Bildiyiniz kimi, son zamanlar müxalifət mətbuatı iqtidara qarşı geniş, qərəzli "qara piar" kampaniyasına başlayıb. Sizin fikrinizcə, bu nədən qaynaqlanır və radikal qəzetlər bununla nəyə nail olmaq istəyirlər? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Natiq Məmmədli,
"Kaspi" qəzetinin baş redaktoru:
- "Qara piar" kampaniyasının başlanmasını mən iki amillə əlaqələndirirəm. Birincisi, yay fəslində qəzetlərin tirajı nəzərəçarpacaq dərəcədə aşağı düşür. Bunu sığortalamaq üçün isə ayrı-ayrı radikal müxalifət düşərgəsinin qəzetlərinin artıq bir ənənəsi var. Belə ki, manşetə, birinci səhifəyə özlərinin təxəyülünün məhsulu olan dezinformasiyalar yerləşdirirlər. Fikirləşirlər ki, hansısa dövlət məmuru haqqında yazsaq və yaxud da ictimai çəkisi olan hansısa bir insan haqqında dezinformasiya versək, bu, qəzetin satışına təsir göstərəcək. Çox böyük təəssüflə qeyd etmək lazımdır ki, çox olanda bu metod öz effektini verir. Son 5 il ərzində, konkret olaraq, "Azadlıq" və "Yeni Müsavat" qəzetinin yay fəslində toxunduqları mövzulara baxsaq, görərik ki, bunlar başdan-ayağa dezinformasiyadan ibarətdir. Bu da ucuz, özlərinin səviyyəsinə uyğun oxucu toplamaq istəyindən və mövzu qıtlığından irəli gəlir. Bunu özləri də etiraf edirlər. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu müsahibəsində bildirib ki, konkret olaraq, hansısa nazir ilə bağlı birinci səhifəyə yazı çıxaran kimi qəzetin tirajı artır. Özü isə hesab edir ki, ayrı-ayrı dövlət məmurlarını ləkələyən və onlara toxunan, hətta ailə-məişət məsələləri haqqında uydurma təxəyyül məhsulu olan materialları çıxaranda, onun qəzeti yaxşı alınır. İndi təsəvvür edək ki, bu adamın çörəyi nədən çıxır?
Fikrimcə, ikinci məsələ qarşıdan gələn parlament seçkiləri ilə bağlıdır. Parlament seçkilərində Azərbaycanın siyasi həyatında dinamizm açıq şəkildə özünü göstərəcəkdir. Məhz indi keçirilən rəy sorğuları da bir daha təsdiq edir ki, parlament seçkilərində Azərbaycan xalqı, Azərbaycanın sağlam seçiciləri, Azərbaycanın mövcud iqtidarına və onun dəstəklədiyi namizədlərə səs verəcəkdir. Yəni Yeni Azərbaycan Partiyasının reytinqi cəmiyyətdə o qədər yüksəkdir ki, bu, artıq mübahisə predmeti ola bilməz. İndi biz neynəyək ki, 125 seçki dairəsindən müxalifət namizəd verməyə adam tapmır. Belə olduğu təqdirdə, onlar yenə də ictimai rəydə bu köhnə metodlardan istifadə edərək, ayrı-ayrı ictimai statusu və çəkisi olan nüfuzlu şəxsləri ləkələyən materiallar dərc edirlər. Beləliklə də, özlərinin mövcudluğunu göstərmək istəyirlər və parlament seçkiləri ərəfəsində yenidən qəzetləri məhkəmə çəkişməsinə cəlb etmək məqsədi daşıyır. Yəni hər hansı bir qəzet məhkəməyə verilsin və Azərbaycanın adı ayrı-ayrı bizi istəməyən beynəlxalq təşkilatların hesabatlarına daxil edilsin. Fikrimcə, burada məqsəd, niyyət bu iki amillə əlaqədardır.
Sevinc Seyidova,
"Həftə İçi" qəzetinin baş redaktoru:
- Düşünürəm ki, son zamanlar bəzi mətbuat orqanlarında "qara piar" adlandırılan yazılar dərc olunub. Təbii ki, məhz hakimiyyətdə təmsil olunan insanların həyatı və ailə işləri ilə bağlı yazılar dərc olunur. Bu da silsilə xarakteri daşıyır. Yəni, həmin insanlarla bağlı yazılar qəzetlərdə dərc olunur və növbəti 2-3 nömrədən sonra yenə də o məsələyə qayıdılır. Bir sözlə, burada o insanların həyatı ilə bağlı faktlar, dəqiq araşdırmalar qoyulmadan yazılar verilir. Təbii ki, bu yazılara baxanda, hiss olunur ki, bu, sırf sifarişlə və yaxud da məqsədyönlü verilmiş yazılardır. Burada bir məqsəd də var ki, mətbuat orqanları ilə hakimiyyət arasında kəskin münasibət yaradılsın. Mən istəmirəm ki, həmkarlarım bu oyunların qurbanı olsunlar, yəni həmin qəzetlərin. Çünki bir çox insanlar deyir ki, "qara piar", adətən, seçki ərəfəsində olur. Bir sözlə, biz mətbuat orqanları da bu oyunun qurbanına çevrilirik. Belə hallar seçkiöncəsi daha çox müşahidə olunur. Belə iqtidarı təmsil edən insanların işi, ailə həyatı ilə bağlı belə dezinformasiyalar ardıcıl verilir.