil. Bütün bu barədə qərarları isə, ölkə rəhbəri verir və Azərbaycan demokratik bir ölkə kimi istənilən zaman belə bir qərar vermək hüququnu malikdir.
"Rusiya Abxaziya ərazisində "S 300" raket kompleksini yerləşdirib. Bu, Cənubi Qafqaz ölkələri üçün təhlükə yaradarmı" sualını cavablandıran millət vəkili qeyd etdi ki, istər Ermənistan ərazisində Rusiya hərbi bazasının mövcudluğu, istər Abxaziyada və Cənubi Osetiya ərazisində Rusiya silahlılarının təmərküzləşməsi, "S 300" kompleksinin və digər xüsusi texnikanın yerləşdirilməsi Cənubi Qafqazda olan balansı pozur. Sözsüz ki, "S 300" raket kompleksi Cənubi Qafqaz ölkələri üçün təhlükə törədir. Bu baxımdan öz müstəqilliyini qorumaqda olan Azərbaycan vəziyyəti ciddi təhlil edir, dərindən araşdırır və yəqin ki, bu təhlillərin nəticəsində də ölkəmiz üçün ən düzgün qərarlar qəbul ediləcəkdir.
"Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalandı. Müqaviləyə əsasən, Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatların bərpa olunacağı təqdirdə, Türkiyə Azərbaycana hərbi yardım göstərsə,bu halda Rusiyanın reaksiyası necə olacaq" sualını cavablandıran millət vəkili bildirdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmətlə yanaşır. Azərbaycan ərazisində separatçı qüvvələrin yaratdığı qeyri-qanuni bir rejimlə mübarizədə Rusiya, nəinki Azərbaycana mane olmamalı, əksinə, Azərbaycana dəstək olmalıdır. Ən azı ona görə ki, Rusiyanın Çeçenistanla çox ciddi bir problem var və bu problem bu gün də qalmaqdadır. Rusiya - Çeçenistan məsələsində Azərbaycan Rusiyanın ərazi bütövlüyünün tanınması mövqeyindən çıxış edir. Azərbaycanın Rusiyaya hörmət etdiyi kimi Rusiya da Azərbaycana hörmət etməlidir.
Millət vəkili qeyd etdi ki, Dağlıq Qarabağ üzərində suveren hüquqlarını bərpa etmək Azərbaycan dövlətinin müstəsna səlahiyyətidir. Azərbaycan terrorçu, separatçı qüvvələrə münasibətdə istənilən addımı atmaqda sərbəstdir. Eyni zamanda, Azərbaycan müttəfiq münasibətdə olduğu dövlətin də bu addımın atılmasına dəstəyini qəbul edə bilər, o cümlədən, Türkiyənin də dəstəyindən yararlana bilər. Dağlıq Qarabağ və onun ətrafında olan yeddi bölgə Azərbaycan ərazisidir və bu, BMT tərəfindən birmənalı olaraq tanınır.
Millət vəkili vurğuladı ki, əgər Ermənistan hakimiyyəti bilsə ki, onların bu təcavüzkarlığını, zorakılığını, işğalçılıq siyasətini müdafiə edən hər hansı güclü bir qüvvə mövcud deyil və Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayanda ona heç kim dəstək olmayacaq, yəqin ki, Ermənistan hakimiyyətinin cəsarəti çatıb belə bir alçaq işğalçılıq siyasəti yürüdə bilməz. Günü-gündən güclənib, inkişaf edən Azərbaycan, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də böyük inkişafa nail olub. Azərbaycan xalqı öz haqq işi uğrunda mübarizəyə qalxıb işğal altında olan torpaqları bədnam qonşularımızdan azad edəcəkdir və Ermənistan hakimiyyəti çox dəqiq bilir ki, Azərbaycan ordusu qarşısında Ermənistan ordusu çox cılız və aciz bir dəstədir.