Mais Səfərli: "Parlament seçkiləri ərəfəsi ölkədəki ictimai-siyasi vəziyyəti normal dəyərləndirirəm"
Bildiyiniz kimi, qarşıdan parlament seçkiləri gəlir, bu ərəfədə ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz? Radikal müxalifət icazəsiz aksiyalar keçirir və hakimiyyətə hədələyici mesajlar ünvanlayır. Onların arxasında xarici, antiazərbaycan maraqlı qüvvələrin dayandığını söyləmək olarmı? Bu suallara aydınlıq gətirmək üçün "Yurddaş" Partiyasının sədri Mais Səfərliyə müraciət etdik.
- Parlament seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyəti normal dəyərləndirirəm. Bildiyiniz kimi, bu gün Azərbaycanda parlament seçkilərinə müxtəlif səviyyələrdə, hazırlıqlar gedir. İstər hökumət səviyyəsində, istərsə də partiyalar səviyyəsində bir sözlə, ayrı-ayrı parlamentə qatılmaq istəyən adi vətəndaşlar səviyyəsində sözügedən seçkilərə hazırlıqlar gedir. Parlament Azərbaycanda ali qanunvericilik orqandır və Azərbaycan qanunlarla idarə olunan, demokratik hüquqi dövlətdir. Ona görə də, qanunlar qəbul edən bir orqanda təmsil olunmaq arzusunda olan insanların sayı çoxdur. Təbii ki, hər biri öz səviyyəsində hazırlıqlar aparır. Dövlət də bu seçkilərlə bağlı olaraq, hər cür şərait yaradıbdır. Hər bir kəs qanunauyğun şəkildə seçkilərə qatıla bilər, öz təbliğatını apara bilər. Hesab edirəm ki, çox normal şəkildə bu hazırlıqlar hal-hazırda davam edir. İndiki dövrdə dünya ictimaiyyətinin də diqqəti Azərbaycandadır. Çünki dünya ölkələri Azərbaycanla sıx əməkdaşlıq edir, xüsusilə də, Avropa dövlətləri. Təbii ki, onlar da Azərbaycanda parlament seçkilərinə xüsusi önəm verirlər. Fikrimcə, seçki öncəsi şərait demokratik və qanunauyğun bir şəraitdir. Yuxarıda qeyd etdiyim kimi, seçkilərə normal hazırlıq aparılır. Bir sözlə, Azərbaycanın ən böyük uğurlarından biri odur ki, postsovet məkanında ən stabil ölkələrdən biridir. Bu stabilliyin də əsasını, təməlini ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Təbii ki, bu stabilliyi İlham Əliyev də çox böyük uğurla qoruyub saxlayır. Təbii ki, bu stabillik davamlı stabillikdir. Bir sözlə, stabillik olan yerdə hər şey mümkündür. Bu gün, bizim əldə etdiyimiz yüksək iqtisadi göstəricilər və yüksək iqtisadi inkişaf da və digər sahələrdə əldə etdiyimiz uğurlar da, məhz stabilliyin üzərindədir. Yəni, Heydər Əliyevin təməlinin qoyduğu və yaratdığı stabilliyin üzərində gedir. Hesab edirəm ki, bu stabillik və demokratik şərait Azərbaycanda növbəti parlament seçkilərinin də demokratik şəraitdə keçiriləcəyindən xəbər verir.
Bu gün radikal müxalifətin arxasınca gedənlər yoxdu deyə, onlar gündəmdə qalmaq üçün, özlərinə diqqəti cəlb etmək üçün bu cür addımlara əl atırlar. Hesab edirəm ki, Azərbaycanda normal demokratik şərait var və belə şəraitdə hər cür toplantılar keçirmək mümkündür. İcazəsiz toplantıların keçirilməsinə gəldikdə isə, bir daha qeyd edirəm ki, radikal müxalifət ona görə icazəsiz aksiyalara əl atır ki, özünə diqqət cəlb etsin və hay-küy salsın. Onlar da müxalifətin bu addımlarından istifadə edirlər və dünyaya car çəkirlər ki, guya ki, Azərbaycanda demokratik ab-hava yoxdur, Azərbaycanda mitinqlər, yürüşlər keçirilməyə icazə verilmir. Amma gerçəklikdə isə belə deyil. Yəni, Azərbaycan qanunlarına uyğun olaraq, hər bir partiya, ictimai təşkilat, ictimai birlik, qeyri-hökumət təşkilatı və hər bir vətəndaş toplaşmaq azadlığına malikdir. Bundan ötrü isə, sadəcə olaraq, ayrılmış, müvafiq yerlərdə bu tədbirləri keçirə bilərlər. Amma bildiyiniz kimi, radikal müxalifət həmin ayrılmış yerlərdə mitinqlər keçirməyə razılıq vermir. Çünki arxalarında heç bir sosial bazası yoxdur.