Naxçıvan Muxtar Respublikasının Qazisinin bəyanatı
Son dövrlər "Yeni Musavat" qəzetinə Naxçıvan Muxtar Respublikası haqqında həqiqətə uyğun olmayan, mənbəyi və mənsəbi "mötəbər mənbələr" adı altında gizlədilən, sifarişlı, qərəzli yazılar dərc edilməkdədir. "Yeni Musavat" qəzetinin gündəlik nəşrlərində və rəsmi internet saytında bu məsələ ilə əlaqədar müxtəlif başlıqlar altında reallıqdan kənar, qondarma və şaiyə xarakterli yazılar Naxçıvan Muxtar Respublikasının ictimaiyyətini narahat etməkdədir.
Adı çəkilən qəzetin 19 avqust 2010-cu il tarixli sayında, üzdəniraq "köşə yazarı" Samir Sarı "Şeytan piarına qadağa" başlıqlı yazısında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ruhanilərin və dindarların fəaliyyətlərinə dair cəmiyyətdə çaşqınlıq salınmasına hesablanmış ifadələr səsləndirmiş, ölkə mətbuatının gündəmində öz absurd fikirləri ilə yer tutmağa çalışmışdır.
Mübarək Ramazan ayında olduğumuz bu günlərdə "Yeni Musavat" qəzetində yer almış bu məkrli yazının müsəlman qardaşlarımızın dini heysiyyatına toxunması, ciddiyətdən uzaq və istehza dolu olması muxtar respublikanın əhalisi tərəfindən hiddətlə qarşılanmaqdadır. Qeyd olunan yazı "Yeni Musavat" qəzetində dərc edilməsi ilə Naxçıvan Muxtar Resbublıkasının dindarları arasında əsaslı narazılıq doğurmuş, Naxçıvan Muxtar Respublikasının Qazisinə çoxsaylı müraciətlər edilmişdir. Tam yəqinliklə demək olar ki, Naxçıvan Muxtar Respublikasına qarşı "Yeni Musavat" qəzetinin ölkəmizin bu gözəl diyarına və onun inanclı insanlarına qarşı ortaya qoyduğu mövqeyi düşmənçilik xarakterli olub şeytana xidmətdən başqa bir şey deyildir.