PDF Oxu

Sosial

  • 13

BMT Ermənistana qarşı yeni bir qətnamə qəbul edə bilər

BMT Ermənistana qarşı yeni bir qətnamə qəbul edə bilər
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində bütün variantlardan, o cümlədən, diplomatik sahədə də fəaliyyətini gücləndirməkdədir. "Səs" qəzetinə açıqlamasında millət vəkili Aydın Mirzəzadə qeyd etdi ki, artıq bir neçə dəfə Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Məclisində işğal olunmuş torpaqlarla bağlı məsələlər müzakirə edilib və bununla bağlı dörd ciddi qərar da var: "Baxmayaraq ki, bu qərarların qəbul edilməməsi üçün Ermənistan çox ciddi səylər göstərib. Amma dünya ictimaiyyəti Ermənistanı işğalçı adlandırıb və Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyi tələb edib. İndiyə qədər Ermənistan bu tələbləri yerinə yetirmək istəyində deyil. Ona görə də, Azərbaycan, yəqin ki, bu ilin payızında BMT Baş Məclisinin növbəti iclasında işğal olunmuş torpaqlarla bağlı yeni bir qətnamə irəli sürəcək" Millət vəkili vurğuladı ki, qətnamə ilə bağlı artıq bir neçə ildir ki, addım atılır, Ermənistan isə bunun əleyhinə gedir. Şübhəsiz ki, bu il də yenidən Baş Məclisin bu məsələ ilə bağlı çox ciddi qərarını görəcəyik. "Azərbaycanın "işğal olunmuş ərazilərdə vəziyyətə dair" irəli sürdüyü qətnamə layihəsinin BMT Baş Assambleyasında qəbul edilməsi nə qədər realdır" sualını cavablandıran millət vəkili bildirdi ki, Azərbaycan bu məsələni müzakirəyə çıxardığı zaman özünün istəklərini beynəlxalq hüquq normaları, BMT nizamnaməsi, Baş Məclisinin qərarları çərçivəsində həyata keçirilməsinə çalışır. Bu baxımdan, Azərbaycanın edəcəyi təşəbbüslər də, şübhəsiz ki, yalnız bu arqumentlərə söykənəcək. Bir qayda olaraq, hüquqa, ədalətə söykənən niyyətlər həmişə beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. "GUAM-a daxil olan dövlətlərdə münaqişəli durumların aradan qaldırılması üçün qurumun strateji proqram irəli sürməsi nə dərəcədə mümükündür" sualına cavab olaraq, A. Mirzəzadə bildirdi ki, GUAM ciddi, proqmatik fəaliyyətli bir təşkilatdır və ora daxil olan dörd ölkənin üçünün ərazi- münaqişə problemi var. Şübhəsiz ki, bu dövlətlərin hamısı problemlərin, münaqişələrin həllində maraqlıdırlar. Gələcəkdə də bu kimi təşəbbüslərin olması gözləniləndir. Millət vəkili Rusiya və Ermənistan arasında imzalanması nəzərdə tutulan hərbi müqaviləyə də münasibət bildirdi. Qeyd etdi ki, hərbi sazişin tam mətnini gözləmək lazımdır ki, hansı niyyətlərlə müqavilə bağlanır. Əgər müqavilə Ermənistan ərazisinin müdafiəsi ilə bağlı Rusiya hərbi potensialından gedirsə, bunun Azərbaycana o qədər də təhlükəsi yoxdur. Çünki Azərbaycanın Ermənistan ərazisinə heç bir iddiası yoxdur və Azərbaycanın istəyi Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsidir. Millət vəkili vurğuladı ki, Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Rusiyanın və Ermənistanın birgə bağladığı müqavilə qüvvədə ola bilməz və Azərbaycan öz ərazisində istədiyi hərbi əməliyyatlar aparmaq hüququna malikdir.

Digər xəbərlər