PDF Oxu

Sosial

  • 4

Müxalifət mətbuatının qara piar kompaniyası xarici fondların sifarişidir

Müxalifət mətbuatının qara piar kompaniyası xarici fondların sifarişidir

Son zamanlar ölkədə fəaliyyət göstərən radikal müxalifət qəzetləri jurnalistlərin peşə davranış qaydalarına, eləcə də, "KİV haqqında" Qanunun tələblərinə məhəl qoymayaraq, ayrı-ayrı vətəndaşlar və hökumət nümayəndələri haqqında şər və böhtan dolu məqalələr dərc edirlər. Heç bir fakta, mənbəyə, söykənməyən məqalələrdə əsas ruhun xaricdən verilən tapşırıqların, eləcə də təsiri altında olduqları partiyaların sifarişlərini yerinə yetirilməsi olduğu açıq görünür. Söhbət etdiyimiz siyasətçilər və qəzet baş redaktorları fəaliyyətlərini məqsədli göstərişlər əsasında quran müxalifət qəzetlərini Azərbaycan mətbuatının qara səhifəsi kimi dəyərləndirdilər. 
"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli:

- Qarşıdan parlament seçkiləri gəlir. Bu parlament seçkiləri öncəsi müxalifətin məhdud sosial bazası tamamilə sıradan çıxıb. Bunun əksinə olaraq, Yeni Azərbaycan Partiyası cəmiyyətdə alternativsiz bir qüvvə kimi, geniş ictimaiyyət tərəfindən dəstəklənir. Payızda keçiriləcək parlament seçkilərində də, YAP-ın qələbə qazanacağı şəksizdir. Amma bir fakt da  var ki, hər seçki ərəfəsində olduğu kimi, bu dəfə də, müxalifət mətbuatı tərəfindən əvvəlcədən qarayaxma kampaniyasına başlanılıb. Bu baxımdan da, onlar, özlərini reklam etmək üçün ayrı-ayrı dövlət nümayəndələrini gözdən salmaq, eyni zamanda, YAP-ın potensial funksionerlərinə şər və böhtanlar atmaq üçün belə addımlar atırlar. Amma bu cür mətbu orqanların heç biri özlərində cəsarət tapıb nə konkret ünvan göstərir, nədə ki, ad çəkirlər. Çünki onların yaydığı informasiyaların hamısı dezinformasiya yığımından ibarətdir. Onların qara piarının əsas məqsədi cəmiyyətdə nüfuzu olan insanları gözdən salmağa hesablanıb. Ona görə də, ölkəmiz üçün əlamətdar hadisələr ərəfəsində biz bu cür halların şahidi olmuşuq. Amma xalq bu cür dedi-qodulara fikir verməyərək, öz qərarında həmişə düzgün olubdur. Bu baxımdan da, radikal müxalifət qəzetlərinin apardığı kampaniyanın birmənalı olaraq xaricdən maliyyələşən bir kampaniya hesab etmək olar. Çünki Azərbaycanda fəaliyyət göstərən "Soros" fondu və digər beynəlxalq qurumların təmsilçilikləri azad söz və demokratiyanın müdafiəsi adı altında birmənalı şəkildə müxalifətyönümlü QHT-lərə və qəzetlərə pul ayırırlar. Burada əsas məqsəd çirkli pulların yuyulmasından ibarətdir. Belə hallar isə yalnız pislənilir.

"Yeni Müsavat" və "Azadlıq" qəzetləri Azərbaycan mətbuatının üz qaralarıdır"

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov:

- Payızda keçiriləcək parlament seçkiləri ilə əlaqədar ölkədə mövcud olan əmin-amanlığı sabitliyi pozmaq istəyən qüvvələr yenə də dırnaqarası fəallıq nümayiş etdirməyə səy göstərirlər. Amma onların cəhdləri, həmişə olduğu kimi bu dəfə də, puç olacaq. Çünki bu gün Azərbaycan cəmiyyəti, tam müasirləşib. Ona görə də, istənilən formada qalmaqal və görüntü yaratmaq naminə atılan addımlar, səslənən böhtan dolu fikirlər, sadəcə olaraq, radikal müxalifətin iç üzünü növbəti dəfə ictimaiyyət üçün açıb göstərir. Məhz müxalifət partiyalarının tabeçiliyində olan mətbu orqanlarda istər Yeni Azərbaycan Partiyasının rəhbərlyinə, istərsə də, digər nüfuzlu şəxslərə qarşı kampaniyanın aparılması deyilənləri bir daha təsdiqləmiş olur. Onu da qeyd edim ki, bu cür hallar kənardan qaynaqlanan və  daxildə olan müəyyən qüvvələrin qızışdırılmasından sonra baş verən hallardır. Amma nəzərə almaq lazımdır ki, bütün bunların hamısı böhtan və riyakarlıqdan başqa bir şey deyil. Ölkədə mövcud olan sabitliyi və inkişafı gözləri götürmədiyindən bu cür metodlardan istifadə edib qarayaxma konpaniyası həyata keçirirlər. Eyni zamanda, radikal müxalifət təmsilçiləri bir faktı da, həzm edə bilmirlər ki, Yeni Azərbaycan Partiyasının funksionerləri xalqın gözündə ən yüksək reytinqə malik olan şəxslərdir. Onların ünvanına səslənən fikirlərin isə heç bir əhəmiyyəti və mahiyyəti yoxdur. Ona görə də, mətbuat adına yaraşmayan bəzi qəzetlərin bu cür qara piar kampaniyalardan istifadə edərək ictimai gərginlik yaratmaq cəhdlərinin qarşısı alınmalıdır. Çünki istənilən halda şəxsiyyətin təhqir və böhtana məruz qalması yolverilməzdir.

"Radikal müxalifətin seçki ərəfəsində çirkin kampaniyalara əl atması məkrli niyyətin tərkib hissəsidir"

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynov:
- Ümumiyyətlə, radikal müxalifətin mahiyyətinə, dırnaqarası taktikasına nəzər saldıqda, aydın olur ki, onlar bütün işlərini böhtan üzərində qurublar. Müxalifətin fəaliyyətində ardıcıllıq, sistemlilik, arqumentə söykənmə prinsipləri mövcud deyil. Çünki onların fəaliyyəti epizodik xarakter daşıyır. Bu baxımdan da, onların ölkəmizin mühüm bir prosesin, parlament seçki ərəfəsində olduğunu nəzərə alaraq, süni fəallıq nümayiş etdirmələri reallıqdan  uzaq bir hal hesab etməliyik. Çünki radikal müxalifətin dırnaqarası fəallaşdığı dövrlər, həmişə olduğu kimi, seçkiləri ərəfəsi və mühüm proseslər öncəsi baş verir. Bunlar əsasən ölkədə siyasi proseslər gedən ərəfədə, siyasi kampaniyalar dövründə, yalnız formal şəkildə qabarmağa başlayırlar. Digər bir mövqedən onların fəaliyyətinə nəzər saldıqda, müxalifət nümayəndələrinin hər birinin ayrı-ayrılıqda siyasi partiya rəhbəri və ciddi bir siyasətçi kimi konkret məqsədə xidmət etmədiklərini müşahidə etmək mümkün olur. Ona görə də, bu adamların fəaliyyətləri yox, arzuları və iddiaları potensial imkanlarından, qabiliyyətlərindən dəfələrlə yüksəkdir. Yəni bu gün müxalifətçilikdən və qaragrühçuluqdan danışan insanlar müəyyən sifarişləri yerinə yetirməklə öz fəaliyyətlərini nümayiş etdirməyə çalışırlar. Ona görə də, radikal müxalifət nümayəndələri daha çox tabeçiliklərində olan mətbu orqanlarda Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, ayrı-ayrı hökumət nümayəndələrinə qarşı şər və böhtan dolu yazılar dərc etdirirlər. Onların məhz ölkəmizdə mühüm bir proses ərəfəsində süni fəallıq nümayiş etdirmələri və bunun ardınca belə çirkin kampaniyalara əl atmaları məkrli niyyətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Çünki radikal müxalifət funksionerləri özləri də bilirlər ki, onların cəmiyyət arasında heç bir nufuzları qalmayıb. Məhz YAP nümayəndələrinə və özlərindən qat-qat üstün şəxslərə qarşı qara piar kampaniyasının həyata keçirilməsi isə qaragüruhluqdan doğan məsələdir. Onlar bu cür variantlarla özlərinə bu və ya digər formada dividendlər əldə etməyə çalışırlar. Amma bütün bunlara baxmayaraq, cəmiyyətimiz belə üzdəniraq ünsürlərə qarşı öz mövqeyini çoxdan bəlli edib. Ona görə də, radikal müxalifət təmsilçilərinin gündə bir formada mövqe sərgilməsi özlərinin iç üzünün ifşa olunmasından başqa bir prinsipə əsaslanmır.

"Müxalifət bu cür ucuz şoulardan istifadə etməklə reklam olunmağa çalışır"

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu:
- Azərbaycan olduqca mühüm bir ictimai-siyasi hadisə ərfəsindədir. Bu ərəfədə müxalifət qəzetləri də başa düşürlər ki, onların heç bir ictimai populyarlığı yoxdur. Ona görə də,  müxalifət nümayəndələri tabeçiliklərində olan mətbu orqanlarda özlərini gündəmə gətirmək üçün belə bir reklam şousu yaratmağa səy göstərirlər. Amma onu da qeyd etmək lazımdır ki, bu kampaniya sırf təsadüf nəticəsində meydana gəlməyib. Bu kampaniya ayrı-ayrı xaricdə formalaşmış və bizim milli maraqlarımıza zidd olan ideoloji qurupların verdiyi təlimatları əsasında başlanıb. Hesab edirəm ki, Azərbaycanın inkişafında, dövlətimizin təməl problemlərinin, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində maraqlı olmayan ayrı-ayrı güc mərkəzlərinin sifarişi əsasında yerlərdəki müxalifət adlandırdığımız nümayəndələr vasitəsilə təbliğat aparılır. Hesab edirəm ki, müxalifət mətbuatı tərəfidən aparılan bu təbliğat milli əsası olmadığına, xalqa söykənmədiyinə görə, sabun köpüyü kimi yoxa çıxacaq. Çünki xalq bu gün  ucuz şouların mahiyyətini köklü şəkildə rədd edir.

"Şər və böhtan mətbuat etikasına, müasir jurnalistikanın prinsiplərinə zidd olan addımlardır"

Milltə vəkili, Böyük Quruluş Partiyasının sədri
Fazil Mustafa:
- Yeni Azərbaycan Partiyasının rəhbərliyinə qarşı yönələn böhtan və şantaj xarakterli yazılar çirkin niyyətin bariz nümunəsidir. Eyni zamanda, onlar təkcə YAP-a qarşı olan yazıları ilə kifayətlənməyərək, ümumiyyətlə, o cinahda, onlarla bir yerdə olmayan insanlara şər və böhtan atmaqdan çəkinmirlər. Amma onlar nəzərə almırlar ki, bu cür yanaşmalar çox yanlışdır. Düşünürəm ki, bu adamlar əvvəl-axır islah olunmalıdırlar. Bu cür mətbuat nümayəndələri düşünməlidirlər ki, fakt varsa, insanlarla bağlı hansısa bir hadisə və yaxud əldə olan əsas varsa, bu variantlarda onlara nüfuz gətirə bilər. Məhz belə variantlarla isə  böhtan və təhqir yolu tutanların aqibəti isə acınacaqlıdır. Bu baxımdan mən bu yanaşmanı yanlış hesab edirəm. Hər halda bu, mətbuat etikasına, müasir jurnalistikanın prinsiplərinə zidd olan addımlardır. Onların arxasında hər hansı xarici donor təşkilatların dayanmalarına baxmayaraq, hər-halda bir daxili mədəniyyət olmalıdır ki, ən azı başqasını söyürsənsə, özündə eyni söyüşü eşidə bilərsən, başqasını böhtan atırsansa, özündə  daha sərt cavab eşidəcəksən. Ona görə də, mədəni adamlar, özünü düşünən adamlar bu cür addımlara yol verməməlidirlər.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:
- Ölkəmizdə keçirilən hər seçki prosesində müxalifət mətbuatı tərəfindən belə piarlardan istifadə olunur. İndiki halda da, seçki öncəsi məhz belə bir qara piyar kampaniyasına start verilib. Amma bu cür hallar jurnalist peşəkarlığına uyğun gəlməyən təzahürlərdir. Digər bir tərəfdən isə bu xüsusiyyətlər və bəzi mətbu orqanların həddən artıq siyasiləşməsi də məsələnin mahiyyətini tamamilə dəyişə bilər. Ona görə də, bu cür qara piar kampaniyalarından mətbuat istifadə etməməlidir. Mətbuat hansısa intiriqaların ayna müstəvisinə, şəxsiyyətin alçaldılmasına yönəlməməlidir. Biz mətbuat nümayəndələri bu cür hallara qarşı çox mənfi münasibət bəsləyirik. Məsələ ondadır ki, xarici mənbələrdən maliyyələşən təşkilatlar və qəzetlərin kənar təsiri altına düşməməsi də inandırıcı görünmür. Çünki onlar, sadəcə olaraq, hər şeyi obrazlı formada cəmiyyətə təqdim etməyə çalışırlar.

Digər xəbərlər