Viza rejiminin ləğvi Qarabağ münaqişəsinin həllinə bağlıdır
Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğv olunması məsələsi Türkiyə prezidenti Abdullah Gülün Bakıya səfəri zamanı tərəflər arasında müzakirə olunan əsas məsələlər sırasında oldu. Qeyd edək ki, Türkiyə birtərəfli şəkildə Azərbaycan vətəndaşları üçün vizanı ləğv etsə də, hələlik, Azərbaycan tərəfi bu məsələyə dair qəti qərar qəbul etməyib. Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana səfəri bu məsələ gündəmə gəldiyindən, bununla bağlı Azərbaycan Prezidenti də öz mövqeyini açıqladı. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə isə "Biz Azərbaycanı başa düşürük. Azərbaycanın zamana ehtiyacı var" - söyləməklə yaxın perspektivdə bu məsələnin həllinin gözlənilmədiyini deyib. Onu da qeyd edək ki, Türkiyə Azərbaycanın ən yaxın tərəfdaşı olan ölkə olduğundan bir sıra hallarda viza rejiminin ləğvi ilə bağlı yekun protokolun imzalanmasının ləngiməsinə bəzi dairələr siyasi don geyindirməyə çalışırlar. Siyasi ekspertlər isə Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməməsinin səbəbini Qarabağ münaqişəsinin həlli ilə bağlayırlar. Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Qarabağ münaqişəsi həllini tapmadan Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməsi əlavə problemlərə yol aça bilər. "Əgər Türkiyə öhdəlik götürsə ki, Azərbaycanın seçdiyi istənilən variantı dəstəkləyəcək, bu halda viza rejiminin ləğv olunması ilə bağlı protokol imzalana bilər"- deyən SİTM rəhbəri bildirib ki, Qarabağ münaqişəsinin həllindən sonra viza rejiminin tamamilə ləğvi mümkündü: "Çünki bir qədər əvvəl siz özünüz də gördünüz ki, Türkiyənin DQ münaqişəsi ilə bağlı mövqeyində xeyli nöqsanlar var idi. Azərbaycan rəsmiləri sadəcə bu məsələ üzərində Türkiyə ilə çox iş apardılar və yalnız bunun sayəsində Türkiyənin hazırkı mövqeyi formalaşdı. Ona görə də viza məsələsi ilə bağlı da biz Türkiyə tərəfdən bir qədər ehtiyatlı olmalıyıq. Çünki ermənilər DQ məsələsi ilə bağlı çalışırlar ki, bizə qarşı Türkiyə üzərindən iş görsünlər". M.Əhmədoğlu qeyd edib ki, bir çox hallarda Türkiyədəki ermənilər öz maraqlarını türklərin əli ilə həyata keçirməyə çalışırlar. Buna nümunə kimi Taha Apyol və Mehmet Əli Birəndin fəaliyyətini göstərən ekspert hər iki şəxsin düşüncəsinin ermənilər tərəfindən formalaşdırıldığını qeyd edib. "Mehmet Əli Birənd anadan olduğu gündən erməni çörəyi yeyib. Taha Apyolun isə yalnız adı türk adıdı. Beyni tamamilə erməni beynidi" - deyən politoloq onu da bildirib ki, bu şəxslər viza rejimi olduğu halda gəlib Azərbaycanda erməni təbliğatı aparmağa çalışırlar: "İndi təsəvvür edin ki, viza rejimi ləğv olunsa, türk adı ilə Azərbaycana gəlib ermənilərin xeyirinə təbliğatı aparmaq istəyənlərin sayı nə qədər arta bilər".